Bloomberg: Avropa Putinin tələsinə necə düşdü?
İndi ortaya “müəyyən şərtlər” çıxacaq…
11 Noyabr 2021
Putin qaz tədarükünü artıracağı vədi ilə Avropanı şirnikləndirdi, amma yəqin ki, bunun müqabilində Avropa İttifaqına “müəyyən şərtlər” qoyacaq - “Bloomberg” yazır.
Avropanın Rusiya ilə münasibətləri son onilliklərin ən aşağı səviyyəsinə enib. Bununla belə, bu qış avropalıların nə qədər donacağı prezident Vladimir Putinin klapanı açmaq və Avropaya qaz vermək istəyindən (yaxud istəməməsindən) asılıdır. Bu durum, kataklizmlərdən qaçmaq üçün Rusiyadan enerji asılılığını azaltmaq barədə Avropa Birliyinin 10 il əvvəl verdiyi qərara ziddir. Bu məsələ iqtisadi blok daxilində mübahisələrə və ABŞ-la fikir ayrılığına səbəb olur. İndi isə Putin qaz tədarükünü artıracağını elan etməklə Avropanı şirnikləndirir. Amma çox güman ki, onu müəyyən şərtlərlə müşayiət edəcək.
Avropa nə dərəcədə zəifdir?
Oktyabrdakı defisit Avropanın Rusiyadan gələn qaz axınından nə dərəcədə asılı olduğunu açıq şəkildə göstərdi. Avropa İttifaqının qaz anbarlarında ehtiyatların həcmi son on ildən artıqdır ki, ən aşağı mövsümi səviyyədə olub. Buna Norveç yataqlarında aparılan təmir işləri və Rusiyanın öz ehtiyatlarını artırmaq qərarı səbəb olub. Əgər ilin əvvəlində qazın bir meqavat-saatının qiyməti təxminən 20 avro idisə, oktyabrın 6-da bu, 162 avroya yüksəlib. Bu qiymət fonunda sentyabrın axırı Baltik dənizinin dibi ilə Almaniyaya çəkilən “Şimal axını 2” boru kəmərinin tikintisi başa çatıb.
Rusiyanın niyyəti nədir?
Qazprom və Kremlə yaxın mənbələrin bildirdiyinə görə, Rusiya qaz tədarükünü artırmaq müqabilində Almaniya və Aİ-nin boru kəmərinin istismara verilməsinə icazə verməsini istəyir. Əgər tənzimləyicilər onlara ayrılan vaxtdan maksimum istifadə etmək qərarına gəlsələr, boru kəməri yalnız may ayında sertifikatlaşdırıla bilər. Oktyabrın sonunda Putin dövlət qaz nəhəngi "Qazprom"a Avropanın qaz anbarlarını doldurmağa başlamağı tapşıraraq, bazara təzyiqi azaltmaq qərarına gəldi və bu, qazın qiymətini aşağı saldı. Lakin Putinin müdaxiləsindən sonra Qazprom əlavə boru kəməri həcminin yalnız kiçik bir hissəsini ehtiyatda saxladı və bu, enerji bazarlarını ciddi şəkildə narahat etdi.
Niyə belə oldu?
2020-ci ildə Qazprom Avropada istehlak edilən ümumi qazın təxminən üçdə birini təmin edib. O, yaxın gələcəkdə daha vacib təchizatçı ola bilər, çünki qitə öz istehsalını azaldır. Rusiya qazı çox cəlbedicidir, çünki adətən ucuz olur və demək olar ki, həmişə mövcuddur. Avropa Birliyinin aparıcı iqtisadiyyatları kömürlə işləyən elektrik stansiyalarını bağlayır, bəziləri hətta nüvə enerjisindən imtina etməyi planlaşdırır. 2019-cu ildə qaz Avropanın yanacaq-energetika kompleksinin təxminən 22 faizini təşkil edib və Rusiya Şimal dənizində Britaniya və Hollandiyaya məxsus qaz yataqlarının tükənməsi səbəbindən aparıcı təchizatçı kimi mövqeyini daha da möhkəmləndirib.
Boru kəmərinə reaksiya necədir?
Birləşmiş Ştatlar “Şimal axını 2”nin qəti əleyhinədir və hətta ona qarşı sanksiyalar tətbiq edib ki, bu da tikintinin ləngiməsinə səbəb olub, lakin onun başa çatmasına mane olmayıb. Həm prezident Co Bayden, həm də onun sələfi Donald Tramp xəbərdarlıq ediblər ki, bu, Avropanı Rusiya qazından hədsiz asılılığa sala bilər. Boru kəmərinə Polşa, Slovakiya və mövcud kəmərlərin keçdiyi digər ölkələr də etiraz edirdi. Onlar bildiriblər ki, bu, Rusiyanın regiona təsirini gücləndirəcək, çünki yeni boru kəməri dənizin dibi ilə yan keçəcək. Ona görə də, Moskva istəsə, Ukrayna da daxil olmaqla bir sıra dövlətləri tranzit ödənişsiz qoyaraq, qaz axınını başqa istiqamətə yönəldə biləcək. Rusiya ilə Ukrayna arasında münaqişə 2014-cü ildə rusiyayönümlü prezidentin Kiyevdə hakimiyyətini itirməsi və Rusiyanın Krım yarımadasını ələ keçirməsi ilə başlayıb.
Başqa hansı təchizat zəncirləri var?
Əsasən Rusiya, Norveç və Əlcəzairdən gələn xarici tədarüklər Aİ-də istehlak edilən bütün qazın təxminən 80 faizini təşkil edir. Avropanın ən böyük iqtisadiyyatları ən az qorunur, çünki Almaniya ehtiyaclarının 90 faizini idxal hesabına ödəyir. Belçika, İspaniya və Portuqaliya kimi ölkələrin fərqli problemi var. Onların kifayət qədər anbarları yoxdur. Eyni vəziyyət Aİ-dən ayrılan və yeganə böyük qaz anbarını bağlayan Britaniya üçün də keçərlidir. Qitədə Rusiyadan Almaniyaya Belarus və Polşa ərazisindən keçən Yamal-Avropa da daxil olmaqla çoxlu boru kəmərləri var. Rusiya qazını Avstriya və İtaliyaya çatdıran TAG (Trans-Avstriya Qaz Boru Kəməri) də var. Bir çox boru kəmərləri potensial zəifliklər olan çoxsaylı sərhədləri keçir.
Rusiya necə hakim mövqe tuta bildi?
Sibirdəki nəhəng yataqları ilə Rusiya dünyanın ən böyük təbii qaz ehtiyatlarına malikdir. 1940-cı illərdə Polşaya qaz ixrac etməyə başladı və 1960-cı illərdə Sovet İttifaqının satellit ölkələrini yanacaqla təmin etmək üçün boru kəmərləri çəkdi. Soyuq müharibənin qızğın çağında belə, tədarüklər rəvan gedirdi. Lakin Sovet İttifaqı dağılanda Rusiya və Ukrayna fikir ayrılığına düşdü. Bu, boru kəmərlərinin Ukrayna ərazisindən keçməsi səbəbindən baş verib. Sonra Rusiya hakimiyyəti başqa tədarük yolları axtarmağa başladı. “Qazprom”un Qərbi və Mərkəzi Avropaya tədarükü 2021-ci ildə 158 milyard kubmetrə çata bilər. Bu, təxminən 2020-ci ildəki ilə eynidir, lakin 2018-ci ilin rekordu olan 176,8 milyard kubmetrdən aşağıdır.
Moskva bazarın işini poza bilərmi?
2006 və 2009-cu illərdə qiymət mübahisələri səbəbindən Rusiya Avropaya tədarükü kəsdi. İkinci dəfə tədarükdə fasilə demək olar ki, iki həftə davam etdi və bu, qış soyuğunun ortasına düşdü. Slovakiya və bəzi Balkan ölkələri qaz tədarükünü rasionda saxlamaq, fabrikləri bağlamaq və elektrik enerjisini kəsmək məcburiyyətində qalıb. O vaxtdan bəri ən zəif ölkələr maye təbii qaz idxal etmək üçün tələsik boru kəmərləri çəkir, şəbəkələri birləşdirir və terminallar tikir. Bu qazı uzaq yataqlardan, məsələn, Qətərdən idxal etmək olar.
Tərcümə: Gülnarə Rəhimova, old.old.pressklub.az