Logo
news content
User
Kateqoriyalar

Xəbər

AŞPA həmməruzəçiləri Laçın yolu ilə bağlı tərəflərə çağırış ediblər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Laçın dəhlizi boyunca sərbəst hərəkəti bərpa etməklə bağlı çağırışı yenidən səsləndiriblər.

Azərbaycan üzrə həmməruzəçilər Yan Liddell-Qreynger (Ian Liddell-Granger) və Lise Christoffersen (Lise Kristofersen), Ermənistanın monitorinqi üzrə həmməruzəçilər Kimmo Kilyunen (Kimmo Kiljunen) və Boriana Oberqin (Boriana Åberg) aprelin 26-da bəyanatla çıxış ediblər.

Bir qrup azərbaycanlı fəal ötən ilin dekabrından Laçın-Xankəndi yolundu ekoloji tələblərlə etiraz aksiyası keçirir. Ermənistan və Qarabağdakı separatçılar Qarabağın blokadaya salındığını desə də, rəsmi Bakı isə yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Ermənistan BƏM-ə müraciət edəcəyini bildirib


Həmməruzəçilər ötən il dekabrın 16-da oxşar çağırışla çıxış ediblər. Dünənki bəyanatda Avropa İnsan Hüquqları Məhkəməsinin ötən ilin dekabrında və Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) bu ilin fevralında verdiyi qərar xatırladılır. Sonuncu qərarda Azərbaycana Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün tədbirləri görməklə bağlı çağırış yer almışdı.

Bəyanatda qeyd olunur ki, Ermənistan aprelin 23-də Laçın dəhlizi boyunca keçid məntəqəsinin quraşdırılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciət edəcəyini bildirib.

Azərbaycan Dövlət Sərhəd Xidməti aprelin 23-də Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Danışıqlar çətinləşdirilməsin


Həmməruzəçilər Azərbaycan və Ermənistanı Avropa İttifaqının (Aİ) dəstəklədiyi yüksək səviyyəli danışıq səylərini çətinləşdirəcək hər hansı birtərəfli addımlardan çəkinməyə çağırır. “Biz sərhəd məsələləri üzrə danışıqları intensivləşdirməyə və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırırıq”, – bəyanatda vurğulanır.

AŞPA həmməruzəçisi Pol Qavan (Paul Gavan) da vəziyyətlə yerindəcə tanış olmaq üçün Laçın dəhlizinə çıxış əldə etməyə çalışıb, məlumatda deyilir.

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.