YAP öz üzvlərinin korrupsiya cinayətlərinə görə məsuliyyət daşıyırmı?
04 İyun 2020
Beynəlxalq araşdırmaçı jurnalistlər birliyi olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) Azərbaycanın keçmış milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Anar və Nərgizin Böyük Britaniya, İspaniya, Lüksemburq, Kipr və Litvada 100 milyon funt-sterlinq (210 milyon manat) dəyərində əmlaka sahib olması faktını aşkarlaması Azərbaycan ictimai mühitində bomba effekti yaratdı. Xatırlatmaq yerinə düşər ki, keçmiş nazirin 5 ilə yaxındır (Eldar Mahmudov prezidentin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib) ev dustağı kimi ölkədən kənara çıxmasına qadağa var.
Dəhşətli və təəccüblü təkcə bu deyil. Həm də odur ki, rəsmi qurumlar dövlət məmurlarının xaricdə özlərinə biznes imperiyaları qurmasını hər vəchlə ört-basdır eləməyə cəhd göstərirlər. Bu günlərdə xarici işlər naziri Elmar Məmmədyarovun da Nyu-Yorkda 4,2 milyon dollara iki mənzil aldığı üzə çıxıb. Nazirin həmin mənzilləri övladlarının adına rəsmiləşdirildiyi Nyu-Yorkun rəsmi qeydiyyat idarəsi tərəfindən də təsdiqlənib. XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələyə belə münasibət bildirib: “Xarici işlər nazirinin və ya nazirliyin əməkdaşlarının şəxsi məsələləri nazirlik tərəfindən şərh olunmur. Nazirin şəxsi həyatıdır, bunu şərh etmirəm...”
Yeni Azərbaycan Partiyasının (YAP) liderlərindən biri, millət vəkili Siyavuş Novruzovun isə korrupsiya iddialarına reaksiyası belə olub: “YAP korrupsiya əməlləri ilə tutulan məmurlara görə məsuliyyət daşımır. YAP onların korrupsioner olduğunu necə müəyyən edə bilər? Biz onları vəzifəyə təyin edəndə rentgendən keçirəsi deyilik ki?..”
Hökumət faktları niyə gizlətməyə çalışır?
Mövzunu “Press Klub”a şərh edən iqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, dövlət idarəetmə sistemində yüksək post tutmuş şəxslər bu sərvətləri vəzifələri sayəsində, müxtəlif vasitələrlə xalqdan oğurlanan pulların hesabına əldə ediblər. Onun fikrincə, illik rəsmi maaşları 15-20 min manatı ötməyən məmurlar yüz milyonlarla dollar sərvət toplaya bilirsə, bunun bircə səbəbi var: idarəetmə sistemi çox pis vəziyyətdədir, dövlət nəzarət institutları işləmir.Ekspert qeyd etdi ki, S. Novruzovun yüksək vəzifə tutan məmurların korrupsiya əməllərinə görə təmsil etdiyi partiyanın məsuliyyət daşımaması barədə fikirləri kökündən yanlışdır. O, YAP-çı deputatın söylədiklərini hakimiyyətdə olan siyasi partiyanın korrupsiya faktlarını gizlətməyə cəhd etməsi kimi dəyərləndirir:
“Çünki korrupsiya əməllərində suçlanaraq həbs olunan icra başçıları, nazir müavini və idarə rəisləri, eləcə də Elmar Məmmədyarov və Eldar Mahmudov YAP hakimiyyətinin nümayəndələri kimi yüksək dövlət vəzifəsi tutmuş şəxslərdir. Siyavuş Novruzov bu məsələdə yaxasını kənara çəkə bilər, amma indi Azərbaycanda hakimiyyət başında onun partiyasıdır və baş verənlərə görə iqtidar partiyası heç bir halda yaxasını kənara çəkə bilməz. Ona görə də yüksək vəzifəli məmurların korrupsiya əməllərinin araşdırılması və belə hallara son qoyulması ilə YAP məşğul olmalıdır. Əgər bunun öhdəsindən gələ bilmirlərsə və ya istəmirlərsə, bu, başqa məsələ. Lakin YAP hakim partiya kimi baş verən korrupsiya əməllərinə görə məsuliyyət daşıyır.”
Xarici işlər naziri ilə keçmiş milli təhlükəsizlik nazirinin xaricdə bahalı mülklər almasına gəldikdə isə, R.Ağayev bildirdi ki, hakimiyyət nümayəndələrinin bu mövzuda əks arqumentlərinin heç biri keçərli deyil:
“Bəziləri publik olaraq səsləndirirlər ki, Elmar Məmmədyarovun da, Eldar Mahmudovun da övladları bizneslə məşğul ola bilər. Amma belə arqumentlər heç bir halda əsaslı sayıla bilməz. Hətta qanunun tələblərini kənara qoysaq belə, məmurların xaricdə bahalı mülklər almasına heç bir halda haqq qazandırmaq mümkün deyil. Aydın məsələdir ki, bu qədər mal-mülk vəzifəli şəxslərin vəzifədən sui-istifadə etməklə qazandığı pullar hesabınadır. İstər xaricdə yaşayan, istərsə də Azərbaycanın özündə o qədər qabiliyyətli insanlar var ki, onlar nazirlər və övladları kimi Avropada bahalı mülklərə sahib ola bilmir. Niyə onların xaricdə 100-200, 500 milyonluq əmlakı yoxdur, amma Elmar Məmmədyarovun və ya Eldar Mahmudovun övladlarının var?! Uzun illərdir Rusiyada yaşayan Vahid Ələkbərov kimi adlı-sanlı, yaxud barmaqla sayıla biləcək Mübariz Mənsimov kimi nəhəng biznesmenləri saymasaq, 1990-cı illərdən sonra Azərbaycandan çıxıb getmiş azərbaycanlılardan bu qədər bahalı müklər alan, geniş biznes şəbəkələri qurmuş adamlar olsaydı, bizim də bunlardan xəbərimiz olardı. Deməli, yoxdur, olsaydı, mətbuatda onların da adı çıxardı. Bəs, onda niyə ancaq məmur uşaqları xaricdə bu qədər bahalı mülklərə, biznes şəbəkələrinə sahib ola bilir?! Necə olur ki, Azərbaycanda dövlət vəzifəsini də, Avropada dəyəri milyonlarla ölçülən mal-mülk əldə edənlər də, geniş biznes şəbəkəsi quranlar da elə bunlar oldu? Ona görə də hakimiyyət nümayəndələrinin məmurların və onların övladlarının xaricdəki mükləri ilə bağlı əks arqumentləri yersiz və heç bir tənqidə dözümü olmayan arqumentlərdir. İstər Elmar Məmmədyarov, istərsə də keçmiş MTN rəhbəri birmənalı şəkildə vəzifələrindən sui-istifadə edərək qazandıqları pulların hesabına xaricdə bahalı mülklər alıblar. Bu mülklər onların vəzifədə qazandıqları pullardır, özlərinin deyil, ölkənin sərvətləridir. Onlar Avropadakı bahalı mülkləri Azərbaycan dövlətində qulluq mövqelərindən istifadə edərək qazanıblar. Hətta hər kəsin qazancı öz vəzifəsinə görə dəyişir. Elmar Məmmədyarovun ortaya çıxan mülklərinin dəyəri Eldar Mahmudovun ortaya çıxan mülklərinin dəyərindən 20-25 dəfə azdır. Bu faktlar həm korrupsiyanın miqyasını göstərir, həm də tutduğu vəzifədən asılı olaraq, kimin daha çox, kimin nisbətən az oğurladığını müəyyən etməyə imkan verir. Hər kəs bilir ki, Elmar Məmmədyarovun başçılıq etdiyi Xarici İşlər Nazirliyinin büdcəsi Milli Təhlükəsizlik Nazirliyinin büdcəsi ilə müqayisədə xeyli kiçikdir. Eyni zamanda, son vaxtlar qalmaqallı həbslərlə gündəmdə olan Mədəniyyət Nazirliyi böyük büdcəli nazirliklər sırasında deyil. Amma mədəniyyət naziri xarici işlər naziri ilə müqayisədə daha böyük vəsaitlərə sərəncam verir. Bu, artıq dövlət vəsatlərinin nə dərəcədə geniş miqyasda oğurlanmasının təzahürdür. Bu, o deməkdir ki, vəzifədə olan hər kəs büdcədən oğurlaya, ölkənin sərvətlərini talaya bilir.”
R.Ağayevin fikrincə, bütün bunlar dövlət nəzarət institutlarının, ictimai nəzarət institutlarının və alternativ siyasi institutların səmərəli fəaliyyət göstərməməsinin nəticəsidir. Onun sözlərinə görə, hər üç institutun fəaliyyəti, hakimiyyət qollarının bir-birinə qarşılıqlı nəzarət sistemi bu cür halların qarşısını almalı idi:
“Təəssüf ki, Azərbaycanda belə bir nəzarət mexanizmi qurulmayıb. Elə bir mexanizm qurulmalıdır ki, büdcədən pul oğurlayan, dövlətin sərvətlərini talayan hər kəs dərhal müəyyən edilərək nəzarətə götürülsün. Necə ki, bütün küçə və yollarda elə bir mexanizm qurulub ki, heç kəs nəzarət kameralarından yayına bilmir və istənilən şəxsi həmin kameralar vasitəsilə tapa bilirlər. Yəni, elə bir mexanizm yaradılmalıdır ki, dövlətin sərvətlərini oğurlayanları da dərhal aşkarlamaq mümkün olsun. Belə sistemin formalaşdırılmasına isə 30 ilə yaxındır ölkəni idarə edən hakimiyyət və hakim partiya birbaşa məsuliyyət daşıyır.”
Elxan Salahov