Sosial şəbəkədə polislik
29 İyun 2020
Yasamal rayonunda polisə dəstək məqsədilə eyvanlarda mahnı oxuyub, həyətdəki asayış keşikçilərinə gül atanların əslində, qonşular yox, peşəkar müğənnilər olduğu, məqsədli şəkildə ora toplandığı üzə çıxandan sonra sosial mediada bəzi istifadəçilərin reaksiyaları cərimə və həbslə nəticələnib. Daxili İşlər Nazirliyi “polisi dəstəkləyən qonşular” kimi təqdim olunmuş müğənnilər haqqında mənfi fikirlər paylaşmış istifadəçilərin müəyyənləşdirildiyini, onların bir qisminə cərimə, qalanına da inzibati həbs cəzası kəsildiyini açıqlayıb.
“Həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların şəxsiyyətləri müəyyən edilərək saxlanılıblar. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə onların hər biri barəsində protokol tərtib edilərək yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslərin əksəriyyəti barəsində inzibati həbs qərarı verilib, bəziləri isə cərimələniblər”, - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
Məsuliyyətə cəlb olunanların kimliyi, onların hansı maddə ilə cəzalandırıldığı haqda məlumat verilməyib. “Press Klub”un əldə etdiyi məlumata görə, polisə dəstək aksiyası keçirən müğənniləri təhqir etməyə görə cəzalandırılanlar arasında sosial media istifadəçisi olan gənclər, ictimai fəallar və müxalif partiya təmsilçiləri var. Onlar İnzibati Xətalar Məcəlləsinin 388-1 (İnternet informasiya ehtiyatının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi İlə məsuliyyətə cəlb ediliblər. Bəzilərinə bununla yanaşı, həmin Məcəllənin 535-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə də ittiham veriblər.
AXCP-nin İsmayıllı şöbəsinin üzvü Faiq Rəşidov iyunun 26-da evindən polis şöbəsinə aparılıb, iyunun 27-də isə rayon məhkəməsinin qərarıyla bu maddələrlə ona 10 gün inzibati həbs cəzası verilib. İmişli sakini olan sosial media fəalı Elşad Atayevə də yaşadığı rayonun məhkəməsi iyunun 27-də 10 sutka inzibati həbs verib. Müsavat Partiyasının Zərdab rayon təşkilatının sədri Ceyhun Məmmədlini də evindən polislər aparıb, bir müddət sonra sərbəst buraxılsa da, iyunun 29-da səhər saat 10.00-a məhkəməsi təyin olunub.
Adları çəkilən şəxslər polisi dəstəkləyən qonşuların əslində müğənnilər olduğu üzə çıxandan sonra sosial media hesablarında bu barədə tənqidi fikirlər paylaşıblar.
Polisin müğənnilərə dəstək verməsi, açıq şəkildə sosial media paylaşımlarına görə vətəndaşların cəzalandırılması müzakirələrə yol açıb. İndiyə qədər təcrübədə təhqirlə bağlı şikayətləri məhkəmələr araşdırıb, qiymət verirdi. Hətta məhkəmə də yekun qərarında ekspertizanın rəyinə əsaslanırdı. Yəni mübahisə doğuran cümlənin, ifadənin təhqir hesab edilib-edilmədiyinə ekspert rəy verir, məhkəmə də bundan sonra qərar çıxarırdı. Polisin bu cür halları araşdırmaq, qərar vermək səlahiyyəti varmı?
Hüquqşünas: “Sosial mediada hansısa məsələyə münasibət bildirməyə görə şəxsin məsuliyyətə cəlb edilməsi Avropa Konvensiyasının 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığına ziddir”
Hüquqşünas Emin Abbasov “Press Klub”a bildirdi ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3 maddəsində yayılması qadağan edilən məlumatların siyahısı yer alıb. Bu qanuna əsasən təhqir, böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar da yayılması qadağan edilənlər kateqoriyasına aid edilib. İXM-in 388-1 maddəsində də məhz həmin siyahı ilə müəyyənləşdirilən məlumatların yayılmasına görə məsuliyyət nəzərdə tutulub.
E.Abbasov qeyd etdi ki, bu ilin martına qədər İXM-nin 388-1 maddəsində qadağan edilmiş məlumatın yayıldığı internet informasiya ehtiyatının sahibinin (domen sahibi) məsuliyyətindən söhbət gedirdi. Lakin bu il martın 17-də qanuna dəyişiklik edilib və həmin maddəyə “informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi” sözləri də əlavə olunub. Bununla da sosial media istifadəçilərinin məsuliyyətə cəlb olunması üçün hüquqi baza yaradılıb:
“İnzibati xətaya görə protokol tərtib etmək səlahiyyəti olan qurumlar var. Hansı xətaya görə hansı orqanın protokol tərtib etmək səlahiyyəti olması prezident fərmanı ilə müəyyənləşdirlir. İnzibati Xətalar Məcəlləsinin 388-1 maddəsi üzrə protokol tərtib etmək daxili işlər orqanlarına həvalə olunub. Azərbaycan qanunvericiliyinə görə, təhqir və böhtan cinayət məsuliyyəti də yaradır. Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrində bu əməllərə görə cəza müəyyənləşdirilib. Bu məsələni də məhkəmələr araşdırır. Problem odur ki, eyni əmələ görə həm inzibati məsuliyyət var, həm də cinayət məsuliyyəti. Heç bir fərqi də yoxdur”.
E.Abbasov vurğuladı ki, polisin sosial mediadakı fikirlərinə görə şəbəkə istifadəçilərini məsuliyyətə cəlb etməsi ifadə azadlığına müdaxilədir. Hüquqşünas hesab edir ki, polisə təhqir hesab etdiyi fikrə görə adamları cəzalandırmaq ixtiyarı verilməsi narahatlıq doğuran haldır:
“Bu, polisə həddindən artıq, hətta hüquqa zidd şəkildə sərbəstlik verməkdir. Artıq polisin əlində imkan var ki, xoşuna gəlməyən fikrə görə istədiyi adamı cəzalandırsın. İndiki hal hüququn müəyyənlik prinsipinə də ziddir. Şəxs bilməlidir ki, əməli inzibati məsuliyyət yaradır, yoxsa cinayət məsuliyyəti. Yayılmış mətnin, ifadənin təhqir olub-olmamasının özü də açıq qalır. Bunun təhqir olduğunu kim müəyyənləşdirir? Məhkəmə işlərində ekspertiza təyin edilir, ekspert rəyi əsasında qərar verilir”.
Hüquqşünas əlavə etdi ki, sosial mediada hansısa məsələyə münasibət bildirməyə görə şəxsin məsuliyyətə cəlb edilməsi Avropa Konvensiyasının 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığına ziddir. E.Abbasov deyir ki, ictimai-siyasi fiqurlar, tanınmış simalar özlərinə yönəlik sərt fikirlərə, ağır ifadələrə daha dözümlü yanaşmalıdır. Bu fikir Avropa Məhkəməsinin presedent qərarlarında da əksini tapıb:
“Müğənnilərin adları keçən son hadisələrlə bağlı müzakirələr ictimai əhəmiyyətli idi. Həm müğənni tanınan sima olduğuna, həm də adı keçən məsələ ictimai-siyasi əhəmiyyətli olduğuna görə tənqidə, kəskin fikirlərə adi vətəndaşla müqayisədə onlar daha dözümlü olmalıdırlar. Adi şəxslərə münasibətdə söylənilən ifadələrin kəskinlik həddi daha aşağıdan götürülürsə, ictimai-siyasi önəmi olan məsələlərdə durum fərqlidir. Bura siyasətçilər, məmurlar, müğənnilər və başqaları daxildir. O insanlardan ünvanlarına səslənən fikirlərə, ağır, incidici, şokedici ifadələrə qarşı daha dözümlü, daha çox tolerant olmaq tələb edilir. Avropa Məhkəməsinin presedent qərarlarında da bu, öz əksini tapıb”.
Gülər