Logo
news content
User
Kateqoriyalar

Analitika

Yenə o bağ olaydı…

Havalar isinməyə başladıqda bağ evi olmayan Bakı sakinləri yay fəslini keçirmək üçün paytaxt ətrafında dənizə yaxın yerlərdə bağ evi kirayələmək üçün axtarışlara başlayırlar. Artıq ikinci ildir pandemiya ilə əlaqədar insanların əksəriyyəti xarici ölkələrə gedə bilmədiyi üçün kirayə bağ evlərinə tələbatın daha da artması müşahidə olunur. Nəticədə kirayə haqqı da bahalaşır.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov vəziyyəti “Press Klub”a şərh edərkən ötən il pandemiya ilə bağlı insanlarda bir qədər qorxu yarandığını və bu səbəbdən bir çox vətəndaşın qapanmaya üstünlük verdiyini xatırlatdı:

“İnsanlar ötən il bir qədər cəmiyyətdən, kütlədən uzaq olmağa üstünlük verdilər.  Rayonlara gediş-gəlişin bağlı olması da hətta illər boyu satılmayan, kirayə belə verilə bilməyən fərdi evlərin - bağ və həyət evlərinin yaxşı satılmasına səbəb oldu. Bu proses keçən ilin sonuna kimi aktiv şəkildə davam etdi. Xarici ölkələrə uçuşlar dayandırıldıqdan sonra insanlar turizm şirkətlərinə ödədikləri pulları geri alıb, həmin pulları bağ evlərinin kirayəsinə yönəltdilər. Bunun nəticəsində bağlara olan tələbat 3-4 dəfə artdı. Proseslər keçən il üçün bu cür cərəyan etdi...”

Ekspert bu sahədə iki seqmentin olduğunu söylədi:

“Biri istirahət məqsədilə müvəqqəti kirayə götürülən bağ evləri, digəri isə yay mövsümü ilə əlaqədar alınan və istifadə edilən bağ evləridir. Bu ilin əvvəlini keçən ilin əvvəli ilə müqayisə etsək, tələbatın bir o qədər də yüksək olmadığını görərik. Keçən il ən yüksək tələbat aprel ayından başladı. Hətta torpaq sahələri belə aktiv satılmağa başladı. Builki aktivlik keçənilki qədər deyil. Misal üçün, ötən il elə dənizkənarı bağ evləri var idi ki, onların qiyməti iki dəfə, hətta bəzən üç dəfə qalxmışdısa, bu il satılan bağların qiymətində 5-10 faiz civarında artım var. Torpaqların qiyməti demək olar ki, eyni vəziyyətdə qalıb. Kirayə baxımından isə qiymətlərdə hələ ki ciddi bir dəyişiklik yoxdur. 5-10 faiz mövsümü qiymət artımının olması normaldır”.

Ekspert digər təyinatlı obyektlərin qiymətlərində dəyişikliyin 2020-ci illə müqayisədə nəzərəçarpan dərəcədə olmadığını vurğuladı:

“Ən çox qiymətləin düşməsi kirayə bazarında müşahidə olundu. Bu da tələbələrin böyük şəhərlərə axınının dayandırılması ilə bağlıdır. Bu baxımdan, 2020-ci ilin may ayından etibarən bu günə kimi qymətlərin 20-25 faizə kimi enməsi müşahidə edilir”.

Azadov qeyd etdi ki, bu il xaricə getməklə bağlı heç bir məhdudiyyət olmayacaqsa, o zaman daxili bazara tələbat azalacaq, bağ evləri, istirahət zonalarında qiymətlər buna uyğun dəyişəcək:

“Yox, əgər xarici səyahətlərə məhdudiyyətlər davam edərsə, təbbi ki, bu, daxili bazara da təsir edəcək. İstirahət zonalarında qiymətlər qalxacaq. Fərdi evlərin qiyməti də nisbətən artacaq”.

Ülviyyə Şahin