Aİ ölkələrindən Ukraynaya daha 2 milyard avroluq yardım
08 Mart 2023
Avropa İttifaqı ölkələrinin səfirləri martın 8-də keçirilən iclasda üzv ölkələrin Ukraynaya hərbi yardımını maliyyələşdirən Avropa Sülh Fonduna əlavə 2 milyard avro ayrılması barədə razılığa gəliblər.
Pressklub.az xəbər verir ki, bu barədə İsveç təmsilçisi özünün “Twitter” səhifəsində məlumat yayıb.
"Bu gün Aİ səfirləri Avropa Sülh Mexanizmi üçün əlavə 2 milyard avronu təsdiqləyiblər. Bu qərar Aİ-nin Ukraynaya və digər tərəfdaşlara hərbi dəstək verməyə davam etməkdə qərarlı olduğuna açıq siqnaldır", - mesajda deyilir.
Xatırladaq ki, fevralın əvvəlində Aİ Şurası Avropa Sülh Fondundan vəsait hesabına Ukraynaya hərbi yardımın yeddinci tranşını, eləcə də Aİ-nin Ukrayna hərbçiləri üçün təlim missiyasının işi üçün vəsaitin ayrılmasını təsdiqləyib.
2023-cü ilin fevral ayının əvvəlində Aİ üzv ölkələrin Ukraynaya həm Avropa Sülh Fondu vasitəsilə, həm də ikitərəfli əsasda ümumi hərbi yardımını 12 milyard avro həcmində qiymətləndirib.
NATO-nun baş katibi Yens Stoltenberq martın 8-də bildirib ki, müttəfiqlərin Ukraynaya göstərdiyi yardımın ümumi dəyəri təxminən 150 milyard avro təşkil edir ki, bunun da üçdə birindən çoxu hərbi yardımdır.