Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın və Ermənistanın media üzrə şuraları: ilk addımlar atıldı 

“Nifrət dilindən uzaqlaşmaq” – Azərbaycanda Mətbuat Şurası, Ermənistanda isə “KİV etikası üzrə Müşahidə Şurası” adı ilə eyni funksiya yerinə yetirən jurnalist təşkilatları məhz bu məsələ ətrafında müzakirəyə başlayıblar. Hələlik müzakirə virtual xarakter daşıyır, amma uzun düşmənçilik tarixinə malik iki ölkənin media qurumlarının tezliklə “ortaq dil” axtarışına başlayacaqları istisna deyil.   

Bir müddət öncə Azərbaycan MŞ yerli medianı münaqişəyə dair “hər təqdimatın həssaslıq dərəcəsi barədə” düşünməyə çağırmış və erməni həmkarlarını onun təşəbbüsünə qoşulmağa dəvət etmişdi. Redaktorlarla geniş müzakirədən sonra Ermənistan Müşahidə Şurası həmin təklifə cavab göndərib. 

Müşahidə Şurasının bəyanatında bildirilir ki, onun qəbul etdiyi Etik Kodeksdə də jurnalistləri milli, dini düşmənçilikdən və dözümsüzlükdən çəkindirən maddələr var. Eyni zamanda özünütənzimləmə mexanizminin səmərəliyini artırmağa böyük ehtiyac duyulduğunu Yerevanda da dərk edirlər: 

“Ümidvarıq ki, Azərbaycan MŞ-nın təşəbbüsü jurnalistlərin çıxışlarında, rəsmi şəxslərin bəyanatlarında nifrət dərəcəsinin və aqressiv ritorikanın zəiflədilməsinə xidmət edəcək. Bu istiqamətdə birgə çalışmaq imkanlarını nəzərdən keçirməyə hazırıq. 

Ölkələrimiz arasında dərin siyasi ziddiyyətlər olduğunun fərqindəyik. Bununla belə, hesab edirik ki, dözümsüzlüyü, cəmiyyətlərdə hökm sürən stereotip təsəvvürləri aradan qaldırmaq vacibdir və münaqişəyə qarşılıqlı maraqlar əsasında son qoymağın, bölgədə sülhü təmin etməyin əsas şərtlərindən biridir”.

Ermənistan Müşahidə Şurasında əmindirlər ki, real nəticələr əldə etmək üçün belə bəyanatların ardınca keyfiyyətli jurnalistikanın bütün prinsiplərinə uyğun praktik addımlar atılmalıdır. Sənəddə deyilir:

“Əgər Azərbaycan Mətbuat Şurası bu yanaşma ilə razıdırsa, bizim özünütənzimləmə qurumumuz mümkün əməkdaşlığın konkret forma və üsulları barədə öz təsisçiləri ilə məsləhətləşmələr aparmağa və sonra təklifləri birgə müzakirə etməyə hazırdır”.