Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda "Georgiyev lenti" aksiyası? - İnsanlar narazıdır


Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi Bakıda yerləşən Rus Evinin dəstəyi ilə aprelin 30-da "Georgiyev lenti" aksiyası keçirəcəyini bəyan edib. Bu barədə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəsmi Twitter hesabında məlumat verilib.





Aksiya ilə bağlı xəbər sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi narazılıqla qarşılanıb.





Sosial şəbəkə istifadəçiləri bunu "rəzillik" adlandıraraq, bu tədbirin qarşısının "alınmalı olduğunu" bildiriblər.


"Georgiyev lenti" aksiyasi 2005-ci ildən etibarən Rusiya hökuməti tərəfindən beynəlxalq səviyyədə keçirilir.




Aksiya öz adını 1769-cu ildə Rusiya çariçası İkinci Yekaterinanın göstərişi ilə təsis edilən Müqəddəs Georgiyev Ordenindən götürüb.





2005-ci ildən sonra isə "Georgiyev lenti" aksiyası daha çox İkinci Dünya Müharibəsində 9 May qələbəsinin simvolu kimi göstərilib.





Lentdə əks olunan narıncı rəng alovu, qara rəng isə tüstünü simvolizə edir.





Bakı şəhər İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar və ümumi şöbəsindən BBC-yə bildirilib ki, "Georgiyev lenti" aksiyası ilə bağlı onlara heç bir müraciət daxil olmayıb.





"Bütün növ toplantı, aksiya, nümayiş, yürüş, piket keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməli və icazə alınmalıdır. Bu proseslər sərbəst toplaşma haqqında qanunla tənzimlənir.





"Georgiev lenti" aksiyası ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb", şöbədən bildirilib.





Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC-yə deyib ki, əgər aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıbsa, şənbə günü keçirilməsi planlaşdırılan bu aksiya qanunsuz sayılacaq və qarşısı alınacaq.





O, əlavə edib ki, Daxili İşlər Nazirliyi yalnız Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan aksiyalarda iştirakçıların təhlükəsizliyini təmin edir.





"Əks halda isə bu cür tədbirlərin keçirilməsinə icazə verilmir", Ehsan Zahidov deyib.





Daha çox keçmiş Sovet ölkələrində keçirilən belə aksiyalar, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra həmin dövlətlərdə, eləcə də Avropada "neo-faşizmin və Rusiya təbliğatı"nın rəmzi kimi qəbul edilir.





BBC Ruscanın yaydığı xəbərə görə, bugünədək Moldova, Ukrayna, Latviya, Litva və Estoniyada "Georgiyev lenti" aksiyası və bu lentin paylanılması rəsmi olaraq qadağan edilib. Gürcüstan, Qazaxıstan, hətta Belarusda üstüörtülü şəkildə bu aksiyanın keçirilməsinə icazə verilmir.





Azərbaycanda 2014-cü ildə keçirilən "Georgiyev lenti" aksiyası ölkədə ciddi narazılıqlara səbəb olmuşdu. Bundan sonra Azərbaycanda da bu aksiyanın qadağan edilməsi gündəmə gəlsə də, hələlik bununla bağlı rəsmi qərar qəbul edilməyib.