Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan həbs edilmiş jurnalistlərin sayına görə Avropa ölkələri arasında ilk beşlikdə yer alır

Mənbə: Turan

Azərbaycan həbsdə olan jurnalistlərin sayının ən çox olduğu Avropa ölkələri beşliyinə daxildir. Bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) illik hesabatında deyilir.

Araşdırmaya əsasən, 2024-cü ildə dünyada ümumilikdə 516 jurnalist həbs olunub. Əvvəlki illərlə müqayisədə kəskin artım qeydə alınıb - 2023-cü ildə 427, 2022-ci ildə 375 jurnalist həbs olunub.

Çin jurnalistlər üçün ən böyük həbsxana olaraq qalmaqdadır, burada 135 KİV işçisi barmaqlıqlar arxasındadır.

Daha sonra 59 fələstinli jurnalistlə İsrail və 44 mətbuat işçisi ilə Myanma gəlir.

Azərbaycanda hazırda 25 jurnalist həbsdədir, daha bir azərbaycanlı jurnalist - Əfqan Sadıqov Bakının sorğusu ilə Gürcüstanda həbs edilib.

Azərbaycan həbsdə olan jurnalistlərin sayına görə Avropada Rusiya (38), Belarus (30), Ukrayna (28) və Türkiyə (20) ilə birlikdə ilk beş ölkə arasında yer alır.

2024-cü ildə dünyada 122 jurnalist və KİV işçisi öldürülüb, onlardan 14-ü qadınlardır.

Federasiya ötən ili jurnalistlər üçün ən ölümcül illərdən biri kimi qiymətləndirib. Hesabata əsasən, Yaxın Şərqdə və ərəb dünyasında 77 jurnalist öldürülüb. Afrikada 10, Amerikda 9 və Avropada 4 KİV işçisi öldürülüb.

IFJ BMT-nin Jurnalistlərin Müdafiəsi haqqında Beynəlxalq Konvensiyasının təcili qəbul edilməsi zərurətini təsdiq edib.