Logo
news content
User
Kateqoriyalar

Analitika

Yoluxanların sayı yenə artır

Son günlərə qədər Azərbaycanda COVİD-19-a yoluxma sayı ikirəqəmli səviyyəyə düşmüşdü. Hər kəs gözləyirdi ki, artıq bütün məhdudiyyətlər ləğv olunacaq, həyat normal ritminə dönəcək. Lakin qısa müddətdə yolxanların sayı yenidən üçrəqəmli oldu. Səbəb nədir: karantin rejimində yumşalmalar, yoxsa insanların məsuliyyətsizliyi?

Sualımıza cavab verən keçmiş baş epidemioloq İbadulla Ağayev əsas səbəb kimi vətəndaşların məsuliyyətsizliyini qeyd etdi:

“İstər Səhiyyə Nazirliyi, istərsə də TƏBİB tərəfindən əhaliyə hər gün xəbərdarlıq edilir. Əgər bir epidemioloq kimi fikrimi bilmək istəyirsinizsə, demək istərdim ki, insanlarımız məsuliyyətsizlik edirlər. Nə qədər demək olar ki, maskasız gəzməyin, insanların toplu şəkildə yığıldığı yerlərdən uzaq olun?! Deyilənlərə əməl etmirlər, gizli-gizli toplaşırlar, müxtəlif yerlərə gedirlər. Yaxşı olardı ki, bu müddət ərzində qohum-əqrabaya getməyi də təxirə salsınlar. Axı, maska bu insanlara nə edir? Ağırçəkili bir şey olsa, deyərdim ki, ağırlıq edir. Müşahidə edirik, siz də görürsünüz ki, maskanı çənələrinin altında gəzdirirlər. Maskanı çənədə saxlamağın heç bir əhəmiyyəti yoxdur, burun və ağız boşluğu örtülməlidir”.

Epidemioloq xatırlatdı ki, əhalinin işləri nəzərə alınaraq müəyyən yumşalmalara gedildi:

“Amma bu, o demək deyil ki, xəstəliyin ikinci alovlanması olmayacaq. Əgər belə davam etsə, təbii ki, ikinci alovlanma da baş verəcək. Dövlətin qoyduğu qayda-qanunlara riayət etmək lazımdır. 50 ilə yaxın təcrübəsi olan epidemioloq və bu infeksiyalarla məşğul olan bir adam kimi əhalimizdən əvvəl də xahiş edirdim, indi də xahiş edirəm ki, deyilənlərə riayət etsinlər! İmkan verməsinlər ki, ailələrində, yaxınlarında xəstələnmə halları baş versin! Öz əlimizdədir, əgər qaydalara riayət etsək, heç bir şey olmayacaq”.

Pulmonoloq İbrahim Əsədli qeyd etdi ki, hazırda onlara müraciət edənlərin sayı elə də çox deyil: “Ola bilsin ki, tikilən modul tipli hospitallara müraciət edən xəstələr var”.

Həkimin fikrincə, əgər yoluxanların sayı artırsa, bu, onu göstərir ki, onlar stress içərisindədir, işləri, qazancları yoxdur, vaxtlı-vaxtında tibbi xidmətlərdən yararlana bilmirlər, rayonlardan Bakıya gələ bilmirlər:

“Yəni bunların hamısı onu göstərir ki, insanların lazımi səviyyədə yaşayışları təmin olunmayıb, tibbi xidmətlərlə təmin edilməyiblər. Ümumiyyətlə, niyə bizi təkcə COVİD-19 maraqlandırır? Dünyada hər il beş milyon insan ürək-damar xəstəliklərindən, iki milyon insan onkoloji xəstəliklərdən, iki milyon insan vərəmdən dünyasını dəyişir. Koronavirus başlayandan bu ölümlər dayanıb? Bəs, bunların statistikası ilə kimlər məşğul olur? Bu müddətdə nə qədər xəstəxana bağlı qaldı. Ağciyər İnstitutu məhv edilib”.

İ.Əsədli düşünür ki, yoluxanların sayının üç və ya dördrəqəmli olmasının önəmi yoxdur:

“Operativ Qərargahın, TƏBİB-in heç nədən başı çıxmır. Onların yanaşmasına, açıqladıqları rəqəmlərə mən ciddi baxmıram. Deyirlər, guya yumşalmalara gedilib deyə, yoluxanların sayı artır və artacaq. Belə deyil. İmmuniteti olan insanların heç biri xəstələnmir. İmmuniteti zəif olan insanlar tez xəstələnir. İmmunitet nəyə görə zəifləyir? Çünki qeyd etdiyim kimi, insanlar stress, borc-xərc içərisində yaşayır. İnsanların beyinlərini kütləvi şəkildə manipulasiya edirlər, onlara ümidsizlik, çarəsizlik aşılayırlar. Bu isə depressiyaya gətirib çıxarır. Depressiya da immuniteti aşağı salır. Bunu insanlara hökumət və Operativ Qərargah yaşadır. Əsas dərd budur”.

Pulmonoloq düzgün müalicənin aparılmadığı təqdirdə, yoluxanların sayının artacağını vurğuladı:

“Sovet vaxtında mövsümi qriplərin olduğu zaman ucuz oksolin mazı ilə insanları virusdan qoruyurdular. Nə olardı ki, dövlət modul tipli hospitalları tikməkdənsə, camaata oksolin mazı, bronxomunal paylayaydı, Vyetnamdan balzamlar gətirəydi? Necə olur ki, rayonlara yolları açmırlar, çimərlikləri açırlar? Qərarların qəbul olunmasında çox böyük problemlər var. Ümumiyyətlə, dövlətin idarə edilməsində problemlər mövcuddur. COVİD19 da bunu qabarıq şəkildə üzə çıxarmış oldu”.

Ülviyyə Şahin