Logo
news content
User
Kateqoriyalar

Analitika

Tariximizin ”dönüş nöqtəsi”ndən reportaj

Müəllif: B(Stokholm, İsveç)

Ramiz Fətəliyev: ”Kinostudiyada 1100 işçi var idi... Bu adamların heç biri bizi gedib satmadı, nə də donos yazmadı... Fəxr edirəm,.. mən sadəcə demək istəyirəm ki, onların hər birinə böyük hörmətim var və bu, mənimlə sona qədər gedəcək...”

 

Nizami Abbas: ”Azadlığa gedən yollar hələ 88-ci ildən Meydan hərəkatından başladı... ”Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi tərəfindən və ”Yaddaş” sənədli filmlər studiyasında Zaur Məhərrəmovun rejissorluğu ilə ”Meydan” sənədli filmi çəkildi…”

Xamis Muradov: ”90- cı il yanvarın 6-7-də biz ”Səlnamə” studiyasının nəzdində qərargah yaratdıq. Məqsədimiz Qarabağda gedən müharibəni çəkib tarixdə saxlamaq idi. Amma heç ağlımıza da gəlməzdi ki, 10-15 gündən sonra əsas çəkiliş obyektimiz Bakı olacaq…”

İsrafil Ağayev: ”Mən xalqımızın mərdliyini gördüm, cəsarətini gördüm, vətən sevgisini gördüm…”

Nizami Musayev: ”İşğal olunmuş şəhər, işğal altında olan millət... O dirənişi onlar gördülər, milyonlarla insan şəhidlərimizi dəfn eləyəndə çıxdı, bax bu çox güclü bir nöqtə idi, dönüş nöqtəsi idi, onlar başa düşdülər ki, sınmamışıq”. 

Rafiq Quliyev: ”İnsanlar inanmırdılar ki, dövlət öz vətəndaşlarının üstünə silahla, tankla gələr… Xəbər gəldi ki, əsas hadisələr Salyan kazarmasının qarşısında olub, bir də Bakıya girişdə… Sərvər və Rahim Sadıqbəyli ilə özümüzü atdıq maşına…Çatanda gördük ki, camaat gecədən vurulmuş insanların nəşlərini yığıb bir yerə…”

…Və digər ”Silahdaşlar” da öz xatirələrini danışırlar… 

Stokholmda 20 yanvar şəhidlərinin anım mərasimini keçirdik. Eyni vaxtda həmin tədbiri Yöteborqdakı dostlarımız da keçirdi. Bakıdan rejissor-operator, dostum Nizami Abbas mənə yeni çəkdiyi ”Silahdaşlar” filmini göndərmişdi. Stokholmda da, Yöteborqda da çox gözəl qarşılandı film. 

…Kadrları seyr edərkən özümü də ekranın içində, silahdaşlarımızın yanında hiss edirdim. Çünki xatirələrini danışan bu əziz dostlarımla birlikdə olmuşdum həmin o yeddi günü… 

Filmin nümayişi bitdi. İşıqları yandırdıq, salona baxdım. Cəmi 40 yerlik studiyamızda keçirirdik bu tədbiri. Gözlərimə inanmadım: ayaq üstə də təxminən o qədər adam var idi. Uşaqlar da çox idi. Səkkiz yaşlı Atilla divardakı lövhəyə yenə xəritə çəkmişdi. Bu, kiçik Azərbaycan xəritəsi idi. Bayrağın rəngləri və ay-ulduzu da xəritənin içinə salınmışdı. Sevda xanım Dadaşovanın rəhbərlik etdiyi SAF dərnəyinin Qarabağ qrupunun bütün rəqs kollektivi buradaydı. Böyüyünün 13, kiçiyinin 4 yaşı var bu uşaqların. 

Sonra Teymur Eminbəyli öz xatirələrini danışdı. Teymur bəy həmin günlərdə cəhbədaşları ilə ön cərgələrdə olmuşdu. O, əslən qazaxıstanlı Amerika vətəndaşı, həmin günlərdə bu hadisələri qələmə almış və çoxlu fotolar çəkmiş Almaz Estekovdan söz açdı. Estekovun məqaləsi ilə ”Türküstan” qəzetini necə gizli yaymaqlarından, Estoniyadan gələn bir kinooperatoru necə xilas etməklərindən, o qanlı günlərdə insanların necə bir olmaqlarından danışdı gənclərə…

Yazıçı Eluca Atalı həmin vaxtlarda universitetdə oxuyurmuş. Onda, belə demək caizsə, bütün universitet tələbələri inqilabçı ” idilər. Eluca xanım rəssam Vaqif  Hüseynovu xatırladı. Dediklərinə görə, indiki prezident aparatının divarına ”Горбачов, ты палач” sözlərini gecə ilə o yazıbmış.

Daha sonra Azərbaycan Respublikasının İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyli çıxış etdi. Vaqif müəllim tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, dedi ki, qan yaddaşımızı burada da qorumaqla, onu uşaqlarımıza ötürməklə böyük iş görmüş olursunuz. 

Əkbər bəy Səfərli 1990-da sovet zabiti kimi Almaniyada xidmət etdiyini və bu hadisəni Azadlıq radiosundan eşitdiyini dedi. Vətəndə baş vermiş belə hadisədən qürbətdə xəbər tutmağın nə qədər ağır olduğunu dilə gətirdi. 

Sevda xanımın 14 yaşı var imiş onda: ”Yaşadığımız ev Salyan kazarmasının qarşısındaydı. Axşam atəş səsləri gəldi, əvvəl elə bildik, havaya fişəng atırlar. Sonra işıqlar söndürüldü...” Rejissor Əlif Cahangir isə 1991təvəllüdlüdür, 20 Yanvardan sonra dünyaya gəlib. Amma filmə baxanda o da özünü həmin hadisələrin içində hiss etdiyini dilə gətirdi. Film onu da kövrəltmişdi. 

Mətin Altınişıq 1990-da İstanbulda Böyükşəhər bələdiyyəsinin danışmanlığında işləyirmiş. ”Neftçi” komandası hansisa matçla əlaqədar Türkiyəyə gəlibmiş. Mətin bəy Bakıdakı qanlı hadisələr barədə xəbəri azərbaycanlı futbolçularla bir yerdə alıbmış.

Zalda hər kəs ürək sözünü demək, xatirəsini bölüşmək istəyirdi. Müxrəddin bəy o dövrdə insanların necə bir-birlərinə söykəndiklərinin, bu ağır yükü bölüşdüklərinin şahidi olduğunu dedi. Əslən Güney Azərbaycanlı, 35 ilə yaxındır İsveçdə yaşayan memar Fərhad Piraişi ömründə heç vaxt bu filmdə gördüyü qədər insan seli görmədiyini söylədi: ”İnanmazdım ki, bizim xalqımız belə mütəşəkkil ola bilər”. Stokholm universitetinin məzunu, gənc mütəxəssis Elnur Sadıqov da milli birliyin vacibliyindən söz açdı: ”Xalqın başına gələn əksər bəlaların səbəbi çox vaxt belə birliyin ortada olmamasıdır”.

Stokholmdakı toplantıda AzərTAC-ın, Türkiyənin Anadolu Ajansının və İhlas Haber Ajansının müxbirləri iştirak etdilər, tədbirdən reportaj hazırladılar.

Yanvar hadisələrinin 30 illiyinə həsr olunmuş Yöteborq tədbiri isə oradakı ”Azərbaycan Evi”ndə keçirildi. ”20 yanvar” dərnəyinin təşkil etdiyi gecəni dərnəyin sədri Cavanşir Cəfərov açdı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxışçılar – Azərbaycan-İsveç Federasiyasının sədri Eldar Qaradağlı, Federasiyanın üzvü Dr. Arif Rəhimoğlu, ”Azərbaycan Evi”nin başqanı Azər xanım Farruxi, dərnəyin üzvü Paşa Ələskərov 20 yanvarın xalqımızın yaddaşında buraxdığı izlərdən danışdılar. Sonda Ramiz Fətəliyevin ssenarisi əsasında rejissor  Nizami Abbasın çəkdiyi film göstərildi.