Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda suya qənaətin rəsmi izahı…

Bu yaxınlarda "Azərsu" ASC-də sudan səmərəli və qənaətlə istifadə edilməsinə, bu sahədə təhlillərin aparılmasına dair xüsusi iclas keçirildiyi bildirilir. Qurumdan açıqlamalara görə, təhlil və araşdırmalar aparılaraq qərar verilib ki, itkilər olan ərazilərdə suyun verilməsi qrafikində dəyişiklik olunsun, ona qənaət edilsin.

Sosial şəbəkələrdə də Bakının bəzi rayonlarında artıq suyun müəyyən saatlarda verildiyi yazılır.

Rəsmi məlumata görə, ümumilikdə abonentlərin 81.7 faizi fasiləsiz içməli su ilə təmin edilir.

"Samur çayında su iki dəfə azalıb"


"Azərsu" ASC-dən "Turan"a bildirilib ki, fevralın əvvəlindən Bakıətrafı ərazilərə içməli su yeni qrafiklə verilməyə başlanılıb: "Bu ilin payız və qış mövsümündə, Azərbaycanda yağıntıların miqdarı ötən illə müqayisədə təxminən iki dəfə az düşüb. Bakının su təchizatının 50 faizindən çoxu Ceyranbatanın mənbəyi hesabına təmin olunur. Ceyranbatan gölü də Taxtakörpü anbarından qidalanır. Taxtakörpü su anbarında 50 milyon kubmetr su ehtiyatı qalmasına görə suyun verilişində qənaət rejimi tətbiq olunur".

Xatırladılıb ki, hələ 2020-ci ildə Prezident İlham Əliyev "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb: "Bu sərəncama əsasən, komissiya yaradılıb. Komissiyanın son səfəri şimal bölgəsinə olub. Məlum olub ki, Samur çayında sululuq iki dəfə azalıb, Taxtakörpü su anbarında isə ötən illə müqayisədə 3.5 dəfə su azalıb. Ona görə də komissiyanın iclasında qərar verilib ki, mənbələrdən götürülən su həcmi azaldılsın".

"Gecə saatlarında məhdudiyyətlər olacaq"


Qurumdan vurğulanıb ki, Bakının Suraxanı, Sabunçu, Binəqədi rayonları, Abşeron və digər ətraf ərazilərdə qrafikə görə 24 saat su verilirdisə, gecə saatlarında məhdudiyyətlər olacaq: "14 saat su verilirdisə, bu, 10 saata salınacaq. Hansı ərazidə su 12 saat verilirsə, bu, 8 saata salınacaq".

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin prezidenti İlqar Hüseynli isə AzadlıqRadiosuna bildirib ki, BMT dünyada qlobal su böhranı ilə bağlı hesabat hazırlayıb: "Həmin hesabata görə, 2030-cu ilə qədər dünyanın ciddi su problemi ilə üzləşəcəyi proqnozlaşdırılır və ən çox su problemindən əziyyət çəkən ölkələrin sırasında Azərbaycanın da adı var".

Ekspertin sözlərinə görə, Azərbaycanın böyük su mənbələri üzərində çox ciddi narahatlıqlar var: "Bakı şəhərinin böyük bir hissəsi Kür suyu ilə təmin edilir. Kür çayında suyun azalması, Kürün deltasının son dərəcədə çirklənməsi öz rolunu oynamaqdadır".

"Şollar və Oğuz-Qəbələ…"


O qeyd edib ki, Bakı şəhərinin digər hissələri Ceyranbatan su hövzəsindən, Bakı-Oğuz-Qəbələ su kəməri və köhnə Şollar su sistemi vasitəsilə su ilə təmin edilir: "Şollar və Oğuz-Qəbələ su kəmərinin su mənbəyində su ehtiyatların azalması ciddi şəkildə müşahidə olunur, amma, hələlik, Ceyranbatan su hövzəsində ehtiyatlarımız var".

İ.Hüseynlinin fikrincə, Bakıda su təchizatı ilə bağlı problemin kökündə dayanan məsələ qeyri-proporsional və hesablanmamış urbanizasiyadır: "Bundan öncə Bakı şəhərində bu qədər insan məskunlaşmamışdı. Əgər əvvəl su sistemlərimiz 2 milyonluq şəhər üçün nəzərdə tutulmuşdusa, artıq Bakı və Bakıətrafı kəndlərində əhalinin sayı əhəmiyyətli dərəcədə artıb".

"Oliqarxlar çox böyük sayda aqrar sahələr yaradıblar"


O hesab edir ki, sudan doğru istifadə olunmur: "Bakı şəhərinin ətraf kəndlərində oliqarxlar çox böyük sayda aqrar sahələr yaradıblar. Burada zeytun bağları, meyvə bağları, istixanalar və digər təsərrüfatlar var. Onlar suya olan tələbatı artırır".

Ekspert suyun bahalaşacağını da istisna etmir: ""Suyumuz çatmır", "suya qənaət" fikirləri səslənir və dalınca da qiymətin artırılması ola bilər".

Hələlik, bu məsələyə Tarif Şurasından münasibət almaq mümkün olmayıb.

Azərbaycanda su sonuncu dəfə 2021-ci il fevralın 1-dən bahalaşıb. Onda su, nə az, nə çox, düz iki dəfə bahalaşmışdı. Hazırda suyun 1 tonu 1 manatdır.