Logo
news content
User
Kateqoriyalar

İcmal

Zəngəzur dəhlizi: üçtərəfli bəyanatın icra edilməyən mühüm bəndi

Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanatın imzalanmasından 1 il keçsə də, Yerevanın qeyri-konstruktiv mövqeyi ucbatından sazişin bəzi bəndləri hələ də yerinə yetirilməyib.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan qoşunlarının tərksilah edilməsi və regional nəqliyyat əlaqələrinin bərpası, xüsusilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirməli olan Zəngəzur dəhlizinin açılması bu sənəddə nəzərdə tutulmuş məsələlərdən olsa da, onlar hələ də reallığa çevrilməyib.

Tərəflər atəşkəs bəyannaməsinin birinci bəndinə əməl edir və son bir ildə bir neçə kiçik insident istisna olmaqla, atəşkəsə əməl olunur. Sazişin Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılmasını nəzərdə tutan 2 və 6-cı bəndləri də yerinə yetirilib. Ermənistan ordusu 2020-ci ilin noyabrının sonuna qədər işğal etdiyi bu üç rayondan çəkilib və ərazi Azərbaycan Ordusuna təhvil verilib.

Bundan başqa, sənədin 3-cü bəndinə əsasən, Rusiya hərbi qüvvələri Qarabağın ermənilər yaşayan ərazilərində və Laçın dəhlizində yerləşdirilib. Həmin ərazilərdə 1960 rus hərbçisi yüngül silahlarla və 90 ədəd zirehli texnika ilə təchiz olunub. Rusiya sülhməramlılarının mandatı 5 il müəyyən edilib. Bu müddətin sonunda tərəflərdən hər hansı biri etiraz etməzsə, sülhməramlılar daha 5 il bölgədə qala biləcək.

Amma bəyanatın 4-cü bəndinə əsasən, Rusiya sülhməramlıları bölgəyə Ermənistan qüvvələrinin oradan çıxarılması ilə paralel yerləşdirilməli idi. Bu bəndin tələbləri də tam yerinə yetirilməyib. Ermənistan ordusu geri çəkilsə də, bölgədə erməni silahlı dəstələrinin olması Azərbaycanı narahat edən əsas məsələlərdəndir.

Bəyannamənin tərəflərin atəşkəs rejiminə əməl etməsinə nəzarət olunması üçün Birgə Monitorinq Mərkəzinin yaradılmasını nəzərdə tutan 5-ci bəndinə isə əməl olunub. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 30 yanvar 2021-ci ildən Ağdam ərazisində fəaliyyət göstərir.

Mənbə: Anadolu Agentliyi

Tərcümə: WorldMedia.az