Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda 107 min insan "müasir kölə" kimi yaşayır

“Qlobal köləlik indeksi”nə dair yeni bilgilər açıqlanıb. Bu indeksi Beynəlxalq Əmək Təşkilatı, Walk Free Fondu və Beynəlxalq Miqrasiya təşkilatı hazırlayır. “Müasir köləlik” deyərkən, məcburi əməklə məşğul olmaq, borca işləmək, insan alverinin qurbanı olmaq, seksual istismar və eləcə də məcburi nikah halları nəzərdə tutulur.

Başqa deyimlə, bu halları yaşayan şəxslər “müasir kölə” sayılır. Hesabatda vurğulanır ki, klassik köləlikdən fərqli olaraq, müasir köləlik bir insanın başqa bir insanın mülkiyyəti olmasından daha çox, şərait və iqtisadiyyatın köləsi olmaq kimi anlaşılır.

Adıçəkilən indeks sadalanan hallara dünyanın 160 ölkəsində məruz qalan şəxslərin sayını hesablamağa çalışır. İndeksə iki əsas reytinq göstəricisi daxil edilir. Bunlar toplam əhali sayı içində kölələrin faizi və kölə kimi yaşayanların ümumi sayıdır. Araşdırma çərçivəsində hökumətlərin müasir köləlik halları ilə mübarizə üsulları da gözdən keçirilir.

Dünyada nə qədər kölə var?

Hesabatın nəticələrinə görə, hazırda dünyada 50 milyona yaxın insan “müasir kölə” sayıla bilər. Bu o deməkdir ki, dünya əhalisinin, az qala, hər 150 nəfərindən biri müasir kölə durumundadır. Bu 50 milyon “kölə”nin 27 milyon 600 min nəfəri zorla çalışdırılan şəxslər, yerdə qalanı zorla evləndirilənlərdir. Deməli, zorla çalışdırılmaq və zorla evləndirilmək indi müasir köləliyin ən geniş yayılmış biçimləridir.

Müasir köləliyin ən çox yayıldığı ölkə Şimali Koreyadır. Araşdırmaya görə, Şimali Koreyadakı hər min nəfərin 104-ü müasir kölə durumunda yaşamaqdadır. Eyni göstəriciyə görə ilk üçlükdəki digər ilki ölkə Eritreya (hər min nəfərin 90-ı) və Mavritaniyadır (hər min nəfərin 32-si). Müasir köləliyin ən çox yayıldığı ilk beş ölkə arasında Türkiyə də var.

Araşdırmaya görə, burada əhalinin hər min nəfərindən 15.6-sını müasir kölə saymaq olar. Türkiyədə göstəricinin yüksək olması əmək bazarında miqrant istismarı və eyni zamanda qadınlara qarşı zorakılıq hallarının geniş yayılmasından qaynaqlanır. Müasir köləliyin ən çox yayıldığı bölgə isə Ərəbistan yarımadasıdır.

Müasir köləliyin ən az yayıldığı ölkə adını İsveçrə qazanıb. Burada hər min nəfərə düşən köləlik göstəricisi birin altındadır. Ən yaxşı nəticə göstərən ölkələrin ilk üçlüyünə Norveç və Almaniya da daxildir. Müasir köləliyin ən az yayıldığı ilk on ölkə, Yaponiya çıxılsa, qərbi və şimali Avropa ölkələridir.

Araşdırma nəticəsində bəlli olub ki, müasir köləlikdən çox əziyyət çəkən qruplara qadınlar, uşaqlar və miqrantlar daxildir. Müasir köləlikdən əziyyət çəkənlərin yarısından çoxu qadınlardır. Müasir kölələr arasında uşaqların sayı 12 milyon civarındadır.

Azərbaycanda durum necədir?

Adıçəkilən hesabatda Azərbaycanla bağlı göstəricilərə də yer verilib. Həmin rəqəmlərə görə, ölkədə hər min nəfərə düşən müasir köləlik göstəricisi 10.6-dır. Bu o deməkdir ki, Azərbaycanda 107 min nəfər müasir köləlikdən əziyyət çəkir.

Başqa deyimlə, o sayda insan məcburi əməklə məşğul olmaq, borca işləmək, insan alverinin qurbanı olmaq, seksual istismar və eləcə də məcburi nikah halları kimi duruma məruz qalır. Azərbaycanın göstəricisi yerləşdiyi bölgədə ən yüksəklərdən sayıla bilər. Avropa və Mərkəzi Asiya bölgəsindəki toplam 47 ölkə arasında Azərbaycan müasir köləlik göstəricisinin ən yüksək olduğu 10-cu ölkədir.

Azərbaycanla eyni regionda yerləşən Ermənistan və Gürcüstanda mövcud durum Azərbaycanla müqayisədə nisbətən yaxşıdır. Ermənistanda əhalinin hər min nəfərinə düşən müasir köləlik göstəricisi 8.9-dur və Azərbaycanla müqayisədə 16 faiz azdır. Güney Qafqazda ən yaxşı nəticə Gürcüstana aiddir. Burada əhalinin hər min nəfərinə düşən müasir köləlik göstəricisi 7.8-dir və Azərbaycanla müqayisədə 26 faiz azdır.

Mövcud durum necədir?

Azərbaycanda müasir köləlik çərçivəsində qiymətləndirilən halların bir çoxu barədə dolğun bilgilər açıqlanmır.

ABŞ Dövlət Departeminin insan alveri ilə bağlı ötənilki hesabatında bildirilir ki, insan alverçiləri Azərbaycanda yerli və əcnəbi qurbanları istismar edir, eləcə də Azərbaycandan olan qurbanları xaricdə istismar edirlər.

İnsan alverçiləri azərbaycanlı kişi və oğlanları ölkə daxilində, Qətər, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məcburi əməyə cəlb edirlər. İnsan alverçiləri Azərbaycandan olan qadın və uşaqları ölkə daxilində, İran, Malayziya, Pakistan, Qətər, Rusiya, Türkiyə və BƏƏ-də cinsi istismar alətinə çevirirlər.

Çin Xalq Respublikası, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan olan qurbanlarsa həm cinsi istismar məqsədli ticarətə, həm də məcburi əməyə cəlb edilirlər.

Dövlət departamentinin hesabatında o da bildirilir ki, əvvəlki illərdə Azərbaycan Mərkəzi Asiyadan İran, Türkiyə və BƏƏ-yə cinsi istismar və zorla işlətmək üçün qurbanların aparıldığı tranzit ölkə rolunu oynayıb. İndi burada bəzi uşaqlar məcburi dilənçiliyə və yol kənarında, çayxana və şadlıq evlərində məcburi əməyə cəlb edilirlər.

Neft mədənlərində çalışanlar uzun iş növbəsində işlədiklərinə, əmək pozuntularına məruz qaldıqlarına, maaşları və illik məzuniyyətləri saxlanıldığına görə məcburi əməyə həssasdırlar. Ayrı-ayrı mənbələrin bilgisinə görə, 2018-ci ildə yerli məmurlar dövlət sektorundakı bəzi işçiləri məcburi şəkildə pambıq yığımına aparıblarmış.