Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ağıllı" kameraların "ağılsız" köməyi: İran "hicab repressiyaları"na keçir


İran hökuməti bildirib ki, hicab geyinməyən və beləliklə islam geyim qaydalarını pozan qadınları müəyyənləşdirmək üçün ictimai yerlərdə kameralar quraşdırmağa başlayıb.





İran polisinin bəyanatında deyilir ki, bu yolla aşkarlanmış "qayda pozanlar"a xəbərdarlıq mesajları göndəriləcək. İran hüquq mühafizə orqanlarının sözlərinə görə, bu, "hicab geyinmək haqqında qanuna müqavimətlərin" qarşısını almağa kömək edəcək.





Qadınların müəyyən edilməsi üçün hakimiyyət "ağıllı" kamera və başqa texniki vasitələrdən istifadə etmək niyyətindədir.





Rusiya hakimiyyəti də müxalifət nümayəndələri və qanunu pozanların axtarışı üçün xarici müşahidə kameralarından istifadə edir. Belə böyük kameralar şəbəkəsi, digər yerlərlə yanaşı, Moskva metrosunda da quraşdırılıb.




İran "ağıllı" kameralardan istifadə etmək qərarına ötən il bütün ölkəni bürümüş kütləvi aksiyalar fonunda gəlib. Etirazlar hicab qaydasını pozmaq ittihamı ilə həbs olunmuş Məhsə Əmininin ölümündən sonra başlayıb. Müxalifətçilər hesab edirlər ki, Məhsə Əmininin ölümünə polis tərəfindən döyülməsi səbəb olub, hakimiyyət bu ittihamları inkar edir.





Əmininin ölümündən sonra daha çox qadın, xüsusilə böyük şəhərlərdə, həbs ehtimalı təhlükəsinə baxmayaraq, hicabdan imtina etməyə başlayır.





Dekabrdan İranda minlərlə etirazçı həbs edilib, dördü edam olunub.





İran qanunlarına görə, qadınlar saçlarını hicabla örtməyə məcburdurlar. Bu qayda 1979-cu il İslam inqilabından sonra tətbiq edilib. Qaydanı pozan qadınlar üçün həbs və cərimə tədbirləri nəzərdə tutulur.





Polisin şənbə günü yaydığı bəyanatda hicab "İran millətinin sivilizasiya təməllərindən biri" kimi təsvir olunur. Hakimiyyət həmçinin yerli şirkət sahiblərini qaydaya riayət etməkdə yardımçı olmağa və "əsaslı yoxlamalar" keçirməyə çağırır.





Hicabsız qadınlara hücum




İranda ictimai yerlərdə hicabsız görünən qadınlar tez-tez hücuma məruz qalırlar.





Keçən həftə sosial şəbəkələrdə yayılan bir videoda bir kişinin iki hicabsız qadının üstünə qatıq tökdüyü məqam əks olunmuşdu. Sonradan həmin qadınlar İslam geyim tərzini pozanlar kimi həbs olunublar. Kişi də həbs olunub.





Keçən şənbə günü İran prezidenti İbrahim Rəisi bir daha təkrar edib ki, İran qadınları hicab taxmalıdırlar, çünki bu, onların din qarşısında borcudur.





Lakin İran Ali Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni Ejeyi cümə günü bəyan edib ki, ola bilsin ki, repressiyalar heç də qadınları qaydalara əməl etməyə təhrik etmək üçün ən yaxşı üsul deyil.





"Mədəniyyət problemləri mədəniyyət vasitələri ilə həll olunmalıdır. Əgər biz belə problemləri həbs və azadlıqdan məhrum etmə yolları ilə həll etmək istəyiriksə, bu, xərcləri artıracaq, lakin biz istədiyimiz effekti ala bilməyəcəyik", - o deyib.





Məktəblərdə yeni zəhərlənmə halları




Eyni zamanda isə şənbə günü yenə İranın bir neçə məktəbində qızların naməlum qazla zəhərlənməsi haqqında məlumatlar yayılıb.





İlk belə hallar bir neçə ay bundan əvvəl müşahidə olunub və o vaxtdan minlərlə məktəbli qız zərər çəkib, onlarla tənəffüs orqanları problemləri, ürək bulanması, sürətlənən ürək döyünməsi və əl-ayağın keyiməsi ilə xəstəxanaya yerləşdiriliblər.





İranın ali lideri Əli Xameneyi bəyan edib ki, günahkarlar çox sərt cəzalandırılmalıdır.





Lakin iranlıların bir çoxu bu zəhərlənmə halları arxasında islam fundamentalistlərinin dayandığını istisna etmir. Onlar "gənc qızların hücumlara məruz qalması onların hökumət əleyhinə etirazlarda önəmli roluna görə qisas deyilmi?"-deyə sual edirlər.





Çoxları həmçinin ehtimal ediblər ki, bu hücumlar əfqan talibləri və Nigeriyanın "Boko Haram" təşkilatlarının təcrübəsini mənimsəməyə çalışan sərt xətt tərəfdarlarının işidir - bu üsulla onlar valideynləri qızlarını məktəbə göndərməsinlər deyə, qorxutmağa çalışırlar.