Logo
news content
User
Kateqoriyalar

Xəbər

Adı şantaj prosesində hallanır! - Mübariz Qurbanlının qardaşı ilə bağlı YENİ XƏBƏR

Baş Prokurorluq adı çılpaq fotolarının yayılması ilə şantaj edilməkdə hallandırılan Tariyel Qurbanovla bağlı açıqlama yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Pressklub.az-a verilən məlumatda qeyd edilir ki, Tariyel Qurbanov hazırda prokurorluq orqanlarının əməkdaşı deyil.

"Belə ki, 2023-cü il yanvarın 16-da öz arzusu ilə Tariyel Qurbanovun prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib", - Mətbuat xidmətindən bildirilir.

Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

Ötən ilin mart ayında vəzifəsindən azad olunan T.Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunmuşdu.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Onu da qeyd edək ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.