Avropada fiziki bazarda neftin qiyməti 150 dollara yaxınlaşır
14 Aprel 2026
Hörmüz boğazı ətrafında gərginliyin artması fonunda Avropada fiziki bazarda xam neftin qiymətləri rekord həddə yüksəlib.
ABŞ-nin Hərbi Dəniz Qüvvələri İranın ixracını məhdudlaşdıracaq blokadaya hazırlaşır, tədarük çatışmazlığı ilə bağlı narahatlıq artır.
Etalon Brent neftinin bir barelinin qiyməti 100 dolları keçib. Dərhal çatdırılma üçün fiziki neftin qiyməti isə rekord göstəriciyə, 150 dollara yaxınlaşır, “Reuters” yazır.
Qeyri-müəyyənlik fonunda Avropa və Asiyada alıcılar ehtiyatlarını tutmağa çalışırlar.
Bir təhlilçi “Reuters” bildirib ki, fiziki bazar “böyük təzyiq altındadır”, real yüklərin qiymətləri maliyyə bazarlarında müşahidə olunan qiymətlərdən xeyli yüksəkdir.
Neftin bareli yenə 100 dolları keçib
Aprelin 13-də neftin barelinin qiyməti 100 dolları keçib. Buna ABŞ-nin Hörmüz boğazından keçərək İrana daxil olan və çıxan gəmiləri bloklamağa hazırlaşması səbəb olub. Vaşinqton və Tehran müharibəni dayandırmağı hədəfləyən danışıqlarında razılaşma əldə edə bilməyib. Vaşinqtonun gözlənən addımı isə İrandan neft ixracını məhdudlaşdıra bilər.
"Brent" neftinin fyuçersləri bir barel üçün 6.67 dollar və ya 7 faiz artaraq 101.87 dollara yüksəlib. Ötən cümə, aprelin 10-da qiymətdə 0.75 faiz eniş baş vermişdi. ABŞ-nin "West Texas Intermediate" markalı neftinin qiyməti isə 7.26 dollar və ya 7.5 faiz artaraq 103.83 dollara çatıb. Ötən həftəsonu bu neft 1.33 faiz ucuzlaşmışdı.
"MST Marquee" şirkətinin enerji tədqiqatları üzrə rəhbəri Saul Kavonikin fikrincə, bazar atəşkəsdən əvvəlki vəziyyətə qayıdır: "Fərq ondadır ki, indi ABŞ Hörmüz boğazı vasitəsilə gündəlik 2 milyon bareləcən İranla əlaqəli nefti bloklayacaq".
ABŞ prezidenti Donald Tramp aprelin 12-də bildirib ki, ABŞ donanması Hörmüz boğazını bloklamağa başlayacaq. Bu isə tərəflərin aprelin 7-də razılaşdırdığı ikihəftəlik kövrək atəşkəsi təhlükə altına qoyur.
Prezident neft və benzinin qiymətinin noyabrda aralıq seçkilərə qədər yüksək qala biləcəyini əlavə edib.
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) isə bəyan edib ki, Hörmüz boğazına hər hansı hərbi gəmi yaxınlaşmağa cəhd etməsi ABŞ-nin atəşkəsi pozması sayılacaq və buna sərt cavab veriləcək.
Buna baxmayaraq, aprelin 11-də tam yüklənmiş üç supertanker Hörmüz boğazından keçib. Bunlar ötən həftə atəşkəs razılaşdırılandan sonra körfəzdən çıxan ilk gəmilər kimi görünür.
Səhm bazarlarında da eniş baş verib: "S&P500" indeksi 1.1 faiz ucuzlaşıb, Asiya bazarlarında aşağı hədd qeydə alınıb.
Təhlükəsiz aktiv kimi qiyməti yüksələn qızıl 2 faiz ucuzlaşıb, ABŞ istiqrazlarına da təzyiq yaranıb.