Logo
news content
User
Kateqoriyalar

Reportaj

“Ölü menyusu 18 manatdır”... - REPORTAJ
“Yas mafiyası” ciddi biznes sahəsinə və ictimai gücə çevrilir

“Neyləyək bala, dədə-babadan belə görmüşük. Borc-xərc də olsa, birtəhər tapıb həll edirik. Yoxsa camaat nə deyər? El içində biabır olarıq”. 

Bu sözləri Bakıdakı mərasim evlərindən birində yas mərasimi verən S. Fərhadlı Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib. O, bildirib ki, qiymətlər günü-gündən qalxır: “Düzdü, deyirlər ənənədi, qədimdən gəlir, amma çox istəyərdim yığışdırılsın. Heç olmasa, sadələşdirilsin. Qardaşım rəhmətə gedib. Amma halımdan da görürsünüz, yasımı tutmağa belə macal tapmıram. Bu gün onun ölümünün üçüncü günüdür. Amma adətə görə üçü ilə yeddisini birlikdə edirik. Üç gündür nə yaşadığımı özüm də bilmirəm. Elə hey qaçıram, vurnuxuram, işləri yoluna qoymağa çalışıram”.

Ötən yazımızda yas mərasimlərinin təşkili ilə bağlı araşdırma etmişdik. Və nəticəyə gəlindi ki, artıq cəmiyyət yas mərasimlərinin keçirilməsinə məsrəf kimi baxır, çünki bu “ziyafət”lərin təşkili insanın yasını tutmasına maneə olur. Ona görə də bunun yığışdırılmasını, ən azından sadələşdirilməsini istəyirlər. Nə qədər çox xərc çəksələr də, hətta borca belə girsələr, yenə də el xətrinə bu ənənəni sonlandırmağa cəsarət etmirlər.

Məsələdən daha çox agah olmaq üçün Bakı və Sumqayıt şəhərində olan yas mərasimlərinə baş çəkdik.

***

Bakının sayılıb-seçilən bu məscid-mərasim evi kənardan çox əzəmətli, heyrətamiz görünür. İçəridə iş qaynayır. İnzibati heyət o qədər ciddi işləyir ki, sanki hansısa nazirliyin binasındayıq. 


Əməkdaşlardan birinə yaxınlaşıb, “yas sahibi olduğumuzu” dedik:

  • Salam, yas mərasimi ilə maraqlanıram. Müdirlə görüşə bilərəm?

  • Əlbəttə. Bu saat. Gəlin, gedək.

Geniş, işıqlı dəhlizdə ofisiantlar şütüyürdü. Yas yenicə bitmişdi. Yır-yığış gedirdi. Qab-qacaqların, işçilərin səsi bir-birinə qarışmışdı. Yasa gələnlərin isə demək olar, hamısı getmişdi. Yas sahibindən savayı. 

Əməkdaşımız müdirlə görüşmək üçün bir neçə dəqiqə gözləməli oldu. Çünki içəridə başqa müştərilər var idi. Mərasimin keçirilməsi ilə bağlı danışıqlar gedirdi.

Nəhayət, müştərilər əl sıxışıb kabinetdən çıxdılar. Və müdir əməkdaşımızı içəri qəbul etdi. 

Geniş, təmiz, işıqlı kabinetin divarlarını müxtəlif tablolar bəzəyir. Geniş divanda isə başqa bir şəxs əyləşmişdi.

Əlqərəz, mətləbə keçdik. Müdir menyu siyahısı verib, bildirdi ki, qiymətin “ölü yeri”, yəni standart menyu adambaşına 18 manatdır. Zal icarəsi yoxdur. Menyuya başqa yeməklər əlavə edilsə, əlavə ödəniş də ediləcək.


  • Standart menyudakı marmeladı əlavə menyudakı şokoladla dəyişmək olar?

  • Xeyr. Şokoladı yalnız əlavə ödənişlə menyuya daxil edə bilərsiniz.  

  • Bəs zallarınız neçə nəfərlikdir?

  • 150 nəfərlik zalımız var. 300 nəfər qonağınız varsa, 2 zal götürə bilərsiniz. Birində kişilər, digərində qadınlar olar. 

Belə çıxır, burada 300 nəfərlik yas mərasimi keçirmək üçün minimum 5 min 400 manat xərc çəkmək lazımdır. Hələ bunun menyuya əlavələrini, qəbir yerini, məzar daşını, kəfən pulunu demirəm. Qərəz, yası olan şəxsin cibində gərək ən azı 7-8 min pulu olsun ki, əsl “adət-ənənəmizə” uyğun yas mərasimi keçirə bilsin. Yoxsa, necə deyərlər, məclisi urvatsız olar, insanlar da tənə edər. Elə dövrə gəlib çıxmışıq ki, insanın ölümü doğumundan təmtəraqlı olur. 

***

Müqayisə üçün Sumqayıt şəhərindəki mərasim evlərindən birinə də baş çəkdik. 

Bura əvvəl şadlıq sarayı olub. İnsanlar orada toy edər, oynayıb, şənlənərdilər. İndi isə bu binadan yalnız ağlaşma səsi eşidilir. Yox, heç indi ağlayan da yoxdur. O da keçmişdə qaldı axı. Rənglər, ad, təyinat dəyişib. Tək dəyişməyən şey yeyib-içməkdir. 

Bərbəzəkli dəhlizi keçib, dairəvi pilləkənlərlə yuxarı qalxdı. Dedilər, müdir zaldadır. Böyük, təmtəraqlı zala dəvət etdilər. İçəridə yas mərasimi davam edirdi, amma yas ab-havası yox idi. Hər kəs öz işində, söhbətdə idi. Bir də, başları yeməyə qarışmışdı. Kişilərlə qadınların arasında uzun bir pərdə çəkilmişdi. Deyəsən, dinin tələblərindən ancaq buna əməl etməyi yaddan çıxarmayıblar - kişilərlə qadınlar ayrı olmalıdır axı. 


Müdir bizi masaya dəvət edib, mərasim qiymətləri barədə məlumat verdi.

  • Menyu ilə adambaşına 11 manatdır. Əlavələr edilsə, əlavə ödəniş də ediləcək. Çay süfrəsi isə pulsuzdur.

  • Bəs icarə neçəyədir?

  • 400 nəfərlik zaldır. İcarəsi 650 manatdır. İstəsəniz, aşpaz və ofisiantları da gətirə bilərsiniz. Amma bizim işçilər də yaxşıdır.

***

Heç olmasa, Sumqayıtdakı mərasim evi insaflı çıxdı. Qiyməti kəllə çarxa qalxmayıb. 300 nəfərlik mərasimi minimum 3 min 300 manata həll etmək olar. Amma hər bir halda, artıq məsrəf olduğu aşkardır. 

Zaman keçdikcə, dövr dəyişdikcə insanların təfəkkürü, həyat tərzi də dəyişir, yenilənir. Amma qədimdən gələn elə adətlər var ki, əsrlər keçsə də dəyişməz olaraq qalır, varlığını itirmir. Yaxınını itirənin yas tutması, başqalarının onu ziyarətə gəlməsi də bu qəbil adətlərdəndir. Ancaq vaxt ötdükcə bu ziyarətlər təmtəraqlı mərasimlərə çevrilir, getdikcə daha da şöhrəti və tələbləri artır. Axı keçmişdə təmtəraqla yalnız toylar, bayramlar, el şənlikləri keçirilərdi. İndi nə baş verdi ki, yaslarımız toylarımıza oxşamağa başladı? Haradasa zəncir qırılıb. Harada, necə, bilinmir. Onu tapıb düzəltmək, məsələni öz məcrasına salmaq lazımdır. 

Bilinən bir də odur ki, bu “yas sənayesi” ciddi, hətta nəhəng bir biznes sahəsinə çevrilib. Bir neçə il öncə təmtəraqlı yas mərasimlərimin keçirilməsi dövlət səviyyəsində qadağan olunmuşdu. Qısa müddət ərazində “yas mafiyası” vəziyyəti bərpa etdi, dövlətin müəyyən etdiyi qayda qaldı qıraqda. Binalar, çadır kirayəsi, məscidlərdə qurulmuş molla şəbəkəsindən tutmuş, ərzaq tədarükünə qədər hər şey böyük bir konveyerin üzərindədir. Onun hərəkətini dayandırmaq, geniş bir biznes şəbəkəsinin çökməsi, təminatla məşğul olan sahələrin zərbə alması deməkdir. Davam etməsi isə mənəviyyatımızın, sosial dəyərlərimizin, dinə, mədəniyyətə və insan faciəsinə münasibətimizin deqradasiyasına gətirib çıxarır...

Mövzunu davam etdirəcəyik...

Günay Elşən