8 mart Qadınlar Günü: necə başlanıb və nəyə gərəkdir? 7 müəmmalı fakt
08 Mart 2023
Azərbaycanda necə keçirilir?
8 mart Azərbaycanda sovet dövründən bəri qeyd edilir. Ancaq son illər bayram ənənəsinə həm də qadın fəalların etiraz aksiyaları əlavə edilib: bir neçə ildir ki, bəzi fəallar ölkə paytaxtının mərkəzində 8 Mart günü aksiyalar keçirərək diqqəti qadınların problemlərinə yönəltməyə çalışırlar.
Azərbaycanlı feministlər hesab edirlər ki, hökumət məişət zorakılığının qarşısını almaq üçün yetərli səy göstərmir, buna görə də ölkədə məişət zəminində qadın qətllərinin sayı artır, cinsi-ayrı seçkiliyə yol verilir, qadın hüquqları pozulur.
Hökumət bu iddiaları əsassız sayır, Azərbaycanda hər hansı cinsi ayrı-seçkiliyə yol verilmədiyini, qadınların bütün hüquqlarının qorunduğunu bəyan edir, məişət zorakılığının qarşısının alınması üçün hüquqi müstəvidə işlər apardığını bildirir.
Feministlər bu gün Qadınlar gününü Bakıda "8 Marş- Yaşamaq İstəyirik!" aksiyası ilə qeyd etməyi planlaşdırırlar.
Hərçənd, aksiyanın keçirilməsinə razılıq verilməyib.
Polis daha əvvəlki illərdə keçirilmiş aksiyaları dağıdıb.
Postsovet məkanından kənarda bu gün o qədər də populyar deyil, baxmayaraq ki, bu barədə çoxları eşidib və BMT tərəfindən xüsusi gün kimi tanınıb.
Bəs, bu günün qeyd edilməsi nə üçün uydurulub və niyə məhz martın 8-də? Bu, nədir - bayram, yoxsa etiraz? Və Beynəlxalq kişilər gününə gəldikdə, necə? Biz bu suallara cavab verməyə çalışmışıq.
1. Hər şey nədən başlayıb?
1 May kimi, 8 Mart bayramı fəhlə hərəkətindən yetişib və amerikan kökləri var.
1908-ci ildə 15 qadın iş gününün qısaldılması, əməkhaqqının artırılması və səsvermə hüquqları tələbi ilə Nyu-Yorkda nümayişə çıxıb (əksər ştatlarda qadınlar bu hüququ 1920-ci ildə əldə ediblər, ABŞ Konstitusiyasında 19-cu düzəliş qəbul olunduqdan sonra). Ertəsi il Amerika Sosialist Partiyası fevralın son bazar gününü Zəhmətkeş Qadınlar Günü kimi tanımağı təklif edib.
1910-cu ilin avqustunda tanınmış Almaniya sosial-demokratiya xadimi Klara Setkin Kopenhagendə konfransda Qadın Bərabərliyi və Emansipasiyası uğrunda Beynəlxalq Mübarizə gününü təsis etməyi təklif edib.
17 ölkədən yüzə yaxın konfrans iştirakçısı təşəbbüsü yekdilliklə dəstəkləyir.
1911-ci ildə onu ilk dəfə Almaniya, Avstriya-Macarıstan, Danimarka və İsveçrədə qeyd ediblər.
2. Niyə 8 martda?
Hər şeyin başlanğıcı olan Nyu-York nümayişi fevralın 28-də olub. Klara Setkin konkret tarix deməyib. Qadınlar günü Almaniyada ilk dəfə, Prussiyada 1848-ci il Mart İnqilabı ilə əlaqədar, martın 19-da bayram edilib. Sonra müxtəlif ölkələrdə Qadınlar Gününü 2, 9 və 12 martda, eləcə də 2 və 12 mayda qeyd ediblər.
8 mart tarixi beynəlxalq solçu hərəkatına Rusiyadan gəlib. 1917-ci ildə bu gün (köhnə tarix stili ilə fevralın 27-də) Petroqradda "Çörək və sülh!" tələbi ilə Vıborq rayonu toxuma fabrikləri işçi qadınlarının sonradan inqilaba çevrilmiş tətili başlayıb. Bir həftə sonra imperator taxtından imtina edib.
Sovet hakimiyyətinin ilk illəri Vıborq toxucu qadınları Çarın devrilməsinin ilk təşəbbüsçüləri kimi alqışlayırdılar. Sonradan Fevral inqilabı bolşevik Oktyabr inqilabının kölgəsində qalıb və bu hal SSRİ-də nəzərə çarpdırılmayıb.
1975-ci ildə BMT Baş Assambleyası martın 8-ni qadınların bütün həyat sahələri və bərabərsizlik qalıqlarına qarşı etirazda nailiyyətlərinin bayram etmə günü elan edib.
3. 8 Martın öz rəngləri varmı?
8 Martın öz rəngləri var, hərçənd Rusiyada praktik olaraq bu barədə bilmirlər. Bu, bənövşəyi (ya firfir), yaşıl və ağ rənglərdir.
Onları bərabərlik uğrunda mübarizə simvolu kimi Britaniya Qadın Sosial-siyasi Birliyi 1908-ci ildə təklif edib. Firfir ədalət və ləyaqət, yaşıl - ümid, ağ - saflığı səciyyə edir.
4. Beynəlxalq Kişilər Günü varmı?
Bəli, var, o, noyabrın 19-da, Birləşmiş Krallıq da daxil olmaqla, 80-dən çox ölkədə qeyd olunur, baxmayaraq ki, BMT tərəfindən formal olaraq tanınmayıb. Bununla belə kişilərin sağlamlığının möhkəmləndirilməsi və onların müasir ailədə roluna xüsusi diqqət yetirilir.
Rusiyada kişi və oğlanları 23 fevralda təbrik edirlər. Rəsmən bu - hərbçilər və silahlı qüvvələrin veteranları günüdür, lakin kütləvi şüurda bu gün, adətən, bütün kişilərin günü kimi nəzərdən keçirilir.
5. Müxtəlif ölkələrdə 8 Martı necə bayram edirlər?
Rusiyada martın 8-i istirahət günüdür. Qadınlara hədiyyələr və gül bağışlayırlar. Bayram ərəfəsi üç-dörd gündə gül satışı ikiqat artır.
Çində qadınların iş günü səkkiz saat əvəzinə dörd saat olur, lakin Çin Xalq Respublikası Dövlət Şurasının bu tövsiyəsi qanun deyil və işverənlərin bir qismi buna əməl etmir.
İtaliyada martın 8-də küsdümağacı gülü hədiyyə edirlər. Bu ənənə İkinci Dünya müharibəsindən sonra Romada meydana gəlib, bunun mənbəyi məlum deyil.
ABŞ-da mart qadınlar tarixinin ayı sayılır. Hər il prezident bəyanatla çıxış edib Amerika qadınlarının nailiyyətləri və əməyinə haqq qazandırır.
Bu il koronovirus pandemiyası ucbatından tədbirlərin bir çox çoxu virtual rejimdə keçiriləcək.
6. Bayram, yoxsa etiraz?
Beynəlxalq Qadınlar Gününü 2021-ci ildə bayram edilməsinin təşkilatçıları onun üçün şüar kimi #ChooseToChallenge ("Çağırışı seç") həştəq təklif ediblər.
"Biz hamımız çağırışı qəbul edib və ucadan gender mövhumatları və bərabərsizliyi barədə bəyan edə bilərik. Biz hamımız qadın nailiyyətlərini axtarıb tapıb və şöhrətləndirə bilərik. Biz ümumi səylərimizlə daha ədalətli dünya yarada bilərik", - təşkilatçıların bəyanatında deyilir.
7. Bu, nə üçün lazımdır?
"Gender bərabərliyi hələ yüz il əldə edilməyəcək", - təşkilatçıların bayram bəyanatında deyilir. - "Heç birimiz və yəqin ki, övladlarımızdan bəlkə də heç biri o vaxta qədər yaşamayacaq".
"BMT-qadınlar" proqramının məlumatına görə, koronovirus pandemiyası gender bərabərliyi uğrunda 25 illik mübarizəni heçə çıxardıb. Qapanmalar ucbatından bütün dünyada qadınlar evdə daha çox iş görməyə məcburdur, onlar karyera və maariflənmə imkanlarını itirirlər.
Koronavirusa baxmayaraq, bir il əvvəl bir çox ölkədə etiraz yürüşləri keçirilib.
Əksər hallarda onlar sakit keçib, ancaq Qırğızıstan paytaxtı Bişkekdə polis onlarla fəalı həbs edib, bundan əvvəl isə, məlumatlara görə, onlara maskalı naməlum adamlar hücum edib. İctimai fəallar ölkədə qadın hüquqları ilə bağlı vəziyyətin daha da pisləşdiyini bildirir.
Pakistanda bir sıra şəhərlərdə nümayişlər zorakılıq hədələri və hüquq-mühafizə orqanları tərəfindən təqiblərlə müşayiət olunub.
Mexikoda qadınlara qarşı zorakılıq əleyhinə 80 minlik nümayiş polislə toqquşmalarla nəticələnib. Kimsə hüquq-mühafizəçilərin üstünə benzinlə butulkalar atmağa başlayıb, cavabında onlar gözyaşardıcı qazdan istifadə ediblər. 60 nəfərə yaxın insan xəsarət alıb.
Son illər qadın bərabərliyi işində tərəqqi müşahidə olunub və onun uğrunda mübarizə geniş vüsət alıb.
ABŞ-da tarixdə ilk dəfə qadın və dəri rəngi fərqli olan əhali nümayəndəsi - Kamala Harris - vitse-prezident təyin olunub.
2019-cu ildə Finlandiyada beş qadın başda olmaqla koalisiya hökuməti formalaşdırılıb.
Şimali İrlandiya abortları leqallaşdırıb, Sudan qadına necə geyinməyi və camaat arasında necə davranmağı müfəssəl diktə edən qanunu ləğv edib.
Nəhayət, 2017-ci ildə meydana gələn #MeToo hərəkatı yolverilməz cinsi təcavüzə qarşı qlobal faktor olmaqda davam edir və bir sıra günahkarların mühakiməsinə nail olmağa imkan verib.