Azərbaycan-Ermənistan münasibətləri: Moskvadan nə gözlənilir?
24 May 2023
Mayın 25-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü gözlənilir. Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl deyib ki, Moskvadan bu tərkibdə görüşlə bağlı təklif alıblar.
Azərbaycan Prezidenti İlham Əliyev də çərçənbə axşamı deyib ki, qarşıdan gələn dövrlərdə Ermənistan tərəfi ilə görüşəcək. O, Bakıda ATƏT Parlament Assambleyasının sədri Margareta Cederfelt-i qəbul edərkən vurğulayıb ki, bu görüş müxtəlif beynəlxalq tədbirlər çərçivəsində olacaq.
Moksva görüşü ərəfəsində, bazar ertəsi keçirdiyi mətbuat konfransında Nikol Paşinyan bildirib ki, Yerevan Azərbaycanın Dağlıq Qarabağın və Azərbaycanın Ermənistandakı anklavlarının da daxil olduğu ərazi bütövlüyünü tanımağa hazırdı və əlavə edib ki, “bir-birlərini düzgün anlayırlarsa”, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü 29,8 min kvadrat kilometr çərçivəsində tanımağa hazırdı.
Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıya biləcəyi ilə bağlı açıqlamasından sonra separatçı Dağlıq Qarabağ parlamenti bazar ertəsi axşam saatlarında fövqəladə iclas keçirərək, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın “suverenliyinə” və onun öz müqəddəratını təyinetmə hüququna məhəl qoymayan hər hansı bəyanatı və ya sazişi “etibarsız” hesab edən qətnamə qəbul edib.
Separatçı Dağlıq Qarabağ parlamenti regionun öz müqəddəratını təyin etmək uğrunda mübarizəsindən heç vaxt əl çəkməyəcəyini bildirib və bütün dünya ermənilərini hazırkı Ermənistan hökumətinin Qarabağı və Ermənistan ərazilərini Azərbaycana verməsinin qarşısını almağa çağırıb.
“DQR Prezidenti” Arayik Arutyunyan vilayət parlamentinin bu bəyanatını dəstəkləyib. Arutyunyan dünən deyib ki, Qarabağın suverenliyinə və Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna məhəl qoymayan sənədlər və ya bəyanatlar “qəbuledilməzdir”.
“Bəli, vəziyyət ağırdır, amma çıxılmaz deyil. "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb və olmayacaq. Bu, xalqımızın iradəsidir", - Arutyunyan bildirib.
Erməni Kilsəsinin Ali Ruhani Şurası bəyanat yayaraq Ermənistan baş nazirinin və hökumətinin mövqeyinin “təhlükəli və qəbuledilməz” olduğunu bildirib.
Bakı hələlik bu bəyanatlara cavab verməyib, amma buna qədər dəfələrlə bəyan edib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində hər hansı muxtariyyət yaradılmayacaq və ya Qarabağ ermənilərinə xüsusi status verilməyəcək.
Rəsmi Yerevanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bəyan etməsi ilk dəfə deyil. Hər iki ölkə ötən ilin payızında Praqada ilk dəfə bir-birlərinin BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq etmişdilər, Fransa Prezidentinin saytı yazmışdı. İkinci dəfə tərəflərin bu mövqeyini Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel səsləndirərək demişdi ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadrat kilometr çərçivəsində, Azərbaycanın Ermənistan ərazisini 29,8 min kvadrat kilometr çərçivəsində tanıdığını təsdiq edir.
Bazar ertəsi keçirdiyi mətbuat konfransında Paşinyan bir addım da irəli gedərək keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan sərhədləri çərçivəsində tanıya biləcəyini bəyan edib.
Rusiya Prezidenti Vladimir Putinin Paşinyanın bu bəyanatına reaksiyası bəlli deyil, amma məhz Praqa görüşündən sonra Putin keçirdiyi Valday forumunda açıq tezizlə bildirmişdi ki, “Vaşinqton variantı” (o, Praqa görüşündəki bəyanatı belə adlandırıb -BBC) Qarabağ üzərində Azərbaycanın suverenliyini əks etdirir.
"Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Washington variantını seçməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır", - Putin demişdi.
Rəsmi Bakı Qarabağ məsələsində birmövqelidir: bunu öz daxili məsələsi sayır və Qarabağda yaşayan ermənilərlə yaranmış münaqişəni hər hansı vasitəçisiz çözmək tərəfdarıdır, eyni zamanda onlara əlahiddə status verilməyəcəyini dəfələrlə bəyan edib.
Rəsmi Bakı artıq Qarabağ erməniləri ilə danışıq aparmaq üçün xüsusi nümayəndə təyin edib və iki dəfə onların təmsilçilərini Bakıya danışıqlara çağırıb. Qarşı tərəf isə təhlükləsizliliyi əsas gətirərək bu görüşdən imtina edib.
Bundan başqa, Azərbaycan aprel ayında Qarabağ ermənilərinin Stepanakert adlandırdığı Xankəndini Ermənistana bağlayan Laçın dəhlizinin girişində öz sərhəd-buraxılış məntəqəsini quraraq ərazi bütövlüyünü bərpa etdiyini açıqlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıda olarkən keçirdiyi mətbuat konfransında belə bir sərhəd-buraxılış məntəqəsinin qurulmasını uyğun saymamışdı.
Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin də Moskvada görüşəcəyi gözlənilir. Bunu Rusiyanın “Kommersant” saytı yazıb.
Məqalədə deyilir ki, baş nazir müavinləri regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, o cümlədən Azərbaycan və onun Naxçıvanla arasında Ermənistan üzərindən nəqliyyat əlaqəsinin açılması məsələsini müzakirə edəcəklər.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bir neçə gün əvvəl TASS-a bildirmişdi ki, üçtərəfli işçi qrupunun növbəti təkbətək görüşünün vaxtı və yeri üç ölkənin baş nazirinin müavinlərinin məsləhətləşmələrindən sonra müəyyənləşəcək.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bazar ertəsi bildirib ki, mayın əvvəlində keçirilmiş 4 günlük Vaşinqton (Washington) danışıqlarından sonra Yerevan və Bakı nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsinin yekun həllinə yaxındırlar.
“Biz başa düşürük ki, bu, tərəflərin suverenliyi, yurisdiksiyası, bərabərliyi və qarşılıqlı prinsipləri əsasında baş verməlidir”, - o, Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Docherty ilə birgə mətbuat konfransında bildirib, Ermənistanın Mediamaks saytı yazıb.
Ararat Mirzoyan əlavə edib ki, sülh müqaviləsi layihəsinin daha iki maddəsi Vaşinqtonda razılaşdırılıb:
“Vaşinqtonda müəyyən irəliləyiş əldə olunub ki, daha iki maddə üzrə razılığa gəlmək, bir neçə maddə üzrə isə uzun və səmimi söhbət etmək mümkün olub. Bu prosesdə tərəflər bir-birlərinin niyyətlərini, qorxularını və ideyalarını daha yaxşı anladılar”, - Ararat Mirzoyan vurğulayıb.
Bəs mayın 25-də Putinin iştirakıyla gözlənən görüşdə tərəflər sonuncu Vaşinqton və Brüssel görüşlərində əldə etdikləri və “bir addım irəli” deyə qiymətləndirdikləri nəticəni daha da irəli aparacaqlar, yoxsa, Moskva danışıqları “bir addım irəli, iki addım geri” tezisi ilə bitəcək? Bu sualın cavabını təxmin etmək çətin olmasa da, Nikol Paşinyanın ehtimalına görə, bu görüşdə sülh müqaviləsi imzalanmayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev isə ATƏT rəsmisi ilə görüşündə təkrarlayıb ki, Azərbaycan Ermənistanla “Bakının təqdim etdiyi beş prinsip əsasında” sülh müqaviləsi imzalanmasının tərəfdarıdır.
“Onların arasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması da var”, - deyə Azərbaycan Prezidenti qeyd edib.