ABŞ İran müharibəsindəki hədəflərini elan edib
05 Mart 2026
Ağ ev İrana qarşı hava hücumunda dörd hədəfini açıqlayıb. İsraillə birgə gerçəkləşdirilən hücum artıq beşinci gündür davam edir.
Ağ ev martın 3-də X platformasında "Epik Qəzəb" Əməliyyatının hədəflərini elan edəndən sonra yazıb: "Amerika qalib gələcək. Terrorçu İran rejimi məğlub olacaq".
Hədəflər isə bunlardır:
"İran rejiminin raketlərini məhv etmək;
Onların donanmasını məhv etmək;
Terrorçu proksilərinin bir daha dünyada sabitliyə təhdid yaratmayacağını təmin etmək;
İranın HEÇ VAXT nüvə silahı əldə etməyəcəyini təmin etmək".
Təhlilçilər hədəflər arasında rejim dəyişikliyinin olmamasına diqqət çəkiblər.
"Ağ ev "Epik Qəzəb" əməliyyatının hədəflərini açıqlayıb. Rejim dəyişikliyi daha spesifik hədəf deyil", – siyasi təhlilçi Yan Bremmer X-də yazıb.
Tramp: İranla bağlı nə isə edilməli idi
ABŞ prezidenti Donald Tramp deyir ki, İranla bağlı "nə isə edilməli idi". Prezident bunu Ağ evdə Almaniya kansleri Fridrix Merts ilə birlikdə çıxışı zamanı deyib.
"Məndə belə bir hiss var idi ki, İran bizə birinci hücum edəcəkdi", – Tramp martın 3-də jurnalistlərə bildirib.
"Hətta onlara dost münasibətdə olan, heç nə etməyərək oturub bunun axırını gözləyən ölkələrə belə hücum edirlər", – Tramp deyib. O, İranın dron və raketlərlə BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Omanı vurduğunu əlavə edib. Oman fevralın 28-də hava zərbələri başlamazdan bir neçə gün öncə Vaşinqtonla İran arasında danışıqlara vasitəçilik edirdi.
Merts isə jurnalistlərə deyib ki, Tehrandakı rejimin sonu çatsaydı, bu, İran və xalqı üçün "yaxşı xəbər" olardı.
Ancaq o, hərbi zərbələrin İran hökumətinə dəyişikliklər gətirəcəyinə əmin olmadığını sözlərinə əlavə edib. Merts İran xalqının öz gələcəyi ilə bağlı qərar vermək hüququnu dəstəklədiyini bildirib: "İrana qarşı bu addımlar risksiz deyil, amma biz nəticələrə də dözməliyik".
Trampla danışıqlardan öncə isə Merts deyib ki, "Tehrandakı bu dəhşətli rejimi kənarlaşdırmaq məsələsində Vaşinqtonla eyni mövqedəyik". O, Almaniyanın əməliyyatlarda birbaşa iştirakı ilə bağlı xahiş olunmadığını da vurğulayıb.