Azərbaycanda polis yol qəzasında öldü
04 İyun 2022
Daxili İşlər Nazirliyi Şəmkirdə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN-dən verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində “LADA” markalı minik avtomobilinin ağaca çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1998-ci il təvəllüdlü Adilzadə İsmət Süleyman oğlunun və sərnişin, 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan Vəzirxan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.