Logo
news content
User
Kateqoriyalar

Analitika

Ukrayna üçün iki ssenari: Pis və daha pis...
Ekspert: Göstərilən ssenarilər nədənsə Putinin “arzuları” ilə üst-üstə düşür

Ukrayna müharibəsinin necə bitəcəyi məsələsi dünya siyasətində əsas mövzulardan biri olaraq qalır. The Wall Street Journal ekspertlər və Qərb rəsmiləri arasında müzakirə edilən iki əsas ssenarini təhlil edib.

Birinci ssenari – ərazilərin qismən itirilməsi, amma dövlətin qorunub saxlanılması. Bu halda Ukrayna müstəqilliyini saxlayır, lakin ərazilərinin təxminən 20 faizinə nəzarəti itirir.
Həmin torpaqların beynəlxalq səviyyədə tanınıb-tanınmaması sual olaraq altında olur, amma faktiki olaraq Rusiyanın nəzarətində qalır. Əvəzində isə Kiyev təhlükəsizlik zəmanətləri və Qərbin dəstəyini əldə edərək zəifləsə də, müstəqil dövlət kimi mövcudluğunu davam etdirir.

İkinci ssenari – Ukraynanın Rusiyanın protektoratına çevrilməsidir.
Burada risklər daha ciddi xarakter daşıyır. Ukrayna ərazilərinin daha böyük bir hissəsini itirə, qalan torpaqlar isə Moskvanın sərt nəzarəti altına düşə bilər. Bu halda söhbət qismən nizamlama variantından yox, ölkənin statusunun tam dəyişməsindən gedir – o, müstəqil siyasət yürütmək imkanından məhrum edilən asılı quruma çevrilir.

Məqalədə vurğulanır ki, hər iki ssenari Ukrayna üçün olduqca əlverişsiz perspektivlərdir. Birinci variant heç olmasa müstəqilliyi saxlayır, amma ərazi itkisi bahasına. İkinci isə mövcud Ukrayna dövlətçiliyinin faktiki sonu deməkdir.

Bəs, mövcud şərtlər daxilində müharibənin başqa sonluğu ola bilərmi? Ukraynanın ərazi bütövlüyünü tam bərpa etməsi mümkündürmü?

Pressklub.az-ın suallarına ukraynalı analitik, siyasi elmlər doktoru, Komenius Universitetinin (Bratislava) Sosial və İqtisadi Elmlər fakültəsinin professoru Mikola Poloviy cavab verib.

Onun sözlərinə görə, ilk növbədə “Qərb rəsmiləri” dedikdə, artıq onları Avropa və ABŞ rəsmiləri olaraq ayırmaq lazımdır: “Çünki davam edən müharibə və Tramp administrasiyasının Putini sakitləşdirməyə yönələn siyasəti fonunda Avropa ölkələri və ABŞ fərqli risklər paketi ilə işləməyə məcburdur. The Wall Street Journal kimi nüfuzlu nəşrdə bu fərqləndirmənin aparılmaması bu materialın əlavə və gizli məqsədlər daşıdığına işarə ola bilər.

“Kiyev üçün risklər” termini artıq ilk növbədə Rusiyanın Şərqi Avropa ölkələri, daha sonra isə Mərkəzi və Qərbi Avropa ölkələrinə yönələn hücumu riski kimi qəbul edilməlidir. Bu amilin qeyd edilməməsi materialı birtərəfli edir.

Göstərilən ikinci ssenari əslində Rusiyanın 2022-ci ildə başladığı genişmiqyaslı işğalın ilkin məqsədinin sadə təkrarından başqa bir şey deyil və bu da materiala inamı azaldır.

Düşünürəm ki, materialın əsas məqsədi ABŞ ictimaiyyətinin və Qərbi Avropa siyasətçilərinin təklif olunan iki “ssenariyə” reaksiyasını öyrənmək və ərazi itkisi müqabilində “təhlükəsizlik zəmanətləri” ssenarisini Ukrayna üçün daha qəbuledilən variant kimi əsaslandırmaqdır. Maraqlıdır ki, bu ssenari Putinin Tramp ilə görüşdə ifadə etdiyi “arzular” ilə böyük ölçüdə üst-üstə düşür.

Xatırlatmaq lazımdır ki, Budapeşt Memorandumundan sonra beynəlxalq zəmanət anlayışı demək olar ki, tam devalvasiyaya uğrayıb və Rusiyaya yaxın ölkələrin məmurları və vətəndaşları bunu çox yaxşı başa düşürlər”, – deyə Poloviy bildirib.

Onun fikrincə, Ukraynanın ərazi bütövlüyünün tam bərpası və müstəqilliyinin qorunması yalnız Rusiyanın dövlət kimi dağılması və ya onun rəhbərliyinin kəskin şəkildə dəyişməsi kimi az ehtimal olunan ssenarilər nəticəsində mümkündür. “Bu ssenari mümkünsüz deyil, amma 10–20 illik perspektivdə qaçılmaz hadisə də hesab edilə bilməz.

Eyni zamanda, hadisələrin inkişafı üçün bir çox başqa ssenarilər mövcuddur və zaman keçdikcə onların sayı artır. Ukrayna həddən artıq yorğundur, amma Rusiyanın da resursları sonsuz deyil – ilk növbədə insan resursları. Ordu ilə müqavilə imzalayanlara verilən məbləğin daim artırılması və sağalmamış yaralıların ön cəbhəyə göndərilməsi bunun sübutudur.

Ukraynanın işğal olunmuş hər kvadrat kilometri Rusiya üçün “qazanc” sayılsa da, Avropa hökumətlərinin öz təhlükəsizliyi ilə bağlı qorxularını artırır və nəticədə əksər Avropa ölkələrinin Ukraynaya maliyyə və hərbi dəstəyi güclənir. Ukrayna Avropa üçün Rusiyaya qarşı ümumi sipər kimi qəbul olunur və bu səbəbdən də Avropa İttifaqının Kiyevə maliyyə və digər yardımı dayandırması çox az ehtimal olunur.

Mövcud vəziyyətdə cəbhə xəttinin “dondurulması” ssenarisi daim gündəmdə qalır – Ukraynanın müstəqilliyi saxlanılır, Avropanın çoxşaxəli dəstəyi davam edir və Rusiya tərəfindən işğal olunmuş ərazilərin beynəlxalq tanınması baş vermir. Cəbhə xəttinin yekun konturlarının konfiqurasiyası və bununla bağlı Ukraynanın itirdiyi və ya azad etdiyi ərazilərin həcmi bir çox amillərdən asılıdır. Bunlara yalnız insan resursu deyil, həm də maddi imkanlar, texnoloji innovasiyalar, onların sürətinin və keyfiyyətinin miqyasının artırılması, logistika, əhalinin və mülki obyektlərin müdafiəsinin təşkili və digər çoxsaylı faktorlar daxildir.

Üç il yarımlıq genişmiqyaslı müharibə ərzində Ukrayna bütün dünyaya sayca üstün düşmən qarşısında müdafiə olunmaq, onu işğal edilmiş ərazilərdən uğurla sıxışdırıb çıxarmaq, hətta müharibəni onun ərazisinə keçirmək (Kursk vilayətində hərbi əməliyyatlar və “Pautina” tipli diversiya əməliyyatları vasitəsilə) qabiliyyətini nümayiş etdirdi. Bu təcrübə fonunda Ukraynanın ərazilərinin 20%-ni itirməsi, prinsipcə, 15% və ya 35% itirməsindən o qədər də ciddi fərqlənmir. Ukrayna müstəqil dövlət kimi mövcudluğunu davam etdirir və müqavimət göstərir.

Müharibənin hər yeni günü, Rusiya tərəfindən ələ keçirilən Ukrayna torpaqlarının hər yeni metri mülki əhali arasında qurbanlarla və Rusiyanın zərbələri nəticəsində Ukraynanın mülki infrastrukturunun dağıdılması ilə müşayiət olunur. Bu, sözün birbaşa mənasında, adi terror taktikasıdır: məqsəd dinc əhalini qorxutmaq, onları hökumətə təzyiq göstərməyə və nəticədə hakimiyyəti terrorçular qarşısında güzəştə getməyə məcbur etməyə yönəlib. Rusiya raket terrorunun konkret halda məqsədi Ukrayna hakimiyyətini Moskvaya loyal (əslində marionet) hökumətlə əvəz etməkdir.

Amma rusiyalı terrorçuların gözləntilərinin əksinə olaraq, əzab çəkən Ukrayna əhalisi hökumətdən Rusiya şərtləri ilə kapitulyasiya və ərazilərdən imtina etməyi tələb etməyə tələsmir. Bunun səbəbi təkcə rus işğalçılarının ukraynalılara qarşı barbar qəddarlığı deyil – bu, heç bir “qardaşlıq hissi” oyatmır. Məlumdur ki, terrorçular terrorun nəticə verməsinə yalnız demokratiyalarda ümid edə bilərlər. Çünki qorxu içində olan əhali demokratik prosedurlar vasitəsilə hökuməti dəyişmək imkanına malikdir. Ukraynada isə hərbi vəziyyət şəraitində belə bir mexanizm prinsipcə işləmir və buna görə də şəhərlərin barbarcasına atəşə tutulması heç bir nəticə vermir – ukraynalıların ruslara qarşı nifrəti daha da artır. Beləliklə, Rusiyanın apardığı terror siyasəti artıq çoxdan Ukrayna siyasətinə təsir vasitəsindən vətəndaşların Ukrayna dövləti ətrafında konsolidasiyası vasitəsinə çevrilib. Bu fakt həmçinin onu da göstərir ki, hətta hipotetik olaraq daha böyük ərazilərin itirilməsi və xarici dəstəyin müəyyən qədər azalması şəraitində belə Ukraynanın müstəqilliyini itirməsi ehtimalı olduqca azdır.

Beləliklə, nə hazırkı anda da, nə də qarşıdakı bir neçə il ərzində müharibənin aktiv fazasının mümkün nəticələrinin spektri The Wall Street Journal-ın təklif etdiyi ssenarilərlə məhdudlaşmır. Yaxın aylarda ən real ssenari Rusiyanın cəbhədə təzyiqini və terrorçu raket hücumlarını davam etdirməsi, Ukraynanın isə qətiyyətli müqavimət göstərməsi,  eləcə də Rusiya hökumətinin hansısa fəlakətli səhv edəcəyi ümidindən ibarətdir”, – Poloviy hesab edir.

Rauf Orucov