Logo
news content
User
Kateqoriyalar

Analitika

Tələbələrin təhsil haqları elektron qaydada ödəniləcək 

Müəllif: Elxan Salahov

Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib. Qərara əsasən ödənişlər təhsil müəssisələrində yaz və payız semestrində ödəniləcək. Peşə təhsilində isə birinci və ikinci yarımilliklərdə ödəniş nəzərdə tutulur. 

Təhsil Nazirliyindən “Pressklub”a verilən məlumata görə, artıq bu qərarın icrası ilə bağlı hazırlıq işləri başa çatmaq üzrədir. Güzəştlərin ünvanlılığının və şəffaflığın qorunmasını təmin etmək məqsədilə elektron baza formalaşdırılıb. 

Müəyyən edilmiş qaydalara əsasən bu güzəştlərdən istifadə etmək hüququ olan tələbələr təhsil aldıqları müəssisəyə müvafiq məlumatları təqdim etməlidir. Təhsil müəssisəsi isə güzəşt hüququ olan tələbələrin hər biri haqqında toplanmış məlumatları Təhsil Nazirliyinin yaratdığı alt sistemə - elektron bazaya yerləşdirəcək və yalnız bundan sonra tələbənin təhsil xərclərinin maliyyələşdirilməsi barədə müvafiq qərar qəbul ediləcək. Tələbənin ödəməli olduğu təhsil haqqı elektron qaydada təhsil müəssisələrinin hesabına köçürüləcək. Daha sonra ödənişlər barədə bu güzəştlərdən yararlanmış hər bir tələbənin də mobil telefonuna bununla bağlı bildiriş göndəriləcək. 

Xatırladaq ki, qərara əsasən aşağıdakı ailələrdən olan tələbələrin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləsəcək: 

- ünvanlı dövlət sosial yardımı alanlar; 

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 

- I və II dərəcə əlilliyi olan şəxslər; 

- işsiz kimi qeydiyyatda olanlar; 

- yaşa görə əmək pensiyaçıları; 

- yaşa görə sosial müavinət alanlar. 

Bu güzəştlər təkrar ali və orta ixtisas təhsili müəssiələrində təhsil alan tələbələrə şamil edilmir. 

Təhsil Nazirliyindən bildirdilər ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.