Ali Məhkəmə 'faizdən faiz' tutulmasına 'yox' deyib
19 Dekabr 2025
Ali Məhkəmənin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran qərar qəbul edib. Bu barədə AZƏRTAC Ali Məhkəməyə istinadla məlumat yayıb
Məhkəmə mübahisəsi iddiaçının cavabdehdən pul borcunun vaxtında qaytarılmaması səbəbindən əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. İddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb edib.
Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya məhkəməsi də həmin mövqe ilə razılaşıb.
Ali Məhkəmə qərarında vurğulayıb ki, Mülki Məcəllənin məzmununa görə, gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması "faizdən faiz" tutulması ilə nəticələnir, bu da qanunvericiliklə qadağandır.
Nəticə etibarilə, Ali Məhkəmə kassasiya şikayətlərini təmin etməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlayıb.
Xatırlatma
Son vaxtlar ölkədə problemli kreditlərin həcmi artır. 2025-ci il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544.8 milyon manat təşkil edib.
Mərkəzi Bankın açıqladığı son hesabatda bildirilir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 21.3 faiz və ya 95.7 milyon manat çoxdur.