Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ali Məhkəmə: Dəhlizdə kamera yalnız qonşuların razılığı ilə quraşdırıla bilər

Azərbaycanda çoxmənzilli binalarda müşahidə kameralarının quraşdırılması ilə bağlı hüquqi məsələyə Ali Məhkəmə nöqtə qoyub. Məhkəmənin formalaşdırdığı yeni hüquqi mövqeyə əsasən, qonşuların razılığı olmadan ümumi dəhlizdə və digər mənzillərin girişini görəcək şəkildə kamera quraşdırmaq şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması hesab olunur.

Qonşular arasında məhkəmə çəkişməsi

Məhkəmənin baxdığı konkret işdə eyni binanın eyni mərtəbəsində yaşayan qonşular arasında mübahisə yaranıb. Sakinlərdən biri ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırıb. Digər qonşu isə bunun şəxsi həyatına müdaxilə olduğunu əsas gətirək məhkəməyə müraciət edib.
Məhkəmə vurğulayıb ki, hər kəs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək hüququna malikdir, amma bu hüquq başqalarının şəxsi həyatına qanunsuz müdaxilə hesabına həyata keçirilə bilməz.

Şəxsi həyat yalnız evin içi deyil

Ali Məhkəmənin qərarında mühüm bir məqam vurğulanır: "şəxsi həyat" anlayışı təkcə mənzilin daxili ilə məhdudlaşmır. Bir şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi və təsvirinin ardıcıl qeydə alınması da şəxsi həyatına aid məlumatlardır. Bu cür məlumatların sistemli şəkildə toplanması şəxsi həyata müdaxilə sayılır.

Razılıq yoxdursa, kamera bucağı dəyişməlidir

Yeni hüquqi mövqeyə görə, ümumi istifadədə olan dəhlizi və ya digər mənzillərin giriş hissələrini əhatə edən kamera yalnız həmin dəhlizə çıxan qonşuların razılığı ilə quraşdırıla bilər.

Əgər qonşular razılıq verməzsə, təhlükəsizlik kamerasının görüntü bucağı yalnız və yalnız onu quraşdıran şəxsin mənzil qapısını əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların qapısını və ya onların gediş-gəlişini davamlı qeydə almamalıdır.

Mənəvi zərər ödəniləcək

Ali Məhkəmə həmçinin qeyd edib ki, insanın öz iradəsi xaricində uzun müddət izlənilməsi onda daimi nəzarət altında olmaq hissi yaradır. Bu isə psixoloji narahatlığa və mənəvi iztirablara səbəb olur. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin varlığını ayrıca sübut etməyə ehtiyac qalmır. Məhkəmə bu əsasla hüququ pozulan qonşunun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını qanuni sayıb.

Xatırlatma

Son illər xüsusilə Bakı şəhərində müşahidə kameralarının quraşdırılması kütləvi xarakter alıb və bu, vaxtaşırı olaraq sakinlərin şikayətlərinə səbəb olur.

Bir neçə il əvvəl paytaxtdakı məktəblərin birində sanitar qovşağa kamera yerləşdirilməsi ilə bağlı iddialar gündəmə gəlmişdi. Yerli mediada yayılan xəbərə görə, məktəb rəhbərliyi kameraların yalnız oğlan tualetində quraşdırıldığını və işlək olmadığını açıqlamışdı. İşləməyən kameranın qoyulmasında əsas məqsədin isə şagirdləri gizli siqaret çəkməkdən çəkindirmək olduğu vurğulanırdı.