Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baxmutda cəhənnəm yaşanır - Hər iki tərəf vəziyyətin ağır olduğunu bildirir

"Baxmutda vəziyyət çox ağırdır, Ukrayna Silahlı Qüvvələri durmadan şəhərə yeni ehtiyatlar atırlar".

Pressklub.az xəbər verir ki, bunu "Vaqner" qruplaşmasının başçısı Yevgeni Priqojin bildirib.

“...Vəziyyət ağırdır, çox ağırdır, düşmən hər metr uğrunda döyüşür və biz şəhərin mərkəzinə yaxınlaşdıqca döyüşlər getdikcə şiddətlənir. Bizə artilleriyadan daha çox zərbə endirilər, üstümüzə daha çox tank gəlir. Ukraynalılar şəhərə tükənməyən ehtiyat atırlar”, – Priqojin öz mətbuat xidməti vasitəsilə bəyanat yayıb.

Bu arada Ukrayna tərəfi də vəziyyətin pis olduğundan şikayətlənir. Ukrayna Silahlı Qüvvələrinin komandirlərindən biri deyir ki, Baxmutu müdafiə edən qüvvələr mühasirəyə düşə bilərlər.

"Logistika olmadan heç nə yoxdur, nə əlavə qüvvələr, nə dəstək. Düşmən bunu bilir və yolu kəsməyə çalışır. Biz başa düşürük ki, 2015-ci ildə Debaltsevoda olduğu kimi mühasirəyə düşə bilərik", - deyə Denis Yaroslavski bildirib.

Onun sözlərinə görə, hazırda küçə döyüşləri gedir: "Hər döngə uğrunda döyüş gedir. Düşmən bir həftə yarım ərzində 1,5 kilometr irəliləyib. Təhlükə ondadır ki, bizi mühasirəyə almaq üçün 4 kilometr məsafə qalıb".

O, həmçinin qeyd edib ki, hazırda Baxmutda "Vaqner" qruplaşmasının məhv edilməsi prosesi davam edir: "Onları orada məhv etmək qərarı qəbul edilib. Biz Avropada təlim görmüş hərbçiləri gözləyirik. Onların hesabına 4 kilometrlik məsafəni böyütməyi nəzərdə tuturuq".