Logo
news content
User
Kateqoriyalar

Analitika

YAP-ın qurultayından nə gözlənilir?

Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. Bu qurultaya hansı səbəbdən ehtiyac duyulması ilə bağlı müxtəlif versiyalar var. Versiyalardan biri də budur ki, partiya rəhbərliyində hazırkı iqtidar üçün arzuolunmaz şəxslər təmsil olunur və onların kənarlaşdırılması hədəflənir.

Bu məsələni “Press Klub”a şərh edən siyasi təhlilçi Rauf Mirqədirov bunu qarşıya qoyulmuş məqsədlərdən biri hesab edir. Onun sözlərinə görə, YAP-ın İdarə Heyətində, Siyasi Şurasında elə şəxslər var ki, hakimiyyət özü həmin adamları ölkədəki xoşagəlməz halların səbəbkarı kimi təqdim etmək istəyir:

“Bu gün YAP rəhbərliyində təmsil olunan şəxslərin bir hissəsi artıq ictimai rəydə “xalq düşməni”nə çevrilib. Ramiz Mehdiyev, Əli Həsənov və digərləri. Ölkədəki neqativləri onların adı ilə bağlamaq cəhdləri aşkar görünür. Onlara qara yaxılmır, həqiqət deyilir. Amma məsələ burasındadır ki, ictimai rəydə həmin adamlar haqqnda bu fikri formalaşdırmağa çalışanların özləri də onlardan geri qalmır. Yüksək vəzifədə olanlar arasında korrupsiyaya bulaşmamış, büdcə vəsaitlərini mənimsəməyənləri tapmaq demək olar ki, mümkün deyil. Bu baxımdan, görünür, belə qərara gəliblər ki, onları təcili uzaqlaşdırmağın vaxtıdır”.

Ekspert ehtimal edir ki, YAP rəhbərliyindən uzaqlaşdırılanların yerinə hazırda Prezident Administrasiyasında çalışan, prezident və vitse-prezidentin ətrafında olan insanlar gətiriləcək. Mirqədirovun fikrincə, hakimiyyət bu kadr dəyişikliyini həm də islahat kimi təqdim etməyə çalışacaq. Ekspertin fikrincə, müharibənin nəticələrinin yaratdığı eyforiya zaman keçdikcə narazılıqlarla əvəzlənir, bu üzdən hakimiyyət yenə islahat görüntüsü yaratmağa ehtiyac duyur:

“Ola bilər ki, YAP-ın qurultayında İlham Əliyev ölkə daxilində müəyyən siyasi proseslərin başlanğıcının anonsunu versin. Düşünürəm ki, bu addımlar daha çox hakimiyyətin təkrar istehsalına, davamlılığına yönəlik olacaq. İşğal altındakı ərazilərin böyük bir hissəsinin azad edilməsi nailiyyətdir və bununla əlaqədar cəmiyyətdə eyforiya vardı. İndinin özündə də İlham Əliyev qalib imicini gücləndirməyə, bundan bəhrələnməyə çalışır. Bu, normaldır, bütün siyasətçilər bundan istifadə edir. Amma cəmiyyət artıq eyforiyadan ayılır, zamanla başqa suallar verməyə başlayır. Əgər deyildiyi kimi, Qarabağ problemi bitibsə, niyə erməni hərbi birləşmələri Dağlıq Qarabağ ərazisindədir? Niyə Lavrov və digərləri Qarabağın statusundan danışır? Ruslar Dağlıq Qarabağda özlərini öz evlərindəki kimi aparır, bizimlə hesablaşmırlar. Sosial-iqtisadi durumla bağlı narazılıqlar var. Korrupsiya, məmur özbaşınalığı, insan haqlarına hörmətsizlik – bu problemlər də qalıb. Ona görə, yenə də islahat vədlərinə, görüntülərə ehtiyac yaranıb”.

Rauf Mirqədirov qurultayda YAP sədrinin – prezidentin konstitusion islahatlar planı haqda danışacağını da istisna etmir. Onun fikrincə, Konstitusiyaya dəyişikliklərin vacibliyi qarşıdakı problemlərin həll yolu kimi təqdim oluna bilər.

Ekspert Konstitusiyaya mümkün dəyişikliklərlə bağlı ehtimallarını da açıqlayıb. O, hesab edir ki, proporsional seçki sisteminə keçid ola bilər:

“Bu, həm də köhnə elitanı neytrallaşdırmaq məqsədinə xidmət edir. Bu gün gənc məmurlar nəsli elita kimi təqdim olunur. Halbuki, elita anlayışının mahiyyəti başqadır. Menecerlər elita deyil, onlar sadəcə, icraçılardır. Elita dövlətdə qərarların qəbuluna təsir edən insanlar qrupudur. Bu insanlar hakimiyyətdə, müxalifətdə, biznesdə - müxtəlif sahələrdə ola bilər. Amma qərarların qəbuluna mütləq təsiri olmalıdır. Bu gün Azərbaycanda baş verənlər sadəcə, oliqarxların menecerlərlə əvəzlənməsidir. Onlar ən yaxşı halda, səmərəli icraçılardır. Digər tərəfdə isə bu hakimiyyətdən uzun illər bəhrələnən, hazırda isə narazı olan insanlar qrupu var. Onları “Heydər Əliyev elitası” da adlandıra bilərik. Onlar hakimiyyətdən uzaqlaşdırılıblar. Cəmiyyətin özündə də müxtəlif təbəqələri əhatə edən narazılar, ənənəvi etirazçı elektorat var. Ənənəvi etirazçı elektoratla o elitanın maraqları üst-üstə düşməyə başlayıb. Bu da hakimiyyət üçün təhlükəli durum yaradır. Qarabağ nailiyyəti bu təhlükəni arxa plana keçirsə də, təhdidlər qalıb. Bu məsələni də həll etmək lazımdır. Göstərməyə çalışacaqlar ki, “biz təkcə o adamları uzaqlaşdırmırıq, gerçəkdən nələrisə dəyişməyə çalışırıq”. Eyni zamanda, ənənəvi etirazçı elektoratda da bir ümid yaradıb, köhnə qvardiya ilə onların maraqlarının birləşməsinə imkan verməmək də hədəflərdən biridir”.

Gülər