İranlılar qorxu və ümid içində. "Xameneinin ölüm xəbərini çox adam gözləyirdi, amma..."
05 Mart 2026
Mənbə: Azadlıq Radiosu
İranlılar ABŞ və İsrailin irimiqyaslı bombardmanı fonunda qorxu və ümid içində yaşayırlar.
Fevralın 28-dən başlanan hava zərbələri nəticəsində İran rəhbərliyinin bir qismi məhv edilib, Ali lider Əli Xamenei öldürülüb. Yerli humanitar qruplar isə yüzlərlə mülki şəxsin də həlak olduğunu, məktəblərin, xəstəxanaların dağıdıldığını bildirir.
"İran dağılmamalıdır"
"Xameneinin ölüm xəbərinə sevindik. Amma bu bombardmanlardan narahatam. İran dağılmamalı, parçalanmamalıdır. Ümid edirəm, gələcək işıqlı olacaq", – bunu təhlükəsizliyə görə adının açıqlanmasını istəməyən 56 yaşlı Tehran sakini "Radio Fərda"ya deyib.
Avtokrat Xamenei ölkəni 40 ilə yaxın sərt üsullarla idarə edib. Onun ölümünü iranlıların bəziləri bayram edib. Amma çoxlarının fikri-zikri dərhal bundan sonra nə baş verəcəyinə yönəlib.
ABŞ və İsrailin hava zərbələri İranın teokratik sisteminin varlığını təhdid edir. İslam respublikası süqut edərsə, 90 milyona yaxın əhalisi olan çoxmillətli ölkənin qonşuları İraq, Əfqanıstanın gününə düşəcəyindən, vətəndaş müharibəsinə, anarxiyaya sürüklənə biləcəyindən ehtiyatlananlar var.
"Dəhşət bombalayırlar, yaşayış məntəqələrini vurduqlarını eşidirdik", – Tehranda yaşayan 49 yaşlı ana "Radio Fərda"ya deyib.
"Gecələr yata bilmirik, itlərimdən biri qorxudan hamam otağında gizlənir", – qadın əlavə edib.
Küçələrdə sakitçilikdir
ABŞ və İsrail iranlıları ayağa qalxmağa, hakimiyyəti öz əllərinə almağa çağırıb.
Amma "Radio Fərda" yazır ki, İranın böyük şəhərlərinin küçələrində qeyri-adi sakitçilik hökm sürür, üsyan əlaməti görünmür. Bu küçələrdə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Bəsic" yarımhərbi qüvvələri keşik çəkir.
Təxminən iki ay öncə, yanvarda hakimiyyətə qarşı kütləvi etirazlara qanlı divan tutulub, minlərlə insan öldürülüb.
10 milyon əhalisi olan Tehranda sakinlərin çoxu indi evdə qalmağı seçir.
İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, fevralın 28-də başlayan ABŞ-İran hücumlarından bəri ölkədə ölənlərin sayı 787 nəfərə çatıb. ABŞ-də yerləşən HRANA təşkilatı isə 176-sı uşaq olmaqla 742 mülki şəxsin həlak olduğunu bildirib.
"Liderin (Xameneinin) ölüm xəbərini çox adam gözləyirdi, amma raket və partlayış səsləri, uşaqların, insanların ölümü bu sevinci qursaqda qoydu", – Tehranda yaşayan 27 yaşlı qadın deyir.