Logo
news content
User
Kateqoriyalar

Xəbər

38 ölkənin vətəndaşı ABŞ-yə turizm vizası üçün 15 min dollaradək depozit ödəməli olacaq

ABŞ Dövlət Departamenti turist və ya işgüzar vizalar (B-1/B-2) üçün depozit ödəməli olan ölkələrin siyahısını genişləndirib.

Yanvarın 6-da siyahıya 25 ölkə əlavə edilib. Onların sırasında Əlcəzair, Anqola, Fici, Banqladeş, Kuba, Nigeriya, Nepal, Venesuela, Qırğızıstan Tacikistan var. Yeni tələblər yanvarın 21-dən qüvvəyə minəcək.

Türkmənistan 38 ölkənin olduğu siyahıya daha öncə salınmışdı.

Bu ölkələrin vətəndaşları 5 min, 10 min və ya 15 min ABŞ dolları depozit ödəməlidirlər. Məbləğ vizanın alınması üçün müsahibə zamanı müəyyən edilir. Amma depozit vizanın verilməsinə zəmanət demək deyil, viza tələblərinə əməl olunduğu halda, yaxud viza verilmədikdə depozit geri qaytarılacaq.

Viza alan şəxslər ABŞ-yə yalnız üç beynəlxalq hava limanı vasitəsilə daxil olub çıxmalıdırlar: Loqan hava limanı (Boston), Kennedi hava limanı (Nyu-York) və Dalles hava limanı (Vaşinqton). Bu tələbin yerinə yetirilməməsi ölkəyə girişdən imtinaya, çıxışın lazımi qaydada qeydə alınmamasına səbəb ola bilər.

Viza sahibi viza öhdəliklərini pozarsa, pozuntunun olub-olmadığını ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) müəyyən edəcək.

ABŞ 2025-ci ilin avqustunda depozit qarşılığında giriş vizalarının verilməsi üzrə pilot proqramı işə salıb. ABŞ hakimiyyət orqanlarının mövqeyinə görə, bu ölkələrin vətəndaşları Birləşmiş Ştatlara daxil olduqdan sonra icazə verilən qalma müddətini tez-tez aşırlar.