Logo
news content
User
Kateqoriyalar

Analitika

Sülhəddin Əkbər: “Hakimiyyətin siyasəti müxalifəti iki hissəyə ayırır”

Aprelin 15-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınan iki siyasi təşkilatdan biri Azad Demokratlar Partiyası oldu. Partiyanın sədri, Elçibəy hökumətində milli təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər Press Klub-a rəhbərlik etdiyi təşkilatın illər sonra necə qeydə alınmasından, Azərbaycanda proqnozlaşdırılan mümkün siyasi proseslərdən danışır: 

-Partiyamız 6 iyul 2014-cü ildə təsis olunub. Təsis qurultayından 5-6 gün sonra lazım olan sənədləri Ədliyyə Nazirliyinə təqdim etdik. Ancaq nazirliyin dövlət qeydiyyatı ilə məşğul olan baş idarəsi müxtəlif bəhanələrlə bizim partiyanı qeydə almaqdan imtina etdi. Bu bəhanələrin ardı-arası kəsilmədi və biz məcbur qalıb, məhkəməyə müraciət etdik. Yerli məhkəmə instansiyalarını keçəndən sonra 2016-cı ilin iyununda Avropa Məhkəməsinə müraciət etdik.

Partiyamızın bu il aprelin 15-də qeydə alınmasına gəlincə, şəxsən özüm bundan ötrü harasa müraciət etməmişdim - Nə Ədliyyə Nazirliyinə, nə də Prezident Administrasiyasına. Martın ortalarında Prezident Administrasiyasından bizimlə əlaqə saxladılar, ölkədə müxalifətə, siyasi partiyalara münasibətin dəyişdiyini bildirdilər. Bizim partiyanın qeydiyyat məsələsinə də yenidən baxıla biləcəyini söylədilər. Dedilər ki, Ədliyyə Nazirliyindən bizimlə əlaqə saxlayacaqlar. Martın sonuna doğru nazirliyin Qeydiyyat və Notariat Baş İdarəsindən sənədlərimizin yenidən təqdim olunmasını istədilər. Biz də təqdim etdik. Ondan sonra karantin rejimi ilə əlaqədar online rejimdə yazışdıq. Nəhayət, aprelin 15-də Ədliyyə Nazirliyi Kollegiyasının iclasında partiyamızı qeydə aldılar. Aprelin 16-da da bizi nazirliyə dəvət etdilər. Nazir müavini Toğrul Musayev və Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovla görüşümüz oldu. Bizə qeydiyyat sənədlərini təqdim etdilər.

- Bir sıra partiya rəhbərləri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşmüşdü. Siz də partiyanızın qeydiyyat məsələsilə əlaqədar Prezident Administrasiyasından gələn zəngdən öncə Ədalət Vəliyevlə görüşmüşdünüzmü?

- Xeyr. Bizə bildirdilər ki, partiyanın qeydiyyatından sonra belə bir görüş gözlənilir. Martın ortalarında bizimlə siyasi partiyalar sektorundan əlaqə saxlamışdılar. Yəni təşəbbüs Prezident Administrasiyasından olub. Birbaşa mənim özümə zəng elədilər.

- İllərlə dövlət qeydiyyatına alınmayan partiyaları birdən-birə qeydiyyatdan keçirmək təşəbbüsü, dialoq… Sizcə, bu, gerçəkdən ölkədə yeni siyasi münasibətlər qurmaq cəhdidir, yoxsa iqtidarın bu siyasətinin arxasında başqa səbəblər dayanır?

- Dünyaya baxmaq lazımdır. Pandemiyadan öncə də mürəkkəb vəziyyət yaranmışdı, dünya iqtisadi böhrana doğru gedirdi. Xüsusən də koronavirus pandemiyasının yayılması qlobal iqtisadi böhranı qaçılmaz edib. Bir tərəfdən karantinlə əlaqədar dövlətlər arasında xüsusən iqtisadi-ticari məsələlərdə münasibətlərin minimuma enməsi, o biri tərəfdən neftin kəskin ucuzlaşması… Pandemiyadan sonra gözlənilən geopolitik sarsıntıları təbii ki, hakimiyyət nəzərə alır. Ölkə daxilində pandemiyanın həm maliyyə-iqtisadi, həm sosial-iqtisadi nəticələrinin ola biləcəyini də gözləyir. Azərbaycan ictimaiyyəti bir tərəfə, beynəlxalq birliyin də ciddi narazılıqları var. Sadaladıqlarımı, eyni zamanda, parlament seçkilərindən sonrakı vəziyyəti də nəzərə alıb, beynəlxalq birliklə münasibətləri normallaşdırmaq istiqamətində, amma siyasi hakimiyyət üçün təhlükə törətməyən addımlar atmaq qərarına gəliblər. Bu, kampaniya xarakteri daşıyacaq, yoxsa davamlı siyasətə çevriləcək - yaxın gələcəkdə görəcəyik.

- Onsuz da illərdir iqtidarın müxalifət kimi təqdim etdiyi, amma hakimiyyəti dəstəkləyən, cəmiyyətdə isə “cib müxalifəti” adlandırılan qüvvələr vardı. Onlar artıq yetərli deyilmi ki, yeni siyasi konfiqurasiyaya ehtiyac duyulur?

- Bu da var. Azərbaycan kiçik ölkədir. Burada kimin kim olduğunu, nə baş verdiyini hər kəs yaxşı bilir. Amma mən bunun həlledici məsələ olduğunu düşünmürəm. Çünki neçə illərdir dediyiniz təəssürat həm ölkə ictimaiyyətində, həm də beynəlxalq birlikdə var idi.

- Son vaxtlar YAP-dan kənar yeni iqtidar partityasının yaradılacağı barədə də söhbətlər var. Nə dərəcədə realdır?

- Bu, o zaman real olar ki, Azərbaycanın da təsir sferasına daxil olduğu Rusiyada gedən proseslər müəyyən dərinlik qazansın. Əgər həqiqətən də bu pandemiya sonrası gözlənilən qlobal iqtisadi böhran Rusiyaya böyük zərbə vuracaqsa və bunun da müəyyən ciddi sosial-siyasi nəticələri olacaqsa… Rusiyanın özündə də Putin rejimi ilə bağlı siyasi diskussiyalar başlayıb və bununla əlaqədar ciddi ekspertlər, mütəxəssislər proqnozlar verir. Azərbaycanda da narazı qüvvələr var. Həm hazırda hakimiyyətin öz daxilində, həm də yaxın vaxtlara qədər hakimiyyətdə olub, bu gün uzaqlaşdırılmış, amma müəyyən təsirlərini, xüsusilə də maliyyə-iqtisadi gücünü qoruyub saxlayan güclər var ki, narazıdılar. Onlar təbii ki, fürsət gözləyirlər, vəziyyət dəyişən zaman siyasi ambisiyaları ortaya çıxa bilər. Buna cəsarət etməsələr də, hansısa siyasi qüvvənin arxasında dayanıb, dəstək verə bilərlər. Bu, gözləniləndir. Hakimiyyətin informasiyalı olduğuna şübhəm yoxdur. Dünyada, regionda, ölkədə gedən proseslər barədə kifayət qədər məlumatlıdırlar. Bu baxımdan ağıllı addım atıblar. Onların addımı müxalifəti bəri başdan təbii yolla iki bloka ayırır. Hakimiyyətin pəncərəsindən baxanda bir radikal, marginallaşmış müxalifət var, bir də konstruktiv, inqilabi şərait yarananda hakimiyyət üçün təhlükə törətməyəcək müxalif qüvvələr. Bir daha deyirəm, bu, mənim bölgüm deyil, hakimiyyət pəncərəsindən baxaraq deyirəm. Onlar belə görürlər. Belə düşünürlər ki, bu yumşaq addımları atmaqla dolayı yolla, amma təbii şəkildə müxalifəti də parçalayırlar.

- Bütün bu proseslər son nəticədə erkən seçkilərə aparıb çıxara bilərmi?

- Pandemiya sonrası bütün dünyada böyük geopolitik sarsıntılar olacaq. O cümlədən, bir çox ölkələrdə baş verən qlobal iqtisadi böhrandan sonra ciddi sosial-iqtisadi, sosial-siyasi sarsıntıların, dəyişikliklərin, inqilabların ola biləcəyi gözlənilir. Xüsusən də bu, avtoritar rejimlərin hökm sürdüyü neft ölkələrinə aiddir. Çünki qlobal iqtisadi böhranla əlaqədar dünya bazarında neftin qiymətinin ən azı müəyyən müddətdə aşağı olacağı proqnozlaşdırılır. O ölkələrdə ağır sosial-iqtisadi durumun müəyyən sosial-siyasi nəticələr verə biləcəyi ehtimalı var. Bu baxımdan, dünyanın avtoritar neft ölkələrində ciddi siyasi dəyişikliklərin olacağını istisna etmirəm.

- Bu fikirləri Azərbaycana da aid edirsinizmi?

- Bəli, Azərbaycan da bir avtoritar neft ölkəsi kimi bura aiddir. Azərbaycan da, Rusiya da, Qazaxıstan da, İran da… Mən hələ uzağa getmirəm, qonşu ölkələrdən danışıram.

Press Klub