
Yarımçıq müharibənin sonu – İran hakimiyyətini nə gözləyir?
Qarşıdurmanın nəticələri bu ilin ikinci yarısında özünü göstərə bilər
25 İyun 2025
Yaxın Şərqdə cəmi 12 gün davam edən, lakin regional və qlobal aktorları qarşı-qarşıya qoyan İsrail-İran müharibəsi ABŞ Prezidenti Donald Trampın vasitəçiliyilə atəşkəs razılaşması ilə nəticələndi. Qısa sürən bu hərbi qarşıdurma görünən qədər sadə və yekun olmadı. Onun dərin geosiyasi qatları, strateji manevrləri və daxili siyasətə təsiri hələ uzun müddət müzakirə mövzusu olacaq.
Məlumata görə, atəşkəsə aparan danışıqlar əsasən Vaşinqtonla Doha arasında koordinasiya edilib. Qətər, İranla dolaylı kommunikasiya kanalı kimi çıxış edib və Tehranla Vaşinqton arasında mesaj daşıyıcısına çevrilib.
“Brookings Institution”-un təhlilində qeyd olunur ki, ABŞ bu vasitəçiliklə bir neçə məqsədə eyni anda nail olmağa çalışıb:
Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq;
İsrailin maraqlarını qismən təmin etmək;
İranın nüvə ambisiyalarını müvəqqəti də olsa cilovlamaq;
Çin və Rusiya ilə yeni gərginliklər fonunda əlavə cəbhə açmamaq.
Bu kontekstdə Tramp administrasiyası real döyüş nəticələrindən çox, siyasi görüntü və qarşılıqlı razılaşdırılmış “nəzarətli eskalasiya” üzərində fokuslanıb.
İsrail daxilində, xüsusən müxalifətdə atəşkəslə bağlı ciddi tənqidlər səsləndirilir. Keçmiş xarici işlər naziri Aviqdor Libermanın da dediyi kimi, İranın ballistik raket istehsalı və nüvə fəaliyyətləri dayandırılmayıb. Liberman bunu “gələcəkdə daha qanlı münaqişənin təməli” kimi qiymətləndirir.
“Begin-Sadat Strategic Studies Center” tərəfindən yayımlanan təhlildə isə vurğulanır ki, İsrail siyasi rəhbərliyi bu müharibədə SEPAH-ın nüvə və raket komanda strukturuna ciddi zərbə vurmaq imkanını əldən verib. Mərkəzin fikrincə, bu fürsətin qaçırılması İranı növbəti qarşıdurmalarda daha güclü vəziyyətdə saxlaya bilər.
İran tərəfi atəşkəsi öz ictimaiyyətinə “geopolitik dirənişin qələbəsi” kimi təqdim edir. Lakin “The Economist”-in məlumatına görə, İranın cavab zərbələri ABŞ-a əvvəlcədən bildirilib və faktiki olaraq boş hərbi obyektlərə yönəldilib.
Bu, Tehranda ciddi suallar doğurub:
“Əgər biz qalib gəlmişiksə, niyə generallarımız öldü, “Fordo” “Natanz”-da nüvə obyektləri dağıldı, biz isə ABŞ-a xəbər verib boş yerlərə raket atdıq?”
“New York Times” və “Al Monitor” qəzetlərinin araşdırmaları göstərir ki, Tramp administrasiyası bilərəkdən İranın zərbələrinə cavab verməkdən çəkinib və Tehranla gizli şəkildə koordinasiya edilmiş zərbələrlə münaqişənin daha da dərinləşməsinin qarşısını alıb.
İran daxilində böyük sosial-iqtisadi böhranla paralel gedən bu suallar artıq tələbə birlikləri və müəllim təşkilatlarının Tehranda və İsfahanda keçirdiyi etiraz aksiyalarına çevrilməkdədir. ABŞ-nin “Carnegie Endowment” beyin mərkəzi hesab edir ki, bu etirazlar 2025-ci ilin ikinci yarısında rejim üçün təhlükəli kütləvi xalq hərəkatlarına çevrilə bilər.
Beynəlxalq ekspertlərin ortaq fikrinə görə, bu atəşkəs müharibənin yox, sadəcə qarşıdurmanın “pauzalanmasıdır”. İran rejimi nə nüvə ambisiyalarından, nə də regional proksi qüvvələri dəstəkləməkdən imtina edib. İsrail isə SEPAH-ı hələ də “strateji təhdid” kimi görür.
“RAND Corporation” analitiklərinin fikrincə, əgər diplomatik mexanizmlər qurulmasa, 2026-2027-ci illərdə daha genişmiqyaslı və dağıdıcı müharibə başlaya bilər.
Yaranmış vəziyyət belə nəticə çıxarmağa əsas verir ki, İsrail və İran arasında mövcud qarşıdurma təkcə raketlərlə deyil, ideologiyalar, strateji maraqlar və regiondakı nüfuz uğrunda gedən mübarizədir. Bu qarşıdurma diplomatik razılaşmalarla yox, ya rejimlərin dəyişməsi, ya da yeni regional düzən formalaşana qədər davam edəcək. Atəşkəs bölgədə sakitlik deyil, sadəcə bir “nəfəs dərmə fasiləsidir”.
Turqut