
“Ölü qalır bir tərəfdə, hərə öz problemini həll edir”
Əndazədən çıxan yas mərasimlərini necə nizamlamalı?
27 May 2024
“Biri dərd çəkərkən, biriləri başqasının faciəsindən pul qazanır”- İqbal Ağazadə
Ümid partiyasının sədri İqbal Ağazadənin yas mərasimlərində qurulan ehsan süfrələri ilə bağlı bu günlərdə sosial şəbəkələrdə paylaşdığı yazısı ictimaiyyət tərəfindən diqqətlə qarşılanıb. O, yas mərasimlərində dəbdəbəli yemək süfrələrinin qurulmasını sərt şəkildə tənqid edib: “Adından da göründüyü kimi yas mərasimidir. Hüzr sahibi ölüsünü ağlasın, dərdini çəksin, yoxsa gələnin qarnını doyursun? Mərasim evləri, çadır xidmətləri ölüm xəbərini və məclisləri az qala sevinclə qarşılayırlar. Yetər, 21-ci əsrdə bu cür mənasız "adətləri" durdurmalıyıq”.
Partiya sədrinin bu fikirlərini cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar təsdiqləyib, ona dəstək olub.
Əslində, yas mərasimlərində təmtəraqlı yemək süfrələri açmaq dinimizin tələblərinə də ziddir. Bu, sadəcə, “adət-ənənə” adı altında nəsildən-nəslə keçib, bu gün də ətalətlə davam edir. Əslində, dinin hökm etdiyi həyat tərzinə görə, dünyasını dəyişmiş adamın evində ilk günlərdə yemək bişirilməsi tövsiyə olunmur, yaxın qohum və qonşuların yemək gətirməsi məsləhət görülür. Bu da yasda olan insanların əlavə işlə yüklənməməsi üçündür. Ancaq Azərbaycanda, bu qaydanın tamamilə əksi icra olunur. Əksər bölgələrdə dünyasını dəyişən şəxsin ailəsi ilk gündən dəfndən daha çox ərzaq, yemək, çadır tədarükü ilə məşğul olur. Çadır demişkən, indi heç əksəriyyət yas mərasimini çadırda yox, banket zallarında, böyük mərasim evlərində keçirirlər. Onların xərcini isə deməyə gərək yoxdur.
Bəs bu “adət”i davam etdirmək keçirilməsi nə dərəcədə doğrudur?
Dini ekspert, jurnalist Kənan Rövşənoğlu Pressklub.az saytına açıqlamasında bildirib ki, islam dinində belə bir hökm yoxdur. İstəyən edir, istəməyən etmir.
“Buna görə də yas məclisində ehsan süfrəsinin qurulmasına dini məsələ kimi yox, məişət adəti kimi baxmaq lazımdır. Bu, şəxslərə bağlı məsələdir, kim istəsə verər, istəməyən verməz. Amma təəssüf ki, bizdə bu, az qala dini məsələ kimi vacib işə çevrilib. Bu tərəfi qınanmalıdır, ancaq kimsə ehsan verir və süfrə açırsa, buna da qadağa qoymaq olmaz. Bunu heç din xadimi də deyə bilməz, çünki dini məsələ deyil”.
Müsahibimiz hesab edir ki, zamanla bu cür dəbdəbəli, israfçı məclislərdən imtina edilməli, onun yerinə həqiqətən ehtiyacı olan insanlara mərhum adından yardım, yaxşılıq edilməlidir.
Həqiqətən də insanlar hər dəfə yas mərasimində ifrat dərəcədə israfçılıq etməkdənsə xeyriyyə işləri ilə məşğul olsalar, daha böyük savab qazanmış olarlar. Sadəcə, el içində bu mərasimlərin keçirilməsi o qədər ciddi bir vəzifəyə çevrilib ki, çörəkpulu tapa bilməyən kasıbdan tutmuş, pulunu balta kəsməyən varlıya qədər hər kəs bunu gözüyumulu icra edir. Sanki bunu ölən insana olan son öhdəlikləri kimi düşünürlər. Həm ona görə, həm də “camaat nə deyər?” deyiminə görə “başqalarından geri qalmamağa” çalışırlar. Nəticədə yas mərasimindəki süfrələr toy, şənlik süfrələrindən çox az fərqlənir. Necə deyərlər, süfrədə bircə “quş südü” çatmır.
Düzdür, tarix boyu təkrarlanan, adət-ənənəyə çevrilən əməlləri bir gündə qoparıb atmaq olmur. Bunun üçün xeyli vaxt sərf etmək lazımdır.
Bəs bu vaxt ərzində nə etmək lazımdır ki, yavaş-yavaş bu ənənə öz aktuallığını itirsin?
Azərbaycan Mətbuat Şurasının sədri, yazıçı, jurnalist Rəşad Məcid Pressklub.az-a açıqlamasında bildirib ki, bu cür adət-ənənələri inzibati yollarla aradan qaldırmaq olar.
“Son 15-20 ildir ki, bununla bağlı məsələlər qaldırılır. Mən milli mentalitetimizdəki qüsurların inzibati yollarla aradan qalxacağına inanıram. Və bu, davamlı olarsa, bu cür naqis adətlər sıradan çıxa bilər. Son illərdə yas mərasimlərində 3-7 mərasimləri birləşdirilib. Demək olar, artıq ölkədə uzun, günlərlə sürən yas mərasimləri olmur. Bu, böyük addımdır”.
Sədr deyib ki, yas mərasimlərində dəbdəbəli süfrə açmaq adəti xristian qonşularımızdan keçib. O, bunu qüsur hesab edir: “Yas mərasimlərini böyük tədbirə çevirmək heç yaxşı deyil. Yalnız xurma ilə çayın verilməsi daha optimal, başadüşüləndir. Bu cür adətlərin həm hökumət tərəfindən inzibati yollarla, həm də ictimai qınaqla dəyişə biləcəyinə inanıram”.
Yeri gəlmişkən, bəzi bölgələrimiz təmtəraqlı yas mərasimlərindən imtina edərək, daha sadə mərasim keçirməyə başlayıblar. Bu tendensiya ilk dəfə Qazax rayonunda və Naxçıvan Muxtar Respublikasında yerli hakimiyyətlərin təşəbbüsü ilə yaranıb.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən aparılmış araşdırmalara əsasən, Gəncə və Naftalan şəhərlərində, eləcə də Füzuli, Lerik, Ağdaş, Astara, Siyəzən, Goranboy, Tərtər, Qəbələ rayonlarında əhalinin əksəriyyəti yas mərasimlərini tövsiyə edilən sadələşdirilmiş qaydada həyata keçirir. Habelə Bakının Şağan kəndi, Şirvan, İmişli, Salyan, Neftçala, Hacıqabul, Zərdab, Göyçay, Biləsuvar, Şəki, Şəmkir, Oğuz və digər rayonlarda əhali yas məclislərini əsasən sadə şəkildə keçirir. DQİDK hazırda bölgələrdə bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərini gücləndirməkdədir. Necə deyərlər, “sağ əlləri digər regionların başına”.
DQİDK-nin Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova mətbuata açıqlamasında bildirib ki, əksər müsəlman ölkələrində yas mərasimlərində təmtəraqdan qaçılır. Yalnız üç gün müddətində başsağlığı üçün gələn qonaqlara su, xurma verilir, yaxud da ölən şəxsin qonşuları tərəfindən yemək bişirilir və qonaqlara paylanılır. Başsağlığı üçün gələn ziyarətçilər arasında mərhumun ailəsinə kömək məqsədilə maddi vəsait toplanır.
E. Kərimovanın sözlərinə görə, DQİDK yas mərasimlərinin keçirilməsi qaydalarının sadələşdirilməsi, onların islam dini dəyərlərinə uyğun təşkil olunması və israfçılıq hallarının qarşısının alınması ilə bağlı monitorinqlər aparır.
Deyilənə görə, yas mərasimini təmtəraqlı keçirmək yalnız azərbaycanlılara məxsusdur. Digər ölkələrdə bu adət yoxdur.
Maraqlıdır, görəsən, digər ölkələrdəki müsəlmanlar yas mərasimlərini necə keçirir?
Türkiyədə insan dünyasını dəyişdikdən sonra ona cənazə namazı qılınır, dəfn olunur və vəfat edənin ailəsinə əksər başsağlıqları elə dəfn mərasimi zamanı verilir. Dəfndən sonrakı üç gün ərzində başsağlığı məqsədi ilə vəfat edən şəxsin evinə baş çəkilir. Bu zaman gələn şəxslərə xüsusi yemək süfrəsinin açılması kimi adət yoxdur.
İran İslam Respublikasında yas mərasimləri məsciddə, həm də qabaqcadan elan olunan müəyyən gün və saatda keçirilir. Üç-dörd saat ərzində məsciddə yemək-içməksiz mərasim olur.
Livanda, Suriyada, İraqda keçirilən yas mərasimlərində mərhumun dəfnindən sonra ətrafda yaşayan insanlar və qohumlar mərhumun ailəsinə düyü, yağ və s. göndərirlər və bu yeməkləri mərhumun evində hazırlamaq üçün müəyyən şəxslər təyin edirlər. Hətta əksər yerlərdə hüzr sahibinə heç bir yemək qayğısına qala bilmədiyi üçün hazır yeməklər də göndərən olur. Suriyada yas mərasimləri zamanı gələn şəxslərə sadəcə qəhvə təklif olunur. Livanda və İraqda məclisə gələn qonaqlara çay, su və halva paylanılır.
Halva demişkən, bəzi mənbələrdə yas yerlərində halva verilməsinin açıqlaması belə göstərilir: "Halva qovrularkən qoxusu ruhları, özü isə diriləri doyurur".
Göründüyü kimi, indiki ehsan anlayışı ilə əsl ehsanın mahiyyəti tamam fərqlidir. Əslində, bu əməlin əsasında yardımlaşma dayanır. Ümumiyyətlə, çətin günlərdə insanlar bir-birinə dəstək olmağa çalışırdı. İndi isə bu cür insanların sayı barmaqla sayılacaq qədər azdır.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Pressklub.az-a açıqlamasında deyib ki, ehsan yoxsul, yardıma möhtac insanlara verilməlidir.
“Bizim ailəmizdə yas olanda cümə axşamları uşaq evlərinə, yoxsullara ehsan paylayırıq. İndi yasa gələnlərin çoxu söhbət edib, laqqırtı vururlar. Ölü qalır bir tərəfdə, hərə öz problemini həll edir. Ona görə ehsan vermək istəyənlər bunun əvəzində xeyir iş görsələr, daha yaxşıdır”,-deyə, müsahibimiz bildirib.
Sədr bildirib ki, bunların qarşısını almaq üçün bu adəti qınayan şəxslər yas edəndə məclisi istədikləri kimi keçirsinlər və hər kəsə nümunə olsunlar. Necə deyərlər, tək əldən səs çıxmaz. O, hesab edir ki, məsələni zamanla həll etmək olar.
Cəmiyyətin bu adətdən üz döndərməsində ziyalıların, ictimai şəxslərin nümunəvi addımları böyük rol oynayacaq. Əslində yas mərasimlərindən imtina cəmiyyətə heç də yad deyil. Çünki bir neçə il öncə pandemiya zamanı karantin qaydalarına görə yas mərasimləri məhdudlaşdırılmışdı.
Mövzu ilə bağlı yazıçı, alim, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu Pressklub.az-a açıqlamasında deyib ki, yas mərasimləri mərhumun ən yaxın adamlarına qədər lokallaşdırılmalıdır.
Alim deyib ki, yas mərasimləri folklor, etnoqrafiya kimi milli ənənədir. İnsanın yas mərasimindəki davranışı onun əqli göstəricisi, ictimai əxlaqı ilə bağlıdır: “Bizim yas mərasimlərimiz əndazədən çıxıb. Onu öz məcrasına gətirmək lazımdır. Bu, xalqın kimliyini ifadə edən məsələdir. Burada tam qadağadan söhbət gedə bilməz. Amma indiki formada da davam edilməməlidir”.
Müsahibimiz ehsan süfrələrinin yaranma səbəbinə də toxunub: “Yas mərasimlərində süfrə açmaq ona görə yaranıb ki, yas sahibi öz itkisini, kədərini yalnız yaşamasın. Həm də dəfn mərasimində həmin insan itirdiyi gücü, enerjini yaxınlarının təsəllisi ilə bərpa edir, birlikdə mərhumu yad edir, onun ruhunu şad etmək üçün ehsan verirlər. Amma əvvəllər halva, çay verilirdisə, indi həmin süfrə müxtəlif təamlarla bəzədilir. Hesab edirəm ki, ölünün halvası bişməlidir. Amma insan ölən kimi yemək bişirməyə, təmtəraqlı ehsan süfrəsinin qurulmasına qarşıyam”.
Yazıçı deyib ki, folklorumuzda “aşı bişmək” məsəli var. Deyirlər, filankəsin aşı bişdi. Yəni, ölüb, aşını bişiriblər: “İnsanın ölən günü yox, üçü və ya yeddisində o aşın bişməsinə qarşı deyiləm. Digər yeməklərə yox, amma az miqdarda aşa güzəştə getmək olar. Əvvəllər süfrədə yalnız aş, göyərti və halva olurdu. Bu, yetərli idi”.
Müsahibimiz problemin həllinə də münasibət bildirib: “Bu məsələnin həll olunması üçün medianın gücü, ziyalıların rəyi yetərli deyil. Çünki ziyalılar yas mərasimlərinin lokallaşdırılmasına çalışsa da, mərasim evi sahibləri, mollalar və bu sahədə biznes quranlar pul qazanmaq üçün bu cəhdlərin reallaşmasına maneələr törədəcəklər. Ona görə də bu məsələyə aidiyyəti dövlət qurumları müdaxilə etməlidir. Əks təqdirdə problemin həlli mümkün deyil”.
Əvvəllər, adətə görə, yas məclisində olan adamlar istədikləri vaxt məkanı tərk etməz, gözləyərlərmiş ki, içəri kimsə daxil olsun, ondan sonra getsinlər. Məqsəd də bu imiş ki, yası düşən adam iki dəfə qalxıb, əziyyət çəkməsin, yeni gələni qarşılayan zaman köhnələr də sağollaşıb, getsinlər. İndi isə nəinki bu qədər incə məqamları nəzərə almaq, heç yas sahibinə baş sağlığı belə vermədən məclisi tərk edənlər var. Keçmişdə qohum-qonşular yas sahibinə dəstək olar, işini, dərdini yüngülləşdirməyə çalışardılar.
Beləliklə, ekspertlərin də dediklərindən aydın olur ki, əzizini itirmiş insana fiziki, mənəvi, maddi, psixoloji və s. hər cəhətdən ağır gələn və əziyyət verən bu cür yas mərasimləri birmənalı şəkildə yığışdırılmalı, insanlara öz acısını yaşamaq fürsəti verilməlidir. Düzdür, insanları heç kim bu cür mərasim keçirməyə vadar etmir. Amma… “camaat nə deyər”?...
Ona görə də ilk növbədə maarifləndirmə tədbirləri aparılmalı, şüurlarda köklü dəyişiklik edilməli, sonra isə aidiyyəti qurumlar məsələyə əl atmalıdır.
Günay Elşən