Logo
news content
User
Kateqoriyalar

Xəbər

500-lük xatirə banknotu müntəzəm işlənən pul nişanına çevrilir

2021-ci ildə tədavülə buraxılan 500 manat nominallı xatirə pul nişanına daha tez-tez rast gəlinir. Xüsusilə iri məbləğli hesablaşmalarda banklar 500 manatlıq nominallar təklif edir.

Ən böyük nominallı pul nişanı 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 2021-ci ilin noyabrın 4-də tədavülə buraxılıb. Bu nominallı pulların buraxılış limiti 1 milyon ədəd (500 milyon manat) olub.

Dövriyyədə daha çox 500 manatlıqların görünməsi ondan xəbər verir ki, Mərkəzi Bank tədavül miqdarını artırıb. Artıq demək olar ki, 500 manatlıqlar "vətəndaşlıq” hüququnu qazanıb və gələcəkdə daha çox əskinazın buraxılması mümkündür.

Əslində, 500 manatlıq pul nişanlarına ehtiyac var. Çünki devalvasiyadan sonra Azərbaycan iqtisadiyyatının nominal dəyəri xeyli artıb. 2014-cü ildə nominal ÜDM istehsalı 59 milyard manat olduğu halda, 2021-ci ildə 93 milyard manat olub.

Qeyri-neft sektorunda isə istehsalın dəyəri 36 milyard manatdan 58 milyard manata qədər artıb.

Bu dövrdə pul bazasında da ciddi artım baş verib. Əvvəlki dövrdə manatla pul bazası 11,42 milyard manat olduğu halda, hazırda 14,4 milyard manatdır.

İqtisadiyyatın nominal dəyəri artdıqda Mərkəzi Bank dövriyyədə olan pul nişanlarının sayını artırmağa məcbur olur ki, bu da əlavə çap xərci yaradır. Böyük nominalların çox olması bu cür xərcləri azaldır.

Buna görə də avrozona ölkələrində olduğu kimi Azərbaycanda da 500-lük nominalın qalıcı olması mümkündür.