Yaxın Şərqin gələcəyi: Fələstinin tanınması sülh gətirəcəkmi?
İsrailli ekspert: O, nə coğrafi, nə də iqtisadi cəhətdən möcvuddur
28 Sentyabr 2025
Bir müddət öncə Böyük Britaniya, Avstraliya, Kanada və Portuqaliya Fələstin dövlətini tanıdıqlarını bəyan ediblər. Onların ardınca Fransa, Belçika, Monako, Lüksemburq və Malta rəhbərliyi də analoji addım atdıqlarını açıqlayıblar. Bu ölkələrin hakimiyyət orqanları bildiriblər ki, Fələstinin tanınması “HƏMAS-a hədiyyə” deyil. Onların fikrincə, təşkilatın gələcəyi, həmçinin hökumətdə və təhlükəsizlik sahəsində heç bir rolu ola bilməz.
İsrail bu tanınmaya sərt reaksiya verdi. Prezidenti İshak Hersoq adıçəkilən ölkələrə qarşı tənqidi çıxış edərək bəyan etdi ki, bu addım israillilər və fələstinlilər arasında sülhə nail olmağa kömək etməyəcək.
Qeyd edək ki, Fələstin beynəlxalq aləmdə yüksək səviyyədə tanınır (bəzi dövlətlər, o cümlədən ABŞ istisna olmaqla), xaricdə diplomatik nümayəndəlikləri və beynəlxalq idman yarışlarında, o cümlədən Olimpiya Oyunlarında iştirak edən komandaları var. Dünyadakı diplomatik missiyaları Fələstin xalqının beynəlxalq səviyyədə tanınmış nümayəndəsi kimi Fələstin Muxtariyyəti tərəfindən idarə olunur.
Lakin İsraillə fələstinlilər arasında davam edən münaqişə səbəbindən onun nə beynəlxalq səviyyədə razılaşdırılmış sərhədləri, nə paytaxtı, nə də ordusu var.
Bununla belə, bir çox ölkələrin mövqeyi ondan ibarətdir ki, Fələstin əraziləri 1933-cü il Montevideo Konvensiyasında dövlətçilik üçün müəyyən olunmuş əsas meyarlara – daimi yaşayan əhali, müəyyən edilmiş ərazi, hökumət və digər dövlətlərlə münasibət qurmaq qabiliyyətinə – cavab vermir.
Sərhədlərlə bağlı yekun razılaşma (və real sülh prosesi) olmadan “Fələstin” deyəndə nəyin nəzərdə tutulduğunu dəqiq söyləmək çətindir. Fələstinlilərin özlərinin təsəvvüründə onların dövləti üç hissədən ibarətdir: Şərqi Qüds, İordan çayını qərb sahili və Qəzza sektoru. Onların hamısı 1967-ci ildə Altıgünlük müharibə zamanı İsrail tərəfindən işğal olunub.
Bəs indi, Fələstinin müstəqilliyinin daha geniş tanınması ilə regionda nə dəyişəcək? Bu, fələstinlilər və İsrail üçün nə ifadə edəcək?
Tanınmış israilli publisist Aleksandr Nepomnyaşiy bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O, ilk növbədə qeyd edib ki, fələstinli ərəblərin mütləq əksəriyyəti açıq şəkildə HƏMAS-ı dəstəkləyir və məhz bu terror təşkilatını özlərinin legitim siyasi təmsilçisi hesab edirlər.
“Bu reallıqda “Fələstin dövləti” adlanan, amma coğrafi və iqtisadi baxımdan mövcud olmayan bir dövlətin tanınmasını sülhə doğru atılan addım saymaq olmaz. Əksinə, 2023-cü il oktyabrın 7-də İsraildə yaşayan dinc yəhudilərə qarşı törədilmiş dəhşətli hücuma – nasist təqiblərindən sonra ən qanlı hadisəyə görə faktiki olaraq simvolik mükafat kimi görünür.
Qəbul edilmiş tanıma qərarlarının Yaxın Şərqdə sülhə qayğı ilə heç bir əlaqəsi yoxdur. Bu, qərb cəmiyyətlərinin öz daxili problemlərinin əksidir. Onların zəif liderləri öz ölkələrində radikal əhval-ruhiyyəli antisemit qruplarının dəstəyini qazanmağa çalışır və buna görə də İsraili təcrid olunmuş kimi göstərməyə cəhdi edərək beynəlxalq arenada “uğur” nümayiş etdirməyə tələsirlər”, – ekspert bildirib.
Lakin o deyir ki, bu tanımalar Avropanın Fələstin, İsrailin isə Erets-İsrael adlandırdığı tarixi bölgənin üçdə ikisini təşkil edən İordaniyadan əlavə fələstinli ərəblər üçün daha bir dövlət yaratmaq (fələstinlilərin mütləq əksəriyyət təşkil etdiyi, yəhudiləri bütün hüquqlardan məhrum edən və faktiki olaraq yaşamağı qadağan edən irqçi qanunların olduğu) niyyətini yaxınlaşdırmayacaq. “Əksinə, İsraildə bu addım cəmiyyəti həmin ideyanı rədd etmək üçün daha da birləşdirəcək. Fələstinli ərəblər üçün isə radikallaşma səbəb olacaq və hər hansı kompromisdən daha sərt imtinaya gətirib çıxaran gözləntilər yaradacaq.
Nəticədə, Avropa İsrailə təzyiq üçün əsas alətini itirdi, əvəzində isə heç nə əldə etmədi. BMT-nin növbəti sessiyası bitdikdən dərhal sonra gurultulu bəyanatlar unudulacaq. İsrail ABŞ-nin dəstəyi ilə Yaxın Şərqdə yeni hegemon dövlət kimi mövqelərini möhkəmləndirməyə davam edəcək. Fransa kimi ölkələr isə dünyada siyasi və diplomatik təsirini itirmə prosesini yalnız sürətləndirəcək”, – Nepomnyaşiy əmindir.
Rauf Orucov