Geopolitical Monitor (Kanada): Cənubi Qafqazda geosiyasi yerdəyişmələr
Kanadanın analitik nəşri bölgədəki vəziyyəti təhlil edir
04 Noyabr 2021
Kanadanın analitik nəşri Geopolitical Monitor Azərbaycan, Ermınistan və Rusiya rəhbərlərinin Qarabağ müharibəsini dayandırmış birgə bəyanatının ildönümü ərəfəsində bölgədəki vəziyyəti təhlil edir:
Müəllif: Robert M.Katler
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında ötən il noyabrın 10-da Moskvada imzalanmış üçtərəfli bəyanatın mühüm müddəalarından biri Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasıdır. Atəşkəsi təmin edən bu bəyanat, həm də Ermənistanın kapitulyasiyası kimi qiymətləndirilir.
10 noyabr bəyannaməsində bildirilir ki, Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsi ilə əlaqəsi bərpa olunmalıdır (Zəngəzur dəhlizi vasitəsilə). Sənədin 9-cu müddəası sadə və universal bəyanatla başlayır: “Bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələri açılır”.
Artıq 1 ildir ki, Ermənistan hər kəsə fayda verəcək Zəngəzur dəhlizinin açılmasını müxtəlif yollarla əngəlləyir. Amma son həftələrdə vəziyyət dəyişib. Görünür, hazırda Ermənistanın daxili siyasətində dəhlizin açılmasına maneələr aradan qalxır. Səbəb baş nazir Nikol Paşinyanın hökumətin institutlaşdırılması prosesində böyük uğurlar əldə etməsidir.
Ermənistanın ötənilki İkinci Qarabağ müharibəsində faciəvi məğlubiyyətinə baxmayaraq, Paşinyan 2021-ci ilin iyununda keçirilmiş növbədənkənar parlament seçkisində qələbə qazanıb. O, Ermənistanın siyasi arenasında 1990-cı illərin sonlarından 2018-ci ilədək hökmranlıq etmiş “Qarabağ klanı”nın siyasi nöqteyi-nəzərdən tamamilə iflası nəticəsində qalib gəlib. Seçkidən sonra Paşinyan mühüm əhəmiyyət kəsb edən nazirliklərə bölgədə praktiki əməkdaşlığı dəstəkləyən şəxsləri təyin edib. Bundan başqa, Paşinyan Yerevanda “müharibə partiyası”nın təsirini azalda bilib. Məsələn, Ermənistanın eks-müdafiə naziri David Tonoyan keçmiş rejimin təcavüzkar siyasətinin təcəssümü idi. Xatırladıq ki, “yeni ərazilər uğrunda yeni müharibə” şüarını məhz Tonoyan səsləndirmişdi. Hazırda o, digər silahdaşları ilə bilikdə korrupsiya qalmaqallarında günahlandırılır və həbsdədir.
Beləliklə, bildirilir ki, Nikol Paşinyan bu il oktyabrın 15-də Moskvaya səfəri zamanı Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəmir yolunun açılmasına razılıq verib. Söhbət İranla sərhəddə yerləşən, Ermənistanın cənub-qərbindəki Sünik (Zəngəzur - WM) regiondan keçəcək yoldan gedir.
Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın keçmiş sədri (hazırkı üzvü) İqor Korotçenkonun bu yaxınlarda verdiyi müsahibədə qeyd etdiyi kimi, Zəngəzur dəhlizi bütün regionda beynəlxalq nəqliyyat əlaqələrinin açılmasına imkan yaradacaq. Onun sözlərinə görə, praqmatik erməni siyasətçilər dəhlizin Ermənistan üçün üstünlüklərini anlayır və bu layihədə iştirak etməyə hazırdırlar: “Amma onlar “ifritə ovu”nun qurbanına çevriləcəklərindən qorxurlar”. Əlbəttə, həmin siyasətçilərə qarşı terror hücumları kimi təhdidlər mövcuddur. Üstəlik, hətta Paşinyan və onun ailəsinə sui-qəsd belə, edilə bilər.
İ.Korotçenko hesab edir ki, Yerevan Ermənistanda əhali və siyasətçilərin bir qisminin revanşist düşüncədə olmasına rəğmən, Zəngəzur dəhlizinin üstünlüklərini başa düşür.
Əlbəttə, sülh və Ermənistanın inkişafı Azərbaycana qarşı ərazi iddiaları ilə uyğun gəlmir. Odur ki, rusiyalı hərbi ekspertin fikrincə, sülh və ölkənin inkişafı istəyən erməni siyasətçilər bölgədə kommunikasiyanın açılması ilə bağlı layihələrdə iştirak etməyə, həmçinin Zəngəzur dəhlizinin açılmasına hazırdırlar. Amma bu, dünyanın müxtəlif hissələrindəki xüsusilə ABŞ-dakı erməni diasporunu məyus edir. Odur ki, onlar Bakı, Yerevan, hətta Vaşinqtonda sülhü dəstəkləyən qüvvələrə hücumları, təhqirləri artırıb.
Zəngəzur dəhlizi əsas olsa da, yeganə nəqliyyat layihəsi deyil. Doğrudur, o, “3+3” təşəbbüsündə katalizator rolunu oynayacaq. Xatırladaq ki, bu təşəbbüs Cənubi Qafqazın 3 dövləti ilə Türkiyə, Rusiya və İran arasında əməkdaşlığı nəzərdə tutur. Ermənistan Azərbaycanın İranla sərhədini azad etməsi ilə bu ölkə ilə quru əlaqəsini böyük ölçüdə itirib. Əvəzində, Yerevan Naxçıvan vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edəcək.
Bu da son deyil. Azərbaycanın azad edilmiş ərazilərin inkişafı ilə bağlı qətiyyətli və güclü səyləri beynəlxalq ekspertləri təəccübləndirir. Bakı artıq bu ərazilərin inkişafına 3 milyard dollar sərmayə qoyub. Azərbaycan dövləti bu regionda böyük layihələr həyata keçirir. Məsələn, bölgə ilə Azərbaycanın digər hissəsi arasında nəqliyyat əlaqələrinin inkişafı məqsədilə yollar çəkilir, hava limanları tikilir (söhbət yalnız bu yaxınlarda açılmış Füzuli Aeroportundan getmir). Bütün bunlar beynəlxalq nəqliyyat əlaqələrinin, həmçinin turizmin inkişafına yardım göstərəcək. Azərbaycan hökuməti regionda öz təşəbbüslərini həyata keçirmək məqsədilə yeni iqtisadi inkişaf zonaları yaradıb, vergi güzəştləri tətbiq edir. Üstəlik, azad edilmiş ərazilərdə “ağıllı kənd”lərin və bərpa olunan enerji sahəsinin inkişafı ilə bağlı təşəbbüslər irəli sürülüb.
İndi bu bölgə elektrik enerjisi ilə tam təmin edilib. İkinci Qarabağ müharibəsinə qədər elektrik enerjisinin olmadığı bəzi ərazilərdə belə, bu gün elektrikden istifadə olunur. Çox güman ki, “Rosbalt”ın müxbiri İrina Corbenadzenin dediyi kimi, Qarabağ regionu uzun illər ərzində Azərbaycanın investisiya mərkəzi olacaq.
Bu arada, neftin bir barelinin qiyməti 100 dollara yaxınlaşır. Azərbaycanın dövlət büdcəsində neftin 1 bareli 45 dollardan nəzərdə tutulub. Odur ki, Bakı gələcəkdə də Cənubi Qafqazın iqtisadi inkişafının hərəkətverici qüvvəsi olacaq.
Siyasi nöqteyi-nəzərdən iflasa uğramış “Qarabağ klanı”nın başçılıq etdiyi Ermənistandakı keçmiş hökumətlər Türkiyənin hərtərəfli iqtisadi əməkdaşlıq və inkişafla bağlı təkliflərini rədd etmişdi. Bu, artıq təxminən bir nəsil qabaq cərəyan edən proses idi. Amma Ermənistan cəmiyyəti kütləvi yoxsulluqdan yorulub, korrupsiyaya qurşanmış elitadan bezib.
Nikol Paşinyan Ermənistanın siyasi səhnəsində yeni fiqur deyil. O, uzun illər ərzində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı dəstəkləyib. Xatırladaq ki, Levon Ter-Petrosyan 1991-1998-ci illərdə dövlət başçısı olub. 1998-ci ildə onu istefa verməyə məcbur ediblər. 2008-ci ildə Levon Ter-Petrosyan prezidentliyə namizdəliyini irəli sürsə də, Serj Sarqsyana uduzub. Həmin vaxt da Paşinyan Levon Ter-Petrosyanı açıq şəkildə dəstəkləyirdi. O, hökuməti səsvermənin nəticələrinin saxtalaşdırılmasında ittiham etdiyindən, “kütləvi iğtişaşların təşkili”ndə ittiham edilərək həbs də olunmuşdu.
Nikol Paşinyan “məxməri inqilab”dan, yəni baş nazir olmamışdan qabaq Ermənistanın Rusiyadan asılılığını – daha dəqiq desək, vassal olmasını – tənqid etməsi ilə məşhurlaşıb.
Beləliklə, Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin bundan əvvəlki tarixi ilk baxışda göründüyündən daha mürəkkəbdir. Amma Rusiya bu tarixə yaxşı bələddir. Odur ki, Moskvanın Ermənistanda bu il keçirilmiş növbədənkənar seçkidə neytral qalması özünəməxsus siqnal sayıla bilərdi. Əslində, son seçki Nikol Paşinyanla “Qarabağ klanı”nın digər nümayəndəsi, 1998-2008-ci illərdə Ermənistan prezidenti olmuş Robert Koçəryan arasında mübarizə idi. Lakin artıq Rusiya da anlayır ki, Moskvanın Bakı ilə yaxşı əlaqələri Yerevanın asılı vəziyyətdə saxlanılmasından daha yaxşıdır.
(İngilis dilindən tərcümə - WorldMedia.Az. Mənbə: Geopolitical Monitor)