Dörd gənc Şuşada və Xankəndidə özünü necə tapdı? - REPORTAJ
“Mən bu müharibənin həm şahidiyəm, həm də iştirakçısı”
13 Oktyabr 2025
Burada təkcə yollar, binalar, məktəblər deyil, talelər də yenidən qurulur. Qarabağa qayıdış bəziləri üçün illərin arzusu, digərləri üçün isə həyatında gözlənilməz dönüş nöqtəsi olur. Eləsi var, ixtisasını, eləsi var, yerli-dibli yaşam tərzini dəyişir. Doğma torpaq insanı özünə belə çəkir.
Musiqi “beşiyinə” qayıdır
Mirhəmzə Ağayev dünyaya məcburi köçkün kimi gəlmiş gənclərdəndir. Əslən Şuşalı olan 29 yaşlı Mirhəmzə doğma yurdunun işğal olunduğu dövrü, ailəsinin oradan necə çıxdığını, əlbəttə, xatırlamır. Amma ata-anası kimi, bu torpaqlara həmişə ruhən bağlı olduğunu deyir. O, Bakıdakı Şuşa Musiqi Kollecini və Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirib. İxtisasca fortepianoçu, həm də bəstəkardır. 2020-ci ildə müharibə başlayana qədər 5 il Ramana qəsəbəsində yerləşən Şuşa rayon Mədəniyyət Mərkəzində konsertmeyster işləyib.
“Şuşanı heç vaxt görməsəm də, sənətimlə ona bağlı olmuşam. Hər yerin özünəməxsus xüsusiyyəti var. Şuşa da musiqi beşiyidir. Mənim musiqiyə calanmağım təsadüfi olmayıb”.
Mirhəmzə 2024-cü ilin iyulundan Şuşada yaşayır.
“Biz köç siyahısında ön sıralarda idik. Bu baxımdan, çox şanslı olduq. Ailəmizə böyük sevinc üz verdi”.
Gənc musiqiçi Bakıda valideynlərinin ona aldığı pianonu da özü ilə yeni mənzilinə gətirib.
“Mən Şuşada yaşamaq üçün Bakıdakı çevrəmi, işimi tərk etdim. Hətta peşəmdən də bir qədər aralı düşdüm. Qarabağda quruculuq işləri gedir, evlər tikilir, infrastruktur yaradılır. Hələlik burada yanacaqdoldurma məntəqəsinə növbə rəisi düzəlmişəm. Gələcəkdə Şuşada fəaliyyət göstərəcək Mədəniyyət Mərkəzində öz ixtisasıma qayıdacağım”.
Mirhəmzə tamamilə başqa bir sahədə iş tapmağa müvəffəq olsa da, musiqi ilə gündəlik məşğuliyyətinə ara vermir. O, dövlət və mədəniyyət tədbirlərində çıxış edir, tez-tez rəsmi mərasimlərə dəvət olunur.
Mirhəmzənin böyük qardaşı Orxan da Bakıdan Şuşaya köçənlərdəndir. Yasamalda kafe işlədən Orxan hazırda Şuşadadır:
“Qardaşım Mirhəmzə dedi, Şuşada otellər açılır, orada işçiyə ehtiyac var. Mən də sənədlərimi verdim. Müraciətlərə Yasamaldakı 1 saylı Şuşa məktəbində baxırdılar. Qəbul olundum. Xoşbəxtəm. Çünki Şuşanı tərk edəndə 1 yaşa təzə yetmişdim, indi 34 yaşım var. Demişdim ki, mənə istənilən iş verə bilərsiniz, təki Şuşaya qayıdım. 2023-cü ilin 8 mayından işləyirəm, ailəmiz isə 2024-cü ildən buraya köçüb.”

Xankəndi sınağı
Türkan Əkbərova da, Orxan kimi, Qarabağı körpə vaxtlarında tərk etmək məcburiyyətində qalıb. Üç yaşında olarkən, onun doğulduğu Kəlbəcər rayonu işğal olunub. Əkbərovlar ailəsi Mingəçevir şəhərində sığınacaq tapıb. Türkan orta təhsilini burada alıb, sonra ibtidai sinif müəllimi ixtisası üzrə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialını bitirib.
Bu il, 35 yaşında həyatının ən mühüm qərarını verib: müəllimlik peşəsini geridə qoyaraq, Xankəndi şəhərinə köçüb və burada əvvəllər təcrübəsi olmadığı bir sahədə biznes fəaliyyətinə başlayıb.
“Yaxın dostlarımdan biri mənə Xankəndidə restoran biznesində özümü sınamağı təklif etdi, birbaşa menecer vəzifəsində. Təklif maraqlı idi, amma məsuliyyətini dərk edirdim. Xankəndi yox, hər hansı başqa şəhərdən söhbət getsəydi, heç vaxt ürək etməzdim. Ancaq bura gəlmək xatirinə hər şeyə hazır idim. Təsəvvür edin, mən menecer ola-ola, ofisiantlarin da işini öyrənirdim. 2025-ci ilin aprelindən buradayam və qətiyyən peşman deyiləm, necə deyərlər, sınaqdan yaxşı çıxmışam, işi tam mənimsəmişəm”.
Türkanın sözlərinə görə, ailədə dörd bacıdırlar və hər biri doğma torpağa sonsuz sevgi ruhunda tərbiyə olunub:
“Biz Qarabağ haqqında hekayətlərlə böyümüşük, tez-tez Şəhidlər Xiyabanını ziyarət edirdik. Daha çox ehtiyacı olanlara, müharibədən əziyyət çəkən insanlarla qayğı göstərirdik və indi də bunu davam etdiririk.
Mən həm də “Nur” dəstək qrupunun həmtəsisçisiyəm. Qrup üzvlərimiz mütəmadi olaraq şəhid ailələrini, qaziləri ziyarət edir, onların problemləri ilə maraqlanırlar. 44 günlük Vətən müharibəsi zamanı da könüllülərlə birlikdə Füzuli, Hadrut və Qubadlıdakı hərbi hissələrə yardım daşıyırdıq.
Xankəndidə ilk dəfə 2023-cü ildə oldum və o andan etibarən burada yaşayıb-işləməyi qarşıma məqsəd qoydum. Ona görə də müəyyən tərəddüdlər keçirməyimə baxmayaraq, Xankəndidə iş təklifini əldən vermədim. Bu gün restoranımız şəhərdə menyusu ilə seçilən üç məkandan biridir. Gələcəyimi artıq burada görürəm”.

“Azad etdiyimiz torpaqlara həyat qaytarmalıyıq”
Əgər Xankəndinin Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbəni nəzərə almasaq, hazırda bu səhərin azsaylı sakinlərinin əksəriyyəti ya infrastrukturun bərpası, ya da turizm sahəsində işləyir.
“Müharibədən sonra düşündüm ki, biz bu torpaqları azad etmişik, indi oraya həyat qaytarmalıyıq. Uzun illər Tərtərdə yaşamışam, uşaqlığımdan şəhərə sayını itirdiyim qədər mərmi atıldığının şahidi olmuşam. Bu müharibənin həm zərərçəkəni, həm iştirakçısıyam. Daha hərb bitdi, indi sülh sənətinə qayıtmaq vaxtıdır. Azad Qarabağda çalışmaqdan məmnunam”, - deyən Elməddin Həsənli Xankəndidə mehmanxana meneceridir.
Elməddinin 30 yaşı var, Tərtərdə anadan olub, Gəncə Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib. Gənc olmasına baxmayaraq, turizm sahəsinə kifayət qədər təcrübə toplayıb. Artıq dörd aydır ki, Xankəndidə yaşayır və şəhərdəki otellərdən birində menecer vəzifəsində çalışır.
***

Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ən son məlumatına görə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 14843 nəfərdən ibarət 3721 ailənin qayıdışı təmin edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə isə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı həmin tarixə işğaldan azad edilmiş ərazilərdə müvəqqəti yaşayanların sayı 32216 nəfər təşkil edib. Beləliklə, tələbələr də daxil olmaqla, bütün zonada məskunlaşmış əhalinin ümumi sayı 48 min 209 nəfərə çatıb.
Qayıdış prosesi təkcə fiziki köçlə məhdudlaşmır. Bu, insanların yeni mühitə peşə, sosial və mənəvi baxımdan uyğunlaşmasını tələb edən çoxşaxəli bir prosesdir. Köç edənlər əvvəlki həyat tərzlərini və bacarıqlarını yeni reallıqlara uyğunlaşdırmaqla yanaşı, bəzən tamamilə fərqli seçimlər edir, təcrübələri olmadıqları sahələrdə fəaliyyət göstərməyə başlayırlar. Tədricən bərpa olunan şəhər və kəndlər yalnız yenilənən tikililərlə deyil, burada yaşayan insanların xarakteri, məsələlərə yanaşması, gündəlik fəaliyyəti ilə də formalaşır.
Press Klub