Logo
news content
User
Kateqoriyalar

İcmal

RUSİYA MEDİASI: “3+3” = Qarabağ münaqişəsinin nizamlanması?

“3+3” formatı və ya başqa cür deyildiyi kimi, “altılı platforma”nın yaradılması zərurətini Ankara hələ 20 il əvvəl bəyan etmişdi. Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğan isə azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə 2020-ci il dekabrın 10-da İkinci Qarabağ savaşının bitməsi şərəfinə keçirilən paradda “altılı platforma”ya yeni həyat verib. Amma Qarabağ münaqişəsi tərəfləri arasındakı ziddiyyətlərin həllinə ümid yaradan bu təşəbbüs hələ ki, inkişaf etdirilmir.

Türkiyə lideri bu mövzuya Romada keçirilən “G20” sammiti zamanı Fransa prezidenti Emmanuel Makronla görüşündə də toxunub. Bütün baş verənləri nəzərə almaqla, “NEWS.ru” “altılı platforma”nın işə düşmə perspektivlərini araşdırıb.  

“3+3” platforması Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Ermənistan və Gürcüstanın böyük qonşuları olan Türkiyə, Rusiya və İranla regional əməkdaşlığını nəzərdə tutur. İlkin olaraq təşəbbüs müəllifləri əsas məqsəd kimi Ermənistan ərazisində nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tuturlar. Bu kommunikasiyalar münaqişə başlayan vaxtdan bağlanıb. Azərbaycan və Türkiyə tərəfi hesab edir ki, bu baş verərsə, özünü blokadaya salmış Ermənistanın iqtisadiyyatı çiçəklənməyə başlayacaq.

Ankara və Bakının təşəbbüsünü Moskva da dəstəkləyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov mövzuya iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşündə də toxunub. Lavrov bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanatda bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpası nəzərdə tutulur. Nazir qeyd edib ki, “3+3” platformasının işə salınması həm münaqişə tərəfləri, həm də onların qonşularının iqtisadiyatına müsbət təsir göstərəcək.

Moskva həmçinin mütəmadi olaraq regional oyunçularla bu təşəbbüsün reallaşdırılması ilə bağlı məsləhətləşmələr aparır. Noyabrın 2-də Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı sözügedən formatda əməkdaşlıq məsələlərini də müzakirə edib. Buna qədər isə Rusiya xarici siyasət idarəsinin başçısı məsələni “G20” sammiti çərçivəsində türkiyəli həmkarı Mövlud Cavuşoğlu ilə müzakirə etmişdi.

Ermənistanın qorxusu

Bu arada, münaqişə tərəflərindən biri olan Ermənistan “3+3” formatı ilə bağlı birmənalı mövqe sərgiləməyə tələsmir. Ölkənin baş naziri Nikol Paşinyan bəyan edib ki, ilk növbədə söhbətin konkret olaraq hansı əməkdaşlıqdan getdiyini, platformanın hansı məqsədlər güddüyünü və hansı prinsiplər əsasında işləyəcəyini anlamaq lazımdır.

Ermənistanın ehtiyat etməsi həm də “altılı platforma” təşəbbüsünün Türkiyə və Azərbaycandan gəlməsi ilə bağlıdır. Yerevanda hesab edirlər ki, bununla Ankara və Bakı diplomatik ziddiyətlər meydanda Ermənistanın bir növ müdafiəçisi kimi çıxış edən ATƏT-in Minsk qrupunun bölgədə təsir imkanlarını məhdudlaşdırmağa çalışırlar.

Ermənistanda “3+3” formatını risklərlə dolu avantüra hesab edirlər. Bizimlə söhbətində politoloq Armen Qasparyan deyib ki, altıtərəfli əməkdaşlıq bir sıra ciddi çətinliklərə aparıb çıxara bilər. Ekspert vurğulayır ki, erməni tərəfinin Türkiyə ilə nə diplomatik, nə də başqa münasibətləri var. Üstəlik, Ankara “bir millət, iki dövlət” nəzəriyyəsi çərçivəsində özünü Azərbaycanla eyniləşdirir. Bu baxımdan Qasparyan yeni formatın Qarabağ ətrafındakı böhranın həllinə kömək edəcəyinə inanmır. “Əsas məsələ “3+3” mexanizmində nəzərdə tutulduğu kimi, vəziyyətin sabitləşməsində deyil, Ermənistan və Azərbaycan əhalisinin müharibədən sonra sosiallaşmasındadır. Bu iki toplumda bir-birinə qarşı total nifrət var. Mən altıtərəfli mexanizmin bütün bunları həll edə biləcəyinə böyük şübhə ilə yanaşıram”, - deyə Qasparyan bildirib.

Politoloq həmçinin deyib ki, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası ölkələr arasında qarşılıqlı fəaliyyətə səbəb olmayacaq. Lakin o, bu fəaliyyətin yaranmasını ilkin şərt hesab edir, çünki bu, növbəti addımları hazırlamağa imkan verəcək.

İranın qayıdışı

Bu gün İran Cənubi Qafqazda nüfuzunun bərpasında heç vaxt olmadığı qədər maraqlıdır. Görünürən odur ki, Tehran Bakı ilə yaşanan gərginliyin aradan qaldırıldığını onun “3+3” formatına cəlb olunmasından sonra bəyan edib. Bu barədə bəyanatla azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə İranın xarici işlər naziri çıxış edib. Rəsmi Bakı bu məlumatı şərh etməsə də, görünən odur ki, Tehranın mövqeyini Azərbaycan da təsdiqləyir.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Vladimir Sajin bizimlə söhbətində bildirib ki, Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibə İranın Cənubi Qafqazdakı ciddi problemlərin həllindən kənarlaşdırılmasına səbəb olub. Üstəlik, Türkiyə ilə Azərbaycan arasında çox güclü müttəfiqlik yaranıb ki, bu da Tehranın əhvalına təsirsiz ötüşə bilməzdi.  

“Türkiyə İranın tarixi rəqibidir. Yaradılmış koalisiyanın əhəmiyyəti və Ankarının təsir imkanlarının artması bir çox problemlərin İran tərəfindən daha yaxşı qavranılmasına imkan verib. “3+3” formatı bu ölkəyə Qarabağla bağlı vacib qərarların təkcə müzakirəsinə deyil, həm də qəbul olunmasına, Bakı ilə qarşılıqlı münasibətlərin yaxşılaşdırılmasına qayıtmağa imkan verir. İranın son illər apardığı uğursuz Qafqaz siyasətinin fonunda bölgədəki problemlərin kollektiv həlli prosesinə qayıtması xüsusi əhəmiyyət daşıyır. İran və Türkiyənin iştirakı olmadan ciddi problemlərin həlli mümkün deyil. Bu səbəbdən də “3+3” doğru yolla hərəkət etmək üçün çox effektiv vasitədir”, - deyə Sajin qeyd edib.

Belə fikirlər də var ki, nəqliyyat dəhlizlərinin açılması İranın ABŞ-ın sanksiya blokadasından çıxmasına kömək edəcək. Qarabağ müharibəsi başa çatdıqdan sonra İranın kommunikasiyaları qarışıb. İndi Azərbaycan sərhədi keçmək istəyən hər kəsdən rüsum tələb edir. Üstəlik, Bakı Zəngəzur dəhlizinin bünövrəsini qoyub ki, bu da Ankaraya Xəzər dənizinə quru yolu ilə çıxış imkanı verir. Bütün bunlar İranı Cənubi Qafqazın xəritəsində baş verən geosiyasi dəyişikliklərdən kənarda qalmağa qoymur.

Gürcüstan maneəsi

“Altılı platforma”nın reallaşması ilə bağlı problemlərdən biri də Gürcüstan hakimiyyətinin ona qoşulmaqdan imtinasıdır. Bir müddət əvvəl bu ölkənin baş naziri və XİN başçısı David Zakaliani bəyan edib ki, ölkəsinin 2008-ci ildən bəri diplomatik əlaqələrinin olmadığı Rusiya ilə birlikdə “3+3” formatında iştirakı çətindir. Lakin qeyd etmək vacibdir ki, bu platforma Moskva ilə ikitərəfli münasibətlərin bərpası üçün də yaxşı meydança ola bilərdi. Xüsusən də nəzərə alsaq ki, Rusiya tərəfi hadisələrin belə inkişafına razılığını dəfələrlə ifadə edib. Lakin Tbilisi bu ssenariyə qarşı çıxır.

Pentaqon rəhbəri Lloyd Ostinin Gürcüstan tərəfi ilə apardığı söhbətlərdən sonra məsələyə ir qədər də aydınlıq gəlib. Onun sözlərinə görə, Rusiya yeni formatları müzakirə etməzdən əvvəl 2008-ci ildə imzalanmış atəşkəs sazişi ilə üzərinə götürdüyü öhdəliklərə hörmətlə yanaşmalıdır.

Ostinin Gürcüstan səfəri zamanı həmçinin Vaşinqtonla Tbilisi arasında hərbi sahədə əməkdaşlıq razılaşmasının imzalanması nəzərdə tutulurdu. Müdafiə sahəsində əməkdaşlıq iki elementdən ibarətdir: Gürcüstan Müdafiə Nazirliyi və strukturlaranın institusional inkişafı, eləcə də briqadalar səviyyəsində birgə təlimlər keçirməklə, ordunun inkişaf etdirilməsi.

Amma ABŞ Rusiyanın Cənubi Qafqazda güclənməsinə çoxdan mane olmağa çalışır. Bundan əvvəl Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Moskva Vaşinqtonun bəzi prosesləri əngəlləmək və Qarabağla bağlı “3+3” formatının yaradılmasına mane olmaq cəhdlərini görür. O demişdi ki, amerikalı tərəfdaşlar təşəbbüsün müəlliflik hüququnu Moskvanın ayağına yazmaqla dezinformasiya yayır və “rusofob atmosferdə qəribə oyun oynamağa çalışır”.

Bütün bunların fonunda bu gün Gürcüstanı “yola gətirmək”lə Türkiyə məşğul olur. Lakin bir müddət əvvəl Ərdoğan da Tbilisinin “neqativə kökləndiyini” bildirib. O, hesab edir ki, bölgəni “sülh meydanı”na çevirmək üçün ölkələr səylərini birləşdirməlidir.

Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri Valeri Xaburdzaniya da “NEWS.ru”ya açıqlamasında Tbilisinin “3+3” formatından imtina etməsinin onun Rusiya ilə əlaqə qurmaqdan çəkinməsi ilə bağlı olduğunu bildirib. Hökumət bilir ki, Gürcüstan müxalifəti Rusiya ilə istənilən əməkdaşlığı süngü ilə qarşılayacaq. Bununla yanaşı, o, qeyd edib ki, istənilən formatdan bəhrələnmək lazımdır, xüsusilə orada Gürcüstanın da can atdığı NATO-nun üzv dövləti təmsil olunursa. Xaburdzaniyanın sözlərinə görə, bu platforma gürcü tərəfi üçün heç bir problem yarada bilməz. Əksinə bu, “söz demək, ünsiyyət qurmaq və öz maraqlarını nümayiş etdirmək üçün əlverişli meydandır”. 

“Gürcüstan bu proseslərdən kənarda qalacağı halda zərər çəkə və daha çox itirə bilər. Hazırda nəqliyyat axınları Gürcüstandan keçir. Yeni proses onun iştirakı olmadan işə düşərsə, Gürcüstan nəqliyyat dəhlizindən kənarda qala bilər. Bu, ağılsızlıq və ciddi səhv olardı. Gürcüstan hakimiyyətinin bu məsələdə müxalifətdən çəkinməsi qeyri-ciddi yanaşmadır. Xalqa bu formatın nə demək olduğunu daha ətraflı şəkildə izah etmək lazımdır”, - deyə Xaburdzaniya bildirib.

Göründüyü kimi, altıtərəfli formatın işə salınması yolunda çətinliklər çoxdur. Lakin tərəflərin vəziyyətdən çıxış yolları axtarması və maneələrdən, o cümlədən Qərbdəki tərəfdaşlarla fikir ayrılıqlarından yan keçməyə çalışması təşəbbüsün reallaşacağına və bölgədə dinc həyatın bərpa olunacağına ümidləri artırır.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Müəllif: Sona Rüstəmova

Mənbə: News.ru