“Pulunu al, uşağını sat”- İnsan alverinin “mədəni” forması
“Bacı-qardaş evlilikləri qaçılmaz olacaq...” Pul qarşılığında follikul və sperma donoru olanları qanunla hansı cəzalar gözləyir?
18 Dekabr 2024
Bir neçə ildir fəaliyyət göstərən, son illərdə isə daha çox yayılan, açıq-aşkar təbliğ olunan biznes – tibbi fəaliyyət adı altında əsl insan alveri artmağa davam edir. Bəli, insan alveri. Amma söhbət mövcud olandan yox, olacaqdan gedir. Deməli, gənc qadınlar və kişilər asan pul qazanmağın yolunu tapıblar. Onlar pul müqabilində donor olaraq öz lazımi hüceyrələrini satırlar. Məsələni araşdırmadan, nələrə, hansı fəlakətlərə səbəb olacağını bilmədən rahatlıqla öz hüceyrələrini satıb, başqalarına “ümid olurlar”. Yəni, övladı olmayanlara öz övladlarını satırlar. Sistem elə məharətlə qurulub ki, bununla razılaşan donorlar məsələnin fərqinə varmadan, manipulyasiya olunaraq, ya “yaxşılıq etmək, ümid olmaq” adı ilə, ya da sadəcə pul naminə bu tələyə düşürlər. Uşaq sahibi olmaq istəyənlər isə əlacsızlıqdan bu yolda hər addımı məqbul sayırlar. Ona görə də bunun sonrakı fəsadlarını düşünmürlər. Həm qanun, həm sağlamlıq, həm də demoqrafik tərəflərini. Bir də, axı, qanun qarşısında hər kəs bərabərdir...
Məsələnin canlı şahidi olmaq üçün sosial şəbəkələrdə insanları donor olmağa təşviq edən işgüzarlardan biri ilə əlaqə saxladıq. Donorluqla bağlı ətraflı məlumat istədiyimizi bildirib, cavab gözlədik. Çox keçmədən gözlənən cavab gəldi: “Zəhmət olmasa, çəkinizi, boyunuzu, təvəllüdünüzü və qan qrupunuzu qeyd edin”.
Beləcə, söhbət başladı. İşbaz xanım məlumatların yararlı olduğunu görüb, əməkdaşımıza pasiyentlər üçün hazırlanmış səsli mesajı göndərdi. Mesajda deyilir ki, ilk olaraq sizi “Gənclik” metro stansiyası, sonra isə Badamdar ərazisindəki klinikamıza göndərəcəyik: “Birinci “Gənclik”dəki klinikamızda sizi yoxlayacaqlar. Xarici görünüşə də baxırlar. Sonra USM-ə (ultrasəs müayinə – insan bədəninin, demək olar ki, bütün orqanlarının müayinəsi üçün istifadə olunan qeyri-invaziv instrumental müayinə metodu-red.) salırlar. USM-də sizin follikulunuzun yararlı olub-olmamasına baxırlar. Sonra qan analizi verəcəksiniz. Hər şey qaydasında olsa, sizə 10 gün ərzində iynələr vurulur. Hər gün klinikaya gəlirsiniz. USM-in, iynələrin xərcini klinika təmin edir. İynələrin heç bir zərəri yoxdur. Əksinə, iynələr vurulandan sonra uşaq sahibi olma ehtimalınız daha da artır. Yəni, follikulunuz zəifdirsə, biz o iynələri daha da gücləndirmək üçün vururuq. 10 gündən sonra isə folikullarınız götürülür və sizə ödəniş olunur. Bütün alətlər sterildir. Bundan arxayın olun. Klinikalarımızın hamısı tanınmış klinikalardır. Amma iynələr 10 gün mütləq vurulmalıdır. Vurulmasa, iynənin ödənişi sizdən alınacaq. Bu müddətdə qidalanmaya diqqət edilməli, alkoqol və tütün məhsullarından uzaq durulmalıdır”.
Həmsöhbətimizi sual atəşinə tutduqdan sonra gələn cavablar heç də təəccübləndirmədi: “Əməliyyata kimi sadəcə təlimatlarla bağlı sizinlə əlaqə saxlanılır. Sonra heç bir şəkildə narahat edilmirsiniz. Ödəniş standart 400-500 manatdır. Əməliyyat qoldan anesteziya ilə edilir. 10-15 dəqiqəlik prosedurdur. Məlumatların hamısı məxfi qalır. Kimə follikul verdiyinizi bilməyə qətiyyən icazə verilmir. Həmçinin qarşı tərəf də kimdən follikul aldığını bilmir. Çünki sonra bir-birinizi narahat edə bilərsiniz, müəyyən problemlər yarana bilər. Ona görə də məlumatlar məxfi olur. Razısınızsa, mənə deyərsiniz, sizi klinikalara yönləndirərəm. Demək olar, bütün tanınmış klinikalarla işləyirik. Harada yer olarsa, sizi oraya yönəldəcəm. Birinci sizə yaxın olan klinikalarla maraqlanacam”.
Klinikaların adını israrla soruşmağımıza baxmayaraq, cavab ala bilmədik: “İndidən sizə klinikaların adını deyə bilmərəm. Siz gərək qeydiyyat olasınız, mən də sizin gedəcəyinizi bildirim. Fikriniz ciddidirsə, qeydiyyatdan keçin, mən də maraqlanıb, sizə geri dönüş edim”.
Heç olmasa, onu öyrənə bildik ki, “20 Yanvar”dakı klinika yalnız 1+ qan qrupunda olanları qəbul edirmiş.
Hə, bir də xanım özündən əmin şəkildə işin qanuni olduğunu bildirərək, dedi ki, proses nəticəsində süni mayalanma ilə övladı olmayanlar sizin kimi donorların köməyi ilə valideyn olur. Bir sözlə, narahatlığa heç bir əsas yoxdur.
Bununla da ortaya bir neçə sual çıxır: Proses qanunidirsə, klinikaların adına qədər niyə bütün məlumatlar məxfidir? O iynələrin vurulması doğrudanmı pasiyentin xeyrinədir? Bütün tanınmış klinikalara heçmi nəzarət olunmur ki, bu cür özbaşınalıq baş alıb gedir? Və bir şey də çox maraqlıdır ki, görəsən, bu işgüzar xanım hər şeyin fərqindədir və şəxsi maraqlarına görə məsələyə göz yumur, yoxsa o da manipulyasiyanın qurbanı olub, insanlara yaxşılıq etdiyini düşünür? Hər halda, indiki dövrdə bu qədər saf qalmağı, güman ki, az adam bacarar.
Problem, təəssüf ki, yeni deyil, illərdir bağlı qapılar arxasında, xəlvətdə öz mövcudluğunu davam etdirirdi. Amma artıq o qapılar açılıb, xəlvətlər aşkara dönüb, bu cür “biznesmenler” daha da ürəklənib. Sosial şəbəkələrdə bu cür paylaşımların sayı artıb. Üstəlik, həmin profillər açıq şəkildə, elanlar isə reklamla təqdim olunur. Bununla da gün keçdikcə daha böyük kütləni əhatə edir. Bu problemi həm də sosial medianın fəsadlarından biri kimi hesab etmək olar. Amma bu, hələlik məsələnin başqa tərəfidir.
Məsələ ilə bağlı fikirlərini Pressklub.az-la bölüşən sosioloq Lalə Mehralı deyib ki, bir müddət öncə öz Facebook hesabında bu barədə paylaşım edib: “Klinikaların follikul və sperma bazarı barədə çox adamın məlumatı var. Donorlardan alırlar, süni mayalanma ilə pasiyentlərə köçürürlər. Klinikalar spermanı 100 manatdan, follikulu 500-700 manatdan alırlar, pasiyentlərinə 5-6 minə satırlar. Bu proses illərdir var, pula ehtiyacı olan gənclər bu yolla rahat pul qazanır. Səbəb olduqları fəlakətin böyüklüyünü bilmədən. Savadsızlıq o həddədir ki, satdığı follikuldan, spermadan doğulacaq uşağın genetik övladı olacağını anlamır. Follikulunu satan qadın, spermasını 50-100 manata peşkəş edən gənclər yalnız alacağı məbləği düşünür, gələcəyi götür-qoy etmir. Bu işlə məşğul olan həkimlərin sosial şəbəkədəki reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat qarşılığında follikul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə donorluğa uyğun olan meyarlar da göstərilir. Yəni, ailə klinikaya gəlir, ya ataya, ya da anaya oxşar bir donordan follikul, ya da sperma götürülməsini tələb edir, bunun müqabilində böyük məbləğdə pul ödəyir. Həkim də çıxır pasiyentlərinə oxşayan donor ovuna. Doğulacaq uşaq valideynlərdən birinə bənzəməlidir ki, ətrafı süni mayalanma zamanı donordan istifadə edildiyini düşünməsin.
Bu yumurta hüceyrələrin alveri ilə daha çox “İnstagram”da məşğul olurlar. Qadın səhifələrində pusquya yatan həkimlər və ya assistentləri qəpik-quruşa əldə etdikləri yumurtaları sonsuzluq problemi olan qadınlara 4 və ya 5 qat baha qiymətə satır. Səhifələr bu işin qanuni olduğunu bildirirlər. Ancaq əslində bu, insan alverinin bir forması sayılır. Yəni, qanunlarımız ödənişli donorluğu qadağan edir.
Qanun donor olmağa könüllü və pulsuz şəkildə olması halında icazə verir. Follikul və sperma donorluğu isə 1 dəfədən çox olmamaq şərti ilə həyata keçirilməlidir. Follikulların köçürülməsi süni mayalanma deməkdir, süni mayalanma xidmətinin reklam olunması, paylaşılması isə reklam haqqında qanunvericiliyə görə qadağandır.
Follikul və sperma satan şəxs nə bilir sabah evdəki övladı ilə süni mayalanmadan doğulan övladının yolları kəsişməyəcək? Haradan əmindir ki, iki övladı gələcəkdə evlənməyəcək? Bunun ki qarantiyası yoxdur? Yaxın gələcəkdə bacı-qardaş evliliyi qaçılmaz olacaq. Bu işlərə çoxdan əl atmış həkimlərin sayəsində bəlkə də artıq bu baş verib, xəbərimiz yoxdur.
Bu işlə məşğul olan klinikalar donorlara heç bir zərəri olmadığını, təhlükəsiz təbii prosedur olduğunu deyirlər. Amma aldadırlar. Məsələn, follikul satmağa qərar versəniz, sizə onun yetişməsini sürətləndirəcək hormonal iynələr vurulacaq. Çünki bu işlə məşğul olan həkimlər bir follikulla kifayətlənmirlər, işdir, birdən mayalanma getməsə, ödənilən pul boşa getməsin deyə, ehtiyat follikullar götürülür. Donora vurulacaq hormonal iynələrlə ən azı 2-3, bəzən daha çox follikul yetişir. Yəni, sizdən 1 follikul götürüləcəyini deyib, müqabilində 400-500 manat ödəyib, əslində 3-5, bəlkə daha çox follikul götürürlər. Həmin an qadın dərmanla yatırdılmış olur və prosesdən xəbəri olmur. Əldə edilən hər follikulu ayrı-ayrı pasiyentə satırlar, qaz vurub qazan doldururlar. Nəticədə, bir qadın 10 gün ərzində 2-5 uşaq sahibi olmuş olur. Bir fərq var ki, uşaqlar özünün olsa da, başqa qadının bətnində böyüyür. Eynilə surroqat anada olduğu kimi.. Follikul donoru olduğunuz halda sizə bərpası mümkün olmayan fiziki zərər verəcəklər və bunun qarşılığında çox az məbləğ təklif edəcəklər.
Eyni təbliğat kişilər arasında da aparılır. Sağlam kişilərin sperması pul qarşılığında alınır və süni mayalanma üçün müraciət edən pasiyentlərə təklif edilir. Bir fərq var ki, qadınlara follikul yetişdirmək üçün hormonal iynələr vurulur, kişilərdə isə bu iynələrə ehtiyac olmur. Bu yolla özünə asan gəlir yeri tapan işsiz gənclər var. Fərqində deyillər ki, özlərindən xəbərsiz saysız uşaq sahibi ola bilərlər və yaxud artıq olublar. Dediyim kimi, qanunla bu prosedur ölkəmizdə qadağandır. Lakin bağlı qapılar arxasında baş verənlərdən xəbərimiz yoxdur. Bunlar real olmasaydı, bu həkimlər sosial şəbəkələrdə donor ovuna çıxmazdı.”
Lalə Mehralı problemin həlli yollarından danışıb: “Məsələnin həllini həkimlərin vicdanına buraxmamalıyıq. Məsələyə aidiyyəti qurumlar ciddi nəzarət etməlidir. Söhbət bacı-qardaş evliliyi təhlükəsindən, genofondun pozulmasından gedir. Qohum nikahları ləğv edilir, amma bu təhlükə gözardı edilir. Klinikalarda baş verən bu biabırçılığın qarşısı alınmasa, qohum evliliyi qadağasının nə mənası olacaq? Kim evlənəndə genetik analizi verir ki? Məsələnin nə dərəcədə təhlükəli olduğunu, gələcəyimizin, genofondumuzun risk altında olduğunu çox gec olmadan anlamalı, problemi həll etməliyik. Ona görə də ciddi formada mərkəzləşdirilmiş dövlət nəzarəti yaradılmalıdır”.
Həkim-ginekoloq Təranə Həsənova isə Pressklub.az-a deyib ki, bu problem təxminən 12-13 ildir, mövcuddur: “O vaxt bir jurnalist mənə dedi ki, imkansız qadınlara ödənişsiz müayinə təklif olunubmuş. Hətta müayinənin qarşılığında pul da verirmişlər. Qadınlar da söhbətin nədən getdiyini anlamadan razılaşıblar. Onlardan biri həmin jurnalistə məmnuniyyətlə məsələni danışmışdı. Jurnalist də məsələnin nədən ibarət olduğunu araşdırırdı. Məndən soruşmuşdu ki, bu nə ola bilər? Mən o zaman anladım ki, qadınların xəbəri olmadan, müayinə adı ilə onların yetişmiş yumurta hüceyrələri toplanır”.
Doktorun sözlərinə görə, bunu süni mayalandırma ilə məşğul olan həkimlər edir. Bir yandan qohum evliliklərinə son qoyulur, digər yandan da sağlam qadınlara öz yumurta hüceyrəsini satmasına icazə verilir. Qadın nə qədər çox yumurta hüceyrə satarsa, gələcəkdə ondan yetişdirilmiş uşaqların həyatda rastlaşıb, evlənmə ehtimalları da o qədər artar. Və həmin evlənən bacı-qardaşların övladlarında yarana biləcək xəstəliklər isə çox dəhşətli olacaq: “Hətta yeni xəstəliklər belə yarana bilər. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Özü də məsələ təkcə qadın yumurta hüceyrəsinə yox, həm də kişi spermatozoidlərinin satılmasına aiddir. Kişinin hüceyrələrindən də mayalanmış uşaqlar gələcəkdə evlənərsə, eyni problemlər yarana bilər. Bundan əlavə, yad qadının bətnində böyüyən uşaqda ciddi problemlər yarana bilər”.
Müsahibimiz bildirib ki, talassemiya (genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyi-red.) xəstəliyinin yaranmasının əsas səbəbi eyni qandan olan insanların evlənməsidir. Talessemiyanın heç cür öhdəsindən gəlmək olmur. İki beta talessemiyalı insan evlənərsə, onların övladlarının talessemiya ilə doğulma ehtimalı yüksəkdir: “Burada da talessemiyaya bənzər və digər yeni xəstəliklərin yaranma ehtimalı var. Şübhəsiz ki, bu, genofonda ağır zərbədir. Ona görə də məsələyə ciddi nəzarət olmalıdır. Yoxdur deyə, 12-13 ildir bu proses davam edir. Bir çox həkim süni mayalandırmada bu üsula əl atır. Məsələ nəzarətə götürülməsə, qarşıda bizi çox ciddi problemlər gözləyir”.
İndi isə keçək məsələnin hüquqi tərəfinə.
“Azərbaycan Respublikasında insan orqanlarını və toxumalarının alqı-satqısı, qanunsuz donorluq, o cümlədən, orqanların transplantasiyası Azərbaycan Respublikasının cinayət məcəlləsinin 137-ci maddəsi ilə sanksiyalaşdırılıb”.
Bu sözləri Pressklub.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib.
Müsahibimiz deyib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən kateqoriyalı şəxslər var ki, onların donor olaraq insan orqan və toxumalarının götürülməsinə icazə verilib. Amma hansısa orqanın satılması, o cümlədən pulla alınması yolverilməzdir: “ İnsan orqan və toxumalarının alqı-satqısı Azərbaycan Respublikasının cinayət məcəlləsinin 137.1-ci maddəsinə əsasən, 6 min manatdan 9 min manata qədər cərimə olunur. Eyni zamanda 3 ilə qədər müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməliyyatın həyata keçirilməsi ilə bağlı hökumət tərəfindən müvafiq siyahı təsdiqlənir. Siyahıya əsasən, həmin tibb müəssisələrində orqan transplantasiyasının həyata keçirilməsinə icazə verilir. Qanunvericilikdə insan orqan və toxumalarının donor transplantasiyası haqqında qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanlarının götürülməsi 9 min manatdan 15 min manata qədər cərimə və müəyyən fəaliyyətlə məşğul olmanın məhdudlaşdırılması ilə 4 ilə qədər azadlıqdan məhrum etmə cəzası təyin oluna bilər”.
Bundan əlavə, müsahibimiz bildirib ki, milli qanunvericilikdə surroqat ana anlayışı mövcud deyil. Bununla bağlı edilə biləcək istənilən gizlin sövdələşmə sonda cinayət məsuliyyətinə səbəb olur. Surroqat anaların dünyaya gətirdiyi uşağın digər hamilə olmayan qadına yazılması da qanunvericiliklə yolverilməzdir.
Məsələ o qədər nəzarətsiz qalıb ki, hansı quruma yazsaq, əlimiz boş qaldı. Azərbaycan Respublikasının (AR) Səhiyyə Nazirliyi, AR Milli Məclisin Səhiyyə Komitəsi, eləcə də Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi, AR-nın Dövlət Statistika Komitəsi və s. ilə əlaqə saxlamağa çalışdıq. Bəziləri məsələdən boyun qaçırdı, bəziləri isə ümumiyyətlə, cavab vermədi. Rəsmi cavab verən bircə Dövlət Statistika Komitəsi oldu. Verilən cavab isə belədir: “Bildiririk ki, sorğu olunan məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil”.
Nəhayət, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə əlaqə saxladıq. Məsələnin diqqətə alındığını və araşdırılacağı cavabını aldıq.
Problemin nə dərəcədə ciddi və təhlükəli olduğu göz önündədir. Buna baxmayaraq, məsələnin diqqətdən kənar qalması çox acınacaqlıdır. Ümid edək ki, tezliklə aidiyyəti qurumlar məsələyə ciddi yanaşar və nəzarəti artırar, qanunu pozanlar isə məsuliyyətə cəlb olunar.
Günay Elşən