Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

Vardanyan “ikinci kruq” gəlir

Ermənistan mətbuatının yaydığı xəbərə görə, yanvarın sonlarında Rusiyaya gedən milyarder, Qarabağdakı sepratçı rejimin “dövlət naziri” Ruben Vardanyan yenidən Xankəndiyə qayıdıb. Burada “qaytarılıb” ifadəsini yazmaq erməni milyarderin Moskvada düzülüb-qoşulan missiyasına daha uyğun ifadə olardı... 

Vardanyandan əvvəl separatçıların başçısı Arayik Arutyunyan da Moskvaya gedib-qayıtmışdı. Bu günlərdə o bildirib ki, “konstitusiyaya” dəyişiklik etmək, idarəetmə ilə bağlı yeni addımlar atmaq niyyətindədir...

Beləliklə, Rusiyanın Qarabağda həyata keçirdiyi köhnə-yeni plan qüvvədədir, sadəcə, onun icraçılarının təlimatlandırılmasına ehtiyac duyulub. Ola bilsin, Moskvada Vardanyanla Arutyunyana getikcə kəskinləşən qarşıdurmasını dayandırmaq, separatçı başbilənlərə ümumi hədəflərdən yayınmamaq barədə xəbərdarlıq edilib.

Azərbaycanda artıq Rusiya vətəndaşı olmayan Vardanyanın Xankəndinə göndərilməyəcəyi barədə gözləntilər vardı. Bu günlərdə Moskvada səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşən Rusiya rəsmiləri də müttəfiqlik münasibətləri çərçivəsində öhdəliklərin yerinə yetirlməsindən ağızdolusu danışmışdılar. 

Hətta Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılmasının vacibliyindən dəm vurmuşdu. Çox güman, Kreml konsulluğu Bakıda deyil, Azərbaycanın başqa şəhərlərində, ola bilsin, Türkiyə konsulluğunun da olduğu Gəncə şəhərində açılmasını istəyir. Amma Rusiya rəhbərliyinin bu arzusu Vardanyanı yenidən təlimatlandırıb Xankəndiyə göndərmək qərarı ilə üst-üstə düşmür. Erməni milyarderin üzərində qurulan oyunların davam etdirilməsi birmənalı şəkildə Kremlin Azərbaycana qarşı təxribatçı siyasətini davam etdirməsindən xəbər verir. Rusiya açıq şəkildə Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirir. 

Kreml hazırda Ermənistan hakimiyyətinin Qərblə sıxlaşan əlaqələrindən, xüsusən Avropa İttifaqının yarımhərbi missiyasını Azərbaycanla sərhədə gətirməsində ciddi şəkildə narazıdır. Rəsmi Bakı da bu missiyadan məmnun deyil, ən yüksək səviyyədə bəyan edilib ki, Avropa İttifaqının niyyəti regionda sülhə xidmət etməyəcək. Moskva isə son ana qədər Paşinyan hakimiyyətinə sərt təzyiqlər edərək, bu niyyətindən daşındırmağa çalışsa da, İrəvan geri addım atmadı.   

Beləliklə, paradoksal vəziyyət yaranır: Azərbaycan və Rusiyanın siyasəti Qərbin regionda aktiv rol almasına qarşıdır və üst-üstə düşür. Bu tarazlı siyasət Moskvada Sahibə Qafarova-Vyaçeslav Volodin görüşündə səslənən müttəfiqlik münasibətlərinə uyğun gəlir. Xatırladaq ki, Rusiya Dövlət Dumasının sədri bu görüşdə açıq şəkildə Ermənistanı təhdid edib: 

“Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər. Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunmayacaq. Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən – istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”.

Kreml bir tərəfdən Paşinyan hökumətinə hədə-qorxu gəlir, digər tərəfdən isə Xankənidə öz oyununu oynamaqla Bakını çıxılmaz vəziyyətdə qoyur və onu adekvat addımlar atmağa vadar edir. 

Güman etmək olar ki, qarşıdakı günlərdə Vardanyan Xankənidə öz missiyasının ikinci mərhələsinə başlayacaq. Nəyin bahasına olursa-olsun, Azərbaycanla razılaşma əhval-ruhiyyəsini aradan qaldırmaq, Qərb ictimaiyyətini Bakıya qarşı səfərbər etmək, Ermənistan hakimiyyətinin beynəlxalq imkanlarından yaralanmaq, habelə Qarabağdakı erməni əhalini mitinqlərə cəlb etməklə  barışmazlıq ab-havasını yetiərincə gücləndirmək lazmdır. Onların dilindən Rusiyanın böhranın həllinə aktiv şəkildə cəlb olunması barədə təkliflərini də eşidə bilərik. Yəni Xankəndidə Rusiya ilə danışmaq üçün yeni müzakirə masası qurulmalıdır, Azərbaycan hərbçilərin deyil, diplomatlar əyləşdiyi müzakirələrdə iştiraka razılıq verməlidir. 

Rəsmi Bakının hazırkı mövqeyi Rusiyanın bu maraqlarının həyata keçirilməsini istisna edir. Azərbaycan üçün əsas prioritet Laçın dəhlizində nəzarət sistemini qurmaq, Qarabağdakı separatçı rejimin əl-qolunu bağlamaq, paralel olaraq Ermənistanla sülh danışıqlarını başa çatdırmaqdır. Kremlin “Vardanyan planı” Bakının bu niyyətlərinə ciddi maneə törədir. Ehtimal etmək olar ki, yaxın günlərdə Laçın yolunda keçirilən dinc aksiya başa çatacaq və aksiyaçıların şüarlarını Azərbaycan rəhbərliyinin Rusiyaya və separatçılara ünvanlanan ultimatumu əvəzləyəcək...

Turqut