Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avqustun 8-də Laçında başlayır... – 31 il sonra ilk dəfə

Araz axar lil ilə

dəstə-dəstə gül ilə,

mən yarımı sevmişəm

şirin-şirin dil ilə

Ay Laçın, can Laçın

Can sənə qurban, Laçın…

Azərbaycanlı kimsə bu bayatı-mahnının, laylanın sədalarına laqeyd qalmağı bacarmaz, gözləri dolmalı, dodaqları səyriməlidir, ixtiyarsız… Tarixçəsini heç kim dəqiq bilmir, müxtəlif versiyalar var. Məsələn, mən bu mahnını nənəmin dilində

Arazı ayırdılar,

Qan ilə doyurdular... – eşitmişdim, məntiqlə də uyğundur, amma bu günümüzə “Qum ilə doyurdular” kimi çatıb, məntiqli də deyil. Çayı qum ilə doyurmaq olmaz, yuyub aparacaq qumu. Qan ilə doyurmağın isə mənası tariximizin həmin ayrılıq səhifəsi ilə səsləşir. Dərinə getmək fikrim yoxdur, bunu da ayırd etməyin, tarixi ədalətsizliyi bərpanın vaxtı gələcək. Bu gün isə 30 il “Qartal olub göylərində süzmək, duman olub səmasında sürünmək, yağış olub düzlərinə çilənmək” istədiyimiz Laçından xoş xəbərlər bölüşəcəm, sevincək xəbərlər.

Başqa bir mahnıda da deyilir: “Döndük cənnət qoynuna ruhlara əyan olsun, Laçın”.

30 ildən sonra laçınlılar Laçına qayıdırlar, həm də öz ata-baba evlərinə. Evləri bərpa edilir, olmayanın yerində yenisi tikilir, infrastruktur qurulur, Laçın böyük bir tikinti meydanıdır.

Sonuncu fikri həmsöhbətimin dilindən götürdüm.



Həmsöhbətim isə Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımovdur. Deyəcəksiniz, bəs, tikinti meydanı hara, rejissor hara? Hə, elə bunu demək istəyirdim. Təkcə ev, məktəb, iş yerlər yaradılıb-qurulmur Laçında. Həm də Qarabağa, Şərqi Zəngəzura mədəniyyət qayıdır. Düşmənin öz adına çıxdığı, alt-üst etmək istədiyi Azərbaycan mədəniyyəti.

Köçürülmə prosesi davam edir.

Ailələr evlərinə qayıdır, yollar salınır, obyektlər tikilir, su çəkilir, işıq, qaz bərpa edilir. Bütün günü insanlar qaynaşır, işləyir, Laçına həyatı, laçınlılara Laçını qaytarmaq üçün. Axşamlar isə Laçının hər tərəfində rəngbərəng işıqlar bərq vurur. Laçınlılar da, qonaqlar da yığışıb, aktyorların ifasında səhnəciklərə baxır, çalır-oynayır, film seyr edirlər. Hə, teatr, kino, konsert, rəqs də Laçındadır indi. Yeni Laçın layihəsinin əsas tərkib hissəsi mədəniyyətdir.



Nəzərdə tutulmuş dirçəliş strategiyasında Baki Abadlıq MMC-nin bir sıra layihələri həyata keçirilir. Teatral Studiya Laçın Yay Düşərgəsi, ilk kreativ layihələr, Qarabağ bölgə teatrından, həmçinin ADMİU-nın kastinq yolu ilə seçilmiş tələblərindən ibarət heyətlə Laçında hazırlanıb quruluş verilən 3 müxtəlif janrda tamaşa və bir film üzərində işlər yekunlaşmaq üzrədir. Bu tamaşa və filmlər məhz Laçın torpağında hazırlanır, burda quruluş verilir, burda film çəkilir.

“Laçın böyük bir tikinti meydanıdır, yalnız şəhər yox, ətraf kəndləri də bərpa olunur. Bu gün Minkəndi gəzdik, baxdıq. Tez bir zamanda bütün kəndlər bərpa olunacaq, cənnətə dönəcək. Laçının özü Avropa şəhərlərindən daha gözəl olacaq” – Nicat Kazımov danışır - “Həm də burda mədəniyyətin bərpası gedir”.

20 gün ərzində 3 müxtəlif tamaşa eyni aktyorların ifasında hazırlanıb və bir film çəkilib. Nicat Kazımovun dediyinə görə, havanın isti, vaxtın dar, işin çox olmasına rəğmən hamı çox böyük həvəslə və qürurla çalışır. “Başda Ali Baş Komandanımız olmaqla, Azərbaycan ordusunun qələbəsini biz də öz sahəmizdə davam etdirməyə çalışırıq”.



Mədəniyyət qələbəsi isə yaxındadır. Avqust ayının 8-də laçınlılar Nicat Kazımovun quruluşunda Cəfər Cabbarlının “Sevil”,  avqustun 9-da Ceyhun Dadaşovun quruluşunda Maksim Qorkinin “Danko əfsanəsi”, avqustun 10-u Mehriban Ələkbərzadənin quruluşunda Sartrın “Son xətt” tamaşaları oynanılacaq. Həmçinin Fuad Əlişovun ekranlaşdırdığı “Lazım gəlsə” filmi nümayiş olunacaq.



Tamaşalarda rejissor assistentləri İlham Əsədov, Gülnar Hacıyeva da iştirak edirlər.

Laçınlılar bu üç günü unutmazlar və ilk qaranquşların ayağı düşərli olar, Laçında teatr binası və kinoteatr da inşa olunar, mədəniyyət Laçına laçınlılarla birlikdə qayıdar.

Ramilə Qurbanlı