Logo
news content
User
Kateqoriyalar

Analitika

Yeni Milli Məclisdən nə gözləməli?..

Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq etdi. Bu həftə ilk iclasın keçirilməsi nəzərdə tutulub. 

Yeni parlamentdən gözləntilər barədə müstəqil ekspertə, Milli Məclisin üzvünə və müxalifət təmsilçisinə sual ünvanladıq. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, prezident növbədənkənar seçki təyin edərkən iki arqument dilə gətirmişdi: “Birinci arqument ondan ibarət idi ki, yeni parlament və seçiləcək deputatlar islahatlara dəstək olmalıdır. Belə anlaşılırdı ki, prezident köhnə parlamentdən narazıdır və əvvəlki tərkibin islahatların sürətinə cavab vermədiyini düşünür. İkinci arqument isə ondan ibarət idi ki, yeni seçiləcək millət vəkilləri öz seçki dairələrinin ərazisində ciddi çalışmalıdır. Açığını desək, bizim parlamentin elə də böyük səlahiyyətləri yoxdur. Yəni prezidentin əsas istəyi odur ki, deputatlar yerlərdə insanlarla ünsiyyətdə olsunlar.” 

E.Şahinoğlu 9 fevralda köhnə tərkibdən 83 deputatın yenidən seçildiyini xatırlatdı. (Sonradan 4 dairənin nəticələri ləğv edildi.)

“Təəssüf edirəm ki, 25 il danışmayan insanlar yenidən deputat seçildilər. Onların islahatlara necə dəstək verəcəkləri məndə sual doğurur. Düzdür, 42 yeni millət vəkili də əlavə olunub. Əsas istəyimiz odur ki, parlament fəal olsun, müxtəlif mövzularla bağlı mövqe bildirsin. Amma yeni parlamentə bir az kölgə salındı. Açığı, mən tam fərqli bir seçki gözləyirdim. Gözlədiyim alınmadı”, - deyə siyasi şərhçi söylədi .

Yeni Milli Məclisin də ömrünün uzun olmayacağına dair gözləntilər var. Bunun nə dərəcədə real olduğuna dair suala E.Şahinoğlu belə cavab verdi: “Müxtəlif mənbələrdən mən də belə iddialar eşidirəm. Amma nəyə əsaslanaraq deyirlər, onu bilmirəm. Hətta mən referendumla bağlı söhbətlər də eşitmişəm. Proporisional seçki sisteminə keçiləcəyi haqda da şayiələr gəzir. Əgər bu parlamentin ömrü uzun olmayacaqsa, o zaman erkən parlament seçkiləri nəyə lazım idi? Yaşayarıq, görərik.”

Milli Məclisə yenidən seçilmiş Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə yeni parlamentdən müsbət gözləntiləri olduğunu vurğuladı: “Çünki Milli Məclisin tərkibində xeyli, azı 40 nəfər yeni sima var. Digər tərəfdən, müsbət tendensiya ondan ibarətdir ki, Prezident Administrasiyasında müvafiq şöbə - Siyasi partiyalar və qanunvericlik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Ona rəhbərlik edən şəxs partiyaların rəhbərlər ilə görüşlər keçirir. Bu, o deməkdir ki, həm də parlament müstəvisində fəaliyyətin, əməkdaşlığın daha yüksək səviyyədə qurulacağı mesajı çatdırılır. Ona görə də bu istiqamətdə görülən işlərin daha effektli və daha keyfiyyətli olacağı indidən proqnozlaşdırıla bilər. Milli Məclisdə rəhbərliyin, komitələrin necə təşkil ediləcəyindən çox şey asılı olacaq. Həqiqətən də burada islahatçı, yenilikçi amil önə çəkiləcəksə, onda Milli Məclisin iş keyfiyyəti artacaq. Əgər bütün məsələlər köhnə qaydada, olduğu kimi saxlanılsa, islahata dəstəyin keyfiyyəti də arzuolunan səviyyədə olmayacaq. Ona görə də, gözləmək lazımdır.  Milli Məclisin formalaşması, idarəçilyin formalaşması məsələləri həllini tapandan sonra bu məsələyə münasibət bildirmək daha doğru olardı.”

Yeni Milli Məclisin ömrünün uzun olmayacağı barədə gözləntilərə gəldikdə isə, F.Mustafanın sözlərinə görə, insanlar haqqında da gözləntilər var ki, kiminsə ömrü uzun, kiminsə ömrü qısa olacaq: “Bunu Allah bilər, bizim fikir bildirməyimiz doğru deyil. Elə şərtlər yarana bilər ki, parlamentin ömrü uzun olmaya bilər. Amma elə bir sabit şərait də ola bilər ki, hər hansı problem ortaya çıxmaz və Məclis fəaliyyətini beş il müddətinə davam etdirər.”

AXCP-nin sədr müavini Seymur Həzi sorğumuza cavab olaraq Milli Məclislə bağlı heç bir gözləntiləri olmadığını bəyan etdi: “Milli Məclisin təxminən 80%-i köhnə tərkib, yerdə qalan 20%-i isə köhnə təfəkkürdə olan adamlardır. Əlbəttə, parlamentdə müəyyən müzakirələr aparıla, mübahisəli situasiyalar da yarana bilər. Ancaq bu, ümumi vəziyyətə təsir etməyəcək. Əvvəllər parlamentdə sosial problemlərdən çox danışan İqbal Ağazadə təmsil olunurdu, ancaq onun varlığı ümumi vəziyyətə təsir edə bilmirdi. Bu gün də parlamentdə eyni statusda kimsə ola bilər, hansısa sosial məsələləri qaldıra bilər. Ancaq ümumi  vəziyyətə təsir etməz.” 

Milli Məclisin ömrünün uzun olub-olmayacağına dair fikrini açıqlayan S.Həzi qeyd etdi ki, hökumətin məntiqi ilə düşünə bilməz: “İlham Əliyev bu parlamenti də yığıb deyə bilər ki, özünüzü buraxın və onlar da özlərini buraxarlar.” 

Müəllif: Ülviyyə Şahin