Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Neft səltənətinin səfilləri – Uğursuz rəhbərlər, 1700 faizlik inflyasiya, 50 milyonluq mükafat
Maduronun adi cani kimi oğurlanıb ölkədən çıxarılmasına aparan yol...

Hazırda bütün dünya Nikolas Maduro və Venesueladakı vəziyyəti müzakirə edir. Necə oldu ki, dünyanın ən zəngin neft yataqlarına malik ölkə dilənçi vəziyyətinə düşdü, narkotrafikin məkanına çevrildi və sonda suveren dövlətin rəhbəri başqa bir ölkənin hərbçiləri tərəfindən adi cinayətkar kimi oğurlanaraq, ölkə xaricinə aparıldı? 

Pressklub.az Venesueladakı durumu, son yarım əsrdə ölkədə bir-birini əvəz edən uğursuz rəhbərləri, əhalinin acınacaqlı vəziyyətini və dilənçilik səviyyəsini açıq şəkildə göstərən məqaləni oxucuların diqqətinə çatdırır.

Beləliklə, Venesuela.

Böyük dövlətlərin dünya hegemonluğu uğrunda mübarizə apardığı Birinci Dünya müharibəsi dövründə Venesuelada neft tapıldı və ardınca ABŞ və Böyük Britaniyanın iri neft şirkətləri ölkəyə axın etdi. Nəticədə Venesuela cəmi bir onillik ərzində dünya bazarına çıxdı. Ölkəyə böyük pullar gəlməyə başladı və bununla da daim yoxsulluq içində yaşamış cəmiyyət üçün xarakterik düşüncə tərzi formalaşdı: bərbəzəyə aludəçilik, zahiri dəbdəbə statusu və sabah barədə düşünməmək. Necə deyirlər, əlində yeni iPhone varsa, vermişel də qida sayılır.

Ölkə təxminən 50 il ərzində pulları hara xərcləmək lazım olduğunu bilmədi, siyasətçilər isə bir-biri qarşısında öyünmək yarışına girmişdilər. Bu prosesə Venesueladan uzaqda baş verən, əslində ona birbaşa təsiri olmamalı olan, amma dünya düzəninin ironiyası ilə birbaşa təsir edən tarixi hadisə təkan verdi. 1973-cü il oktyabrın 6-da Suriya və Misir qoşunları İsrailə hücuma keçərək “Yom Kippur” (Kəffarə günü) müharibəsinə başladılar. Müharibənin nəticəsi olaraq OPEC-ə üzv ölkələr İsraili dəstəkləyən dövlətlərə – Böyük Britaniya, ABŞ və Yaponiyaya qarşı neft embarqosu tətbiq etdilər. Səudiyyə Ərəbistanının təsiri ilə neftin qiyməti cəmi bir gün ərzində 70 faiz bahalaşdı və qlobal böhran yarandı. Lakin Venesuela bu prosesdən yalnız qazandı. Ölkəyə qarşı heç bir məhdudiyyət tətbiq olunmadığı üçün o, rahat şəkildə nefti həm ABŞ-a, həm İsrailə, həm də SSRİ-yə sata bilirdi. Dayanıqlılıq o həddə çatmışdı ki, prezident Karlos Andres Peres Venesuelanı “Latın Amerikasının Küveyti” hesab etməyə başlamışdı. Dövlət aparatı genişlənir, məmurların maaşları astronomik səviyyəyə qalxırdı. Xarici borc artsa da, “memento mori” (bu günlə yaşa) – “neft bahadır” düşüncəsi hökm sürürdü. Tam ixrac asılılığı formalaşmışdı.

Yaranmış “neft köpüyü” az qala partlayacaqdı, lakin ölkəni növbəti müharibə – İran və İraq arasında baş vermiş savaş xilas etdi. Bu ölkələr Səudiyyə Ərəbistanı və Kanada ilə birlikdə dünyanın ən böyük beş neft tədarükçüsü idilər. Müharibə nəticəsində qiymətlər yenidən yüksəldi və Venesuela bir daha qazanan tərəf oldu – necə deyərlər, “dolce vita” (şirin həyat).

Dəyişikliklər 1985-ci ildən başladı. Neftin qiyməti 1970-ci illərin əvvəllərindəki səviyyəyə, yəni ilk qlobal neft böhranı dövrünə endi. Bunun əsas səbəbi Səudiyyə Ərəbistanının hasilata qoyduğu məhdudiyyətləri aradan qaldırması idi. Yəni, qlobal sabitlik naminə öz gəlirindən imtina etmək siyasətini dayandırdı, hasilatı kəskin artırdı və bazarı neftlə doldurdu. Qiymətlər çökdü, dünya üzrə iqtisadi böhran dalğası başladı.

Venesuela üçün bunun nə demək olduğunu anlamaq üçün bir fakt kifayətdir: ölkə ixracının 90 faizi neftdən ibarət idi. Hökumət vəziyyəti sabitləşdirmək üçün borclanır, lakin xərcləri azaltmırdı. Hummel Sinçi yeni prezident seçildi. Onun dövründə total qənaət və eyni zamanda... daha çox pul çap edilməsi siyasəti aparıldı. Artıq iqtisadçı olmayanlar da bilirlər ki, pul kütləsinin həddindən çox artırılması nəyə gətirib çıxarır. 1996-cı ilə inflyasiya 100 faizə çatdı. 1998-ci ildə hər üçüncü venesuelalı yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı. Yoxsulluğun siyasi nəticələri isə gecikmədi – üsyanlar, inqilablar başladı.

1990-cı illərin əvvəlində gənc zabit Uqo Çavesin ulduzu parladı. O, xalqın ədalətsizlik, korrupsiya və yoxsulluq içində yaşadığını görərək “mövcud vəziyyətlə barışmadığını” bəyan etdi və orduda gizli təşkilat yaradaraq 1992-ci ildə çevrilişə cəhd göstərdi. Cəhd uğursuz oldu, Çaves həbs edildi. 1994-cü ildə hakimiyyətə gələn prezident Kaldyera ictimai narazılığı azaltmaq üçün onu əfv etdi. Azadlığa çıxdıqdan sonra Çaves ordudan ayrıldı, siyasətə qoşuldu, prezidentliyə namizəd oldu və... seçkilərdə qalib gəldi.

1998-ci ildə Çaves Venesuela tarixində ən gənc prezident seçildi. O, ölkəni dəyişməyə çalışdı və əsas məhsul olan nefti milliləşdirdi. Dövlət “Petroleos de Venezuela” üzərində nəzarəti ələ keçirdi və gəlirlərin əhalinin rifahına yönəldiləcəyini elan etdi. Bu model bir müddət işlək oldu: sosial xərclər – təhsil, səhiyyə, mənzil, pulsuz ərzaq proqramları artırıldı. Əhali dövlətin qayğısını hiss etdi. Eyni zamanda ExxonMobil və ConocoPhillips kimi şirkətlər yeni qaydalarla razılaşmadıqları üçün ölkədən çıxarıldı. Nəticədə Venesuela milyardlarla dollarlıq məhkəmə iddiaları ilə üzləşdi. Neft hasilatı azaldı, infrastruktur köhnəldi, investorlar getdi, kreditlər əlçatmaz oldu.

Ümumilikdə baxdıqda, Çaves zəif siyasətçi idi: monkey see, monkey do – yəni, “meymun görür, meymun edir”. Yeni heç nə yox idi: neftdən asılılıq, müxalifətin sıxışdırılması, avtoritar idarəçilik. Onun əsas “uğuru” isə özündən asılı olmayan amil idi – neftin bir barelinin 150 dollara qədər qalxması. O, ömürlük hakimiyyət arzusunda idi. Bunun üçün referendum keçirdi, amma referendum alınmadı. Çaves təslim olmayaraq yenisini təşkil etdi və limitsiz yenidən seçilmək hüququ əldə etdi. Amma 2011-ci ildə onun xərçəngdən ölməkdə olduğu məlum oldu. Onun yerinə uzun illər silahdaşı olmuş vitse-prezident Nikolas Maduro keçdi. Ölüm ayağında olan Çaves xalqı seçkilərdə onu seçməyə çağırdı.

Belə də oldu. Maduro seçicilərin 50,6 faizinin səsi ilə hakimiyyətə gəldi. Ali təhsili olmayan, keçmiş avtobus sürücüsü və prezident. Bu fakt özü-özlüyündə həlledici deyil – tarix göstərir ki, istənilən adam prezident ola bilər. Lakin onun dövründə neft qiymətləri düşdü, yeni iqtisadi böhran başladı, inflyasiya artdı, yoxsulların sayı çoxaldı. Maduro əvvəlcə Çavesin metodlarını tətbiq etdi – nəticə olmadı. Sonra Peres yolu ilə getdi, daha çox pul çap etdi və bu, hiperinflyasiyaya səbəb oldu: insanlar çörək almağa içində pul dolu paketlə gedirdilər. Etirazlar güc yolu ilə yatırıldı, ölənlər oldu. Buna cavab olaraq ABŞ və Qərbi Avropa ölkələri sanksiyalar tətbiq etməyə başladı – əvvəlcə fərdi, sonra isə neft sektoruna qarşı.

2016-cı ildə ölkə iki düşərgəyə bölündü: biri ABŞ-ı təhlükə sayanlar, digəri isə əsas təhlükənin öz hökumətləri olduğunu düşünənlər. 2017-ci ildə müxalifət parlament seçkilərində çoxluğu əldə etdikdən sonra Maduro parlamenti buraxdı və Təsis Yığıncağı yaratdı. Etirazlar yatırıldı, müxalifətçilər həbs edildi. 2018-ci ildə Maduro yenidən prezident elan olundu, lakin bu dəfə bəxti gətirmədi. Onun “qələbəsini” ABŞ, Kanada, Latın Amerikasının əksər ölkələri və Avropa İttifaqı tanımadı. Hakimiyyətin ələ keçirilməsinin ardınca neft embarqosu tətbiq olundu və inflyasiya 1700 faizə çatdı! Bu səhv rəqəm deyil: MİN YEDDİ YÜZ faiz!

Maduro bütün təzyiqlərə qalib gələrək hakimiyyəti əlində saxladı – o, ac qalmırdı, ac qalan xalq idi. Sanksiyalardan yan keçməyə başladı: nefti kölgə sxemləri ilə satdı, qızılı yanacağa dəyişdi, sanksiyalardan yan keçərək neft avadanlıqları aldı. Və müxalifət yenidən ortaya çıxdı. 2019-cu ildə müxalifət lideri Xuan Quaido özünü müvəqqəti prezident elan etdi və maraqlıdır ki, onu ABŞ daxil olmaqla 50 ölkə tanıdı. Maduro bunu çevrilişə cəhd kimi qiymətləndirsə də, hadisələri müəyyən qədər qabaqlamışdı. Çevrilişin özü isə 30 aprel tarixində baş verdi: Xuan Quaido Karakasdakı hərbi bazanın qarşısına çıxaraq “Azadlıq” əməliyyatının başlandığını elan etdi. Lakin əməliyyat uğursuzluqla nəticələndi – böyük dövlətlər tərəfindən dəstək verilmədikdə, bunun necə bitdiyi aydın şəkildə görünürdü. 

Daha sonra Maduro özü orduda “təmizləmə” apardı, yüzlərlə müxalifətçi həbs edildi. On il davam edən iqtisadi böhran prezidenti ölkədə dolların dövriyyəsinə icazə verməyə məcbur etdi. Mağazalarda yenidən məhsullar görünməyə başladı. İqtisadiyyat isə müasir Venesuela reallıqlarına uyğun şəkildə işləyirdi: hakimiyyət və ordu yanacaq tədarükünə, sərhədlərə və qaçaqmalçılıq axınlarına nəzarət hesabına varlanırdı.

2022-ci ildə sanksiyaların qismən yumşaldılması hesabına Venesuelaya neftin məhdud həcmdə satılmasına icazə verildi. Bu mexanizm mahiyyət etibarilə 2003-cü ilədək İraq üçün tətbiq olunan proqramı xatırladırdı. Maduro bunu imperializm üzərində qələbə kimi təqdim etdi. Siyasətçi olmadığını artıq qeyd etmişdik. Məhz bu kontekstdə o, “tarixi sərhədlərin bərpası” ideyasını gündəmə gətirdi – hazırda qonşu Qayana ərazisinin təxminən üçdə ikisini təşkil edən Essequibo bölgəsinin geri qaytarılması planını irəli sürdü. Sual aydındır: niyə? Çünki bir neçə il əvvəl həmin ərazilərdə neft yataqları aşkar edilmişdi. Referendumda venesuelalıların 90 faizi bu regionun işğalına səs verdi. Lakin məsələ plan mərhələsindən irəli getmədi, çünki Venesuela özü ABŞ-ın hərbi müdaxiləsi təhlükəsi ilə üz-üzə qaldı.

Ölkədəki  vəziyyətin ümumi mənzərəsi qısaca olaraq belə idi. OPEC-ə üzv olan Səudiyyə Ərəbistanı, BƏƏ kimi ölkələr neftdən asılılığı azaltmaq və iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək yolları axtardığı halda, Maduro hakimiyyəti dövründə əsasən istehlakla və “kölgə oyunları” ilə məşğul oldu: qeyri-rəsmi sxemlər, qaçaqmalçılıq və qadağan olunmuş maddələrin dövriyyəsi. Onun hakimiyyəti illərində ölkə “Latın Amerikasının Əfqanıstanına” çevrildi – qadağan olunmuş maddələrin tranzit mərkəzi. Şübhəsiz ki, Maduro bu proseslərin hamısından xəbərdar idi.

2020-ci ildə ABŞ xüsusi xidmət orqanlarının apardığı istintaq zamanı məlum oldu ki, sözügedən qaçaqmalçılığın arxasında “Suns” karteli dayanır. Bu materiallar əsasında ABŞ Maduronu həmin sxemdə iştirakda ittiham etdi və onun həbsinə gətirib çıxaracaq məlumat üçün əvvəlcə 15 milyon dollar, 2025-ci ilin avqustunda isə 50 milyon dollar mükafat təyin etdi. Müqayisə üçün qeyd edək ki, Üsamə bin Laden və Səddam Hüseyn barədə məlumat üçün mükafatın məbləği hər biri üzrə 25 milyon dollar idi.

Həmin vaxt Çin də ölkənin neft axınlarını borclar müqabilində əldə etməyə investisiya yatırdı. Ola bilsin ki, ABŞ Venesuelanı Qərb yarımkürəsində Çinin potensial forpostu kimi görürdü. Amma bu, yeni mövzudur və material az olduğundan hələlik yekun nəticə çıxarmaq mümkün deyil.

Bax beləcə, Venesuela 3 dekabrda baş verən hadisəyə sürükləndi. Legitim və qeyri-legitim olmasından asılı olmayaraq, suveren ölkənin rəhbəri adi cinayətkar kimi başqa ölkənin əsgərləri tərəfindən həbs edilərək, ölkədən çıxarıldı...