Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ silah tədarükünü dayandırarsa, NATO-nun “B planı” yoxdur

NATO-nun ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırması ehtimalına qarşı hazırladığı alternativ, yəni “B planı” mövcud deyil.

Bunu alyansın Baş katibi Mark Rütte bildirib.

“Belə bir planım yoxdur. Düşünmürəm ki, biz “B planı” barədə düşünməliyik”, – Rütte vurğulayıb.

Bununla yanaşı, NATO-ya üzv ölkələr, o cümlədən Kanada, Almaniya, Niderland, Norveç və Polşa PURL (Ukraynanın prioritet ehtiyaclarının siyahısı) çərçivəsində Ukraynaya dəstək üçün əlavə vəsait ayırır. Proqrama alyans üzvlərinin 2/3-dən çoxu qoşulub.

Mark Rütte bildirib ki, Avstraliya və Yeni Zelandiya (NATO-ya daxil deyillər – red.) da PURL-ə töhfə verəcəklər: “Onlar proqrama qoşulan alyans tərəfdaşları arasında ilk ölkələrdir. Bu o deməkdir ki, müttəfiqlər və tərəfdaşlar artıq PURL çərçivəsində 4 milyard dollardan çox vəsait ayırıblar və bu bizə bütün il üzrə 5 milyard gözləməyə imkan verir”.

O bütün ölkələri 2026-cı ilə qədər öhdəliklərinin icrasını sürətləndirməyə çağırıb.

"NATO üzvləri tərəfindən maliyyələşdirilən PURL çərçivəsində ölkəyə kritik əhəmiyyətli silahlar, o cümlədən cəbhə xəttini saxlamaq və əhalini qorumaq üçün HHM sistemləri göndərilir. Ukrayna inanılmaz dözümlülük nümayiş etdirir, Putin hesab edir ki, yardım dayanana qədər vaxt qazana bilər, lakin bu baş verməyəcək", - Rütte qeyd edib.