Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı razılıq olduğunu, Yerevansa olmadığını deyir

Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirən yola Rusiya Federeal Təhlükəsizlik Xidməti (FTX) sərhədçilərinin nəzarət edəcəyi ilə bağlı razılıq əldə olunmasını Yerevan təsdiqləmir.

"Azadtutyun" un yazdığına görə, “Armenpress”in sorğusuna cavab olaraq Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bu məsələni təkzib ediblər.

“Üçtərəfli işçi qrupun müzakirələri zamanı, o cümlədən son görüşdə belə bir razılıq əldə olunmayıb. Ermənistanın mövqeyi belə idi və belə də qalır ki, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan yollar tərəflərin suverenliyi və yurisdiksiyası altında, qarşılıqlılıq prinsipi əsasında fəaliyyət göstərir”, - Ermənistan baş naziri müavininin ofisi qeyd edib.

Iyunun 10-da əvvəl Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev yerli mediaya açıqlamasında deyib ki, üçtərəfli bəyanata əsasən Naxçıvana gedən yola nəzarəti Rusiya FTX-nin sərhəd xidməti həyata keçirəcək.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə iyunun 5-də ölkənin ictimai televiziyasına müsahibəsində deyib ki, Azərbaycanla kommunikasiyaların açılacağı təqdirdə, bütün sərhəd xidməti yalnız Ermənistan sərhədçiləri tərəfindən həyata keçiriləcək.

Qriqoryanın bəyanatından belə çıxır ki, Yerevan Rusiya FTX-nin xidmətindən imtina edir.

Rusiya Xarici işlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə iyunun 7-də keçirdiyi brifinqdə deyib ki, "... bu məsələ Ermənistan, Azərbaycan və Rusiyanın baş nazir müavinləri tərəfindən predmetli şəkildə işlənib hazırlanır. Buna görə də kənardan verilən belə şərhlərə reaksiya göstərməyi düzgün saymıram”.

İyunun 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupun növbəti toplantısı keçirilib.