Kommersant (Rusiya): BAKIDAN ŞİKAYƏTLƏ…
Rusiya və İran XİN rəhbərlərinin diqqət mərkəzləri fərqlidir
09 Oktyabr 2021
Müəllif: Marianna Belenkaya
İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edərək, rusiyalı həmkarı Sergey Lavrovla tanış olub və danışıqlar aparıb. İranlı qonaq əmin edib ki, Rusiya ilə münasibətlər ölkəsinin xarici siyasətində prioritetdir.
Danışıqlar zamanı ikitərəfli əməkdaşlıqla bağlı məsələlərdə iki nazirin fikri üst-üstə düşsə də, regional gündəmdə vurğuladıqları məsələlər bir-birindən fərqlənib. Sergey Lavrov üçün prioritet nüvə razılaşmasının gələcəyi idisə, onun iranlı həmsöhbətini daha çox Azərbaycanla münasibətlər narahat edirdi.
Hüseyn Əmir Abdullahianın Moskvaya ilk səfəri bu vəzifəyə təyinatından təxminən bir ay sonraya təsadüf edib. Cənab Abdullahian ixtisasca diplomat olsa da, son illər İran parlamenti sədrinin müşaviri işləyib. KİV-in yazdığına görə, onun Xarici İşlər Nazirliyindən (XİN) gedişinə səbəb keçmiş nazir Məhəmməd Cavad Zəriflə aralarındakı fikir ayrılıqları olub. Lavrov Zəriflə yaxşı dil tapa bilirdi, yeni nazirlə də belə olub-olmayacağını demək çətindir.
Nazirlər arasında danışıqlar iki saat davam edib. Görüşdən sonra diplomatlar mətbuat qarşısına çıxarkən jurnalistlər belə qənaət gəliblər ki, tərəflər işgüzar əhvalda olsalar da, onlar arasında xüsusi bir yaxınlaşma nəzərə çarpmır.
Nazirlər mətbuat konfransındakı giriş nitqlərinin əsas hissəsini ikitərəfli münasibətlətin inkişafına həsr ediblər. Sergey Lavrov “pandemiya və ABŞ-ın qeyri-legitim sanksiyalarına baxmayaraq”, bu ilin ilk 7 ayında iki ölkə arasında ticarət dövriyyəsinin 42% artaraq 1,9 milyard dollara çatdığın deyib. 2019-cu ildə bu rəqəm 1,6 milyard dollardan bir qədər artıq imiş.
İranlı nazir isə hesab edir ki, ikitərəfli münasibətlərdə ciddi irəliləyişə nail olmaq üçün daha çox səy göstərmək lazımdır. O, İranda artıq əhalinin 70%-nin peyvənd olunduğunu bildirib: demək, iranlı iş adamlarının Rusiyaya gediş-gəlişinə, iqtisadi-ticari sahədə əlaqələrin inkişafına maneə yoxdur.
Sergey Lavrovun sözlərinə görə, Moskva ilə Tehran İrana “Sputnik V” peyvəndinin tədarükünə dair müqavilənin reallaşdırılmasının sürətləndirilməsi haqda razılığa gəliblər. Məsələ ondadır ki, iki ay əvvəl İranın Rusiyadakı səfiri Kazım Cəlali bu sahədəki vəziyyətdən gileylənmişdi. O, bildirmişdi ki, müqaviləyə əsasən Rusiya İrana 62 milyon doza peyvənd göndərməli olsa da, onun yalnız 1 milyon 20 min ədədini ala biliblər. O vaxtdan indiyədək isə İrana daha 200 min doza peyvənd göndərilib.
İkitərəfli əlaqələrin inkişafı ilə bağlı planlar tərəflərin heç birində sual doğurmasa da, mətbuat konfransında məlum olub ki, beynəlxalq və regional məsələlərdə Moskva ilə Tehran arasında fikir ayrılıqları var. Sergey Lavrov özünün ictimaiyyət üçün açıqlamasında əsas diqqəti İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin nizamlanmasını nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) yönəldib.
Xatırladaq ki, bu sənəd 2015-ci ildə İran, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında imzalanıb. 2018-ci ildə ABŞ birtərəfli qaydada anlaşmadan çıxaraq İrana qarşı sanksiyalar siyasətini bərpa edib. Buna cavab olaraq bir il sonra Tehran BHFP ilə üzərinə götürdüyü öhdəliklərindən tədricən imtina etməyə başlayıb ki, bu da beynəlxalq ictimaiyyətdə İranın nüvə silahı əldə edə biləcəyi ilə bağlı narahatlıq yaradıb. Co Bayden administrasiyası Ağ Evə gəldikdən sonra isə Vaşinqton Tehranla dialoqu bərpa etməyə qərar verib. Məsləhətləşmələr aprel ayında Vyanada başlasa da, altı raund ərzində heç bir razılıq əldə edilməyib.
Mühafizəkar İbrahim Rəisinin qələbəsi ilə nəticələnmiş prezident seçkisindən sonra yeni hökumət formalaşdıran Tehran Vyana məsləhətləşmələrini bərpa etməyə tələsmir. Bu səbəbdən artıq beynəlxalq ictimaiyyətin səbri tükənmək üzrədir. Moskvada Rusiya və İran xarici işlər nazirlərinin görüşündən cəmi bir saat əvvəl Sergey Lavrovla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığının aparıldığı məlum olub. Amerika tərəfinin təşəbbüsü ilə baş tutmuş danışıq zamanı İranın nüvə proqramı ilə bağlı fəaliyyət planı müzakirə olunub. Görünür, cənab Blinken iranlılara hansısa mesajı çatdırmağa tələsirmiş.
Lavrov mətbuat konfransında Blinkenlə danışdığını xatırlatmayıb, lakin vurğulayıb ki, dünya birliyi ABŞ-dan qanunsuz sanksiyalardan imtina edərək, nüvə razılaşmasının hüquqi müstəvisinə qayıtmasını gözləyir. Eyni zamanda, Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, onun iranlı qonağı Tehranın Vyana məsləhətləşmələrini mümkün qədər tez bərpa etməyə hazır olduğunu bildirib və bu məsələdə onun mövqeyi Rusiya tərəfinin fikri ilə üst-üstə düşür.
Lakin İranlı nazir “Kommersant”ın Vyana danışıqlarının nə vaxt bərpa ediləcəyi barədə sualından yayınaraq, əvəzində deyib ki, BMT Baş Assambleyasınn sessiyası zamanı amerikalılar onlara prezident Baydenin fəaliyyət planı ilə bağlı niyyətinin ciddi olduğunu bildiriblər. Söhbət o cümlədən “İran xalqının hüquq və maraqlarının reallaşdırılması”ndan gedir. Nazir eyham vurub ki, ABŞ tərəfinin niyyətinin ciddiliyinin nümayişi xarici banklarda İrana məxsus 10 milyard dollarlıq aktivlərə qoyulmuş qadağanın aradan qaldırılması ola bilər.
Hüseyn Əmir Abdullahian BHFP haqda danışmağa məcbur qalsa da, açıq-aşkar hiss olunub ki, Sergey Lavrovdan fərqli olaraq onun üçün bu məsələ heç də prioritet deyil. İranlı nazir üçün ağrılı mövzu Azərbaycan məsələsi idi. O, Bakının xarici dövlətlərin iştirakı ilə keçirdiyi hərbi təlimləri təxribat adlandırıb, həmçinin bəyan edib ki, Tehran “Qafqazın xəritəsinin dəyişdirilməsi”nə dözməyəcək. “Bizim bu bölgədə terrorçuların və sionistlərin mövcudluğundan ciddi narahatlığımız var”, - deyə iranlı nazir bildirib.
Qeyd edək ki, Bakı ilə Tehran arasında münasibətlər sentyabr ayının sonunda gərginləşib. O zaman Azərbaycan İrana məxsus yük maşınlarının Qarabağa keçməsinin qarşısını alıb və İranın onunla sərhəddə təlim keçirməsindən narahatlığını ifadə edib. Tehran isə Bakıya tənqidlə cavab verib və onu İsraillə hərbi əməkdaşlıqda günahlandırıb. Üstəlik, İran və Rusiya nazirlərinin Moskva görüşündən əvvəl Tehranın öz hava məkanını Azərbaycanın Naxçıvana uçan hərbi təyyalərinin üzünə bağladığı məlum olub.
Lavrov Cənubi Qafqazdakı vəziyyəti iranlı həmkarı ilə müzakirə etdiyi digər regional məsələlərlə bir sırada qeyd edib. Lakin iranlı jurnalistin sualından sonra, o, da bu məsələyə qayıdaraq Rusiyanın mövqeyin bildirməli olub. Nazir deyib ki, Moskva artıq Dağlıq Qarabağda müharibənin dayanmasında öz həlledici rolunu oynayıb. Əldə edilmiş razılaşmalarda bölgədə bütün nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi əlaqələrin bərpası nəzərdə tutulur.
“Bu kontekstdə bu gün “3+3” formatının yaradılması təşəbbüsünü müzakirə etmişik. Yəni üç Cənubi Qafqaz ölkəsi və üç “böyük” qonşu – Rusiya, İran və Türkiyə”, - deyə Lavrov qeyd edib. O, həmçinin bildirib ki, əgər İran kənar oyunçuların Xəzər dənizinə müdaxiləsinin qarşısını almaq istəyirsə, o zaman Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya etməlidir. Çünki məhz bu sənəd “Xəzərdən kənar istənilən dövlətin” dənizdəki hərbi mövcudluğunu birbaşa qadağan edir. 2018-ci ilin avqust ayında Rusiya, Qazaxıstan, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin imzaladığı bu Konvensiyanı ratifikasiya etməyən yeganə tərəf İrandır.
(Rus dilindən tərcümə - WorldMedia.Az. Mənbə: Kommersant)