Logo
news content
User
Kateqoriyalar

İcmal

Kimiyə sammit və amnistiya, kimiyə - yox
Kommersant (Rusiya): “Müharibənin ildönümünü Bakı ilə Yerevan iki fərqli ssenari ilə qeyd edib”

Müəllif: Sergey Strokan

Rusiya prezidenti Vladimir Putin, Azərbaycanın dövlət başısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın ildönümü Cənubi Qafqazda Moskva, Bakı və Yerevanın iştirakı ilə diplomatik fəallığın kəskin artmasına səbəb olub. 44 günlük Qarabağ müharibəsinin birinci ildönümü liderlərin yeni görüşü üçün yaxşı stimul ola bilər. Bu görüşdə onlar “yerində sayan” nizamlama prosesini irəli apara bilərdilər.

“Bəli, doğrudan da belə bir görüş planlaşdırılır” deyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks” agentliyinə müsahibəsində gözlənilən sammit barədə məlumatları təsdiqləyib. Bir gün sonra isə o, əlavə edib: “Belə videokonfransın nə vaxt baş tuta biləcəyi ilə bağlı hələlik dəqiq razılaşma və aydınlıq yoxdur. İşlər davam etdirilir”.

Azərbaycan prezidenti İlham Əliyev bu məlumatı şərh etməsə də, Ermənistanın baş naziri Nikol Paşinyan tələsik açıqlama verib. “Mən deyə bilərəm ki, hazırda görüşün keçirilməsi barədə hansısa razılaşma yoxdur. Biz görüşlərin keçirilməsinə qarşı deyilik. Lakin vacib olanı kontekst, simvolika, potensial nəticədir. Biz nəticə əldə edə biləcəyimiz görüşlərdən imtina etməyəcəyik, lakin bu görüşlər görüş xatirinə keçirilməməlidir”, - deyə Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

Bölgədə təhlükəsizliyin təmin olunmasında Moskvanın və Rusiya sülhməramlılarının vacib rolunu qeyd edən erməni baş nazir Azərbaycana qarşı iddialar da səsləndirib. O, rəsmi Bakını erməni əhalinin Şuşa və Hadruta qayıtmaq hüququnu təmin etməməkdə günahlandırıb. Paşinyan bildirib ki, bu, 10 noyabr bəyanatına ziddir. Bundan başqa, atəşkəs rejiminin sistematik şəkildə pozulduğunu deyən Paşinyan hərtərəfli araşdırma aparılacağına və müvafiq tədbirlər görüləcəyinə ümid etdiyini bildirib: “Mən demişdim ki, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı Rusiyanın təklif etdiyi sənədi imzalamağa hazıram. Lakin sərhəddə hər gün atəşkəs rejiminin pozulduğu bir vaxtda bu prosesi təsəvvür etmək çox çətindir. Bunun üçün müvafiq şəraiti təmin etmək lazımdır”.

“Sülh təklifi Azərbaycanın inhisarında deyil və Bakının Yerevanın sülhə hazır olmadığı haqda bəyanatları təəccüb doğurur”, - deyə N.Paşinyan qeyd edib. Bununla o, yenidən İlham Əliyevlə söz yarışına girib. Ötən həftənin sonunda Azərbaycan prezidenti demişdi ki, sərhədlərin müəyyən edilməsi və sülh müqaviləsinin imzalanması məsələsində “top Ermənistan tərəfindədir”.

“Biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik. Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik... Biz gələcəyə nəzər salmalıyıq. Biz regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik”, - deyə İlham Əliyev “COVID-19-dan sonrakı dünya” adlı Qlobal Bakı Forumunda bildirib.

Simvolik haldır ki, İkinci Qarabağ müharibəsinin başa çatmasının ildönümünü Bakı ilə Yerevan bir-birinə əks olan iki fərqli ssenari ilə qeyd edib. Azərbaycanda 8 noyabr Zəfər Günü ilə bağı bayram əhval-ruhiyyəsi hökm sürüb, ölkədə 17 min nəfərədək insanı əhatə edəcək amnistiya elan olunub, Ermənistanda isə vəziyyət yenidən gərginləşib. Yeni üçtərəfli görüşün keçiriləcəyi və bu görüşdə guya nəqliyyat kommunikasiyalarının açılması, həmçinin sərhədinin demarkasiyası və delimitasiyası haqqında sənədlərin imzalanacağı barədə məlumatlar cəmiyyətə sızan kimi, Ermənistan müxalifəti hadisələri qabaqlamağa çalışıb. Hələ ötən həftənin sonunda Nikol Paşinyanın opponentləri onu Bakı ilə “növbəti kapitulyasiya aktı”na imza atmaqdan çəkinməyə çağırıb.

““Məğlubiyyət partiyası” sülh və inkişaf gətirə bilməz. Məğlubiyyətin rəmzi olan adam ölkəmizin maraqlarını təmsil edə, ölkəni idarə edə bilməz”, - deyə Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun bəyanatında bildirilir.

Ermənistan müxalifəti “ölkədə hakimiyyəti dəyişmək, layiqli sülhü təmin etmək, sosial-iqtisadi böhrandan çıxmaq və ölkənin təhlükəsizliyini təmin etmək üçün milli müqavimət hərəkatı formalaşdırmağa” çağırış edib. Bazar ertəsi axşam Ermənistan üçün kədərli olan ildönümü qeyd olunarkən, müxalifət Yerevanda “Müqavimət göstər!” şüarı altında çoxminlik mitinq keçirib.

(Rus dilindən tərcümə - WorldMedia.Az. Məqalə ixtisarla dərc olunur. Mənbə: Kommersant)