Logo
news content
User
Kateqoriyalar

Analitika

Sönük "yubiley"

Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə mövcud olan separatçı idarəçilik özünün "müstəqilliyinin" 30-cu ildönümünü qeyd edir. Lakin bu tədbirlər əvvəlki illərdə müşahidə olunan təmtəraqdan uzaq və sönük keçir: nə separatçılarda, nə Ermənistan rəhbərliyində, nə də onları ayaqda saxlamağa çalışan erməni diasporunda bayram əhval-ruhiyyəsi var. Bir-birini təkrarlayan təbrik bəyanatlarında da məyusluq, perspektivə ümidsizlik özünü açıq göstərir. Ermənistan rəhbərliyi mövcud siyasi reallıqların yaratdığı ab-havadan kənara çıxmayaraq "yubiley" gününü sanki yola verməyə çalışıb. 

Araik Arutunyanın 1 həftə öncədən şəxsi dəvətinə baxmayaraq, Ermənistan hakimiyyətindən parlamentin sədr müavini Ruben Rubenyan və bir neçə deputat, rusiyapərəst erməni müxalifətindən isə 20-yə yaxın parlament üzvü Qarabağdakı tədbirlərlə qatılıb. Keçmiş prezidentlər – Robert Koçaryan və Serj Sarkisyan təbrik məktubu göndərməklə kifayətləniblər. Prezident Armen Sarkisyanın və baş nazir Nikol Paşinyanın da təbrik məktubları yayılıb. Rusiyanın "Sputnik-Armeniya" dövlət informasiya agentliyi təbriklərə böyük diqqət ayırıb. Gün ərzində saytın əsas səhifəsi erməni liderlərinin, habelə separatçıların açıqlamaları ilə əhatə olunub.  

Müxalifət və iqtidarın erməni separatçılarına ünvanladıqları mesajlar biri-birindən kəskin fərqlənib. Müxalifət liderləri təbriklərində 44 günlük məğlubiyyətin səbəblərinə geniş yer ayırıb, Paşinyanı hədəfə alıblar. Məsələn, eks-prezident Robert Koçaryanın bəyanatında bu ifadələr qeyd olunub: 

 “44 günlük müharibə nəticəsində Qarabağ ağır itkilər verdi və hazırda böyük qeyri-müəyyənliklə üzləşib. Bu gün Artsax dövlətçiliyini qorumağın açarı yalnız öz torpağında yaşamaq və onu abadlaşdırmağa yönəlmiş sarsılmaz iradədir. Əminəm ki, mövcud vəziyyətin ciddiliyinin fərqindəsiniz. 2020-ci ildə baş verən müharibə, Ermənistanın baş naziri kürsüsünü tutan şəxsin təkbaşına qərarı ilə imzalanan 9 noyabr təslim sənədi Qarabağ və Ermənistan üçün nəticələrini hər gün hiss etdiyimiz yeni bir təhlükəli dövr açıb..."

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın da məktubu Paşinyana hiddət və nifrətlə doludur: 

"44 günlük müharibədən əvvəl ordumuz nüfuzunu itirməsəydi,  təcrübəli komandirlər silahlı qüvvələrdən uzaqlaşdırılmasaydı, bu müddət ərzində bacarıqsız rəhbərlik olmasaydı, yenə qələbə qazanardıq. Əgər səlahiyyətlilər yalan vəd verməsəydilər və vətənimizin bir hissəsini düşmənə təslim etməsəydilər, yenə qələbə bizim olardı..."

Ermənistan prezidenti Armen Sarkisyan isə yazır ki, bu əlamətdar hadisənin 30-cu ildönümü çox çətin bir dövrdə - müharibədən sonra yaranmış çətin vəziyyətdə qeyd olunur: 

"Ümumi erməni sınağı ilə üz-üzəyik, bunun öhdəsindən gəlmək üçün milli birliyə ehtiyacımız var. Mövcud problemlər iqtisadi və siyasi cəhətdən güclü, inkişaf etmiş, rəqabət qabiliyyətli Ermənistan olmadan, vətən-diaspor münasibətləri əsaslı şəkildə dəyişdirilmədən, beynəlxalq tərəfdaşlarla tam əməkdaşlıq edilmədən həll oluna bilməz..."

Baş nazir Nikol Paşinyan "Artsax xalqı”nın öz müqəddəratını təyin etmək hüququndan bəhs edib. O iddia edib ki, bu hüquq güc tətbiq etməklə dayandırıla bilməz: 

"Bütün beynəlxalq platformalarda Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyini təsdiqləyirik. Bunu həmsədr ölkələrin bəyanatları sübut edir. Münaqişə ATƏT-in Minsk Qrupunun həmsədrliyi tərəfindən irəli sürülən və müdafiə olunan prinsiplərə əsaslanan sülh prosesi ilə hərtərəfli həllini gözləyir", - deyə o, vurğulayıb. Paşinyanın sözlərinə görə, sülh prosesi xalqların öz müqəddəratını təyin etmək hüququna əsaslanaraq Qarabağın statusunu konkretləşdirməlidir. 

Paşinyan təbrikində "müstəqillik”dən" bəhs etməsə də, xarici işlər naziri Ararat Mirzoyan "RİA Novosti" agentliyinə müsahibəsində Ermənistanın Qarabağın müstəqilliyi üçün əlindən gələni edəcəyini deyib.  Onun bu açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva reaksiya verib. O qeyd edib ki, A. Mirzoyan rəsmi İrəvanın bugünədək sərgilədiyi ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini təkrar edib:

“Erməni xarici işlər naziri Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazilərində aqressiv separatçılığı qızışdırmaqla, bəhs etdiyi “sülh və təhlükəsizlik strategiyası”nın saxtakarlıqdan başqa bir şey olmadığını və bu ölkənin hələ də təcavüz siyasətindən əl çəkmədiyini açıq şəkildə göstərir. Ermənistanın yeni xarici işlər nazirinin diqqətinə çatdırırıq ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və hazırda tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır. Bu reallığı dərk etmək Ermənistan tərəfinin marağındadır, çünki ölkə nəhayət, yalan və xülyalara son verərək, gələcək inkişaf və tərəqqiyə köklənə bilər".

Qeyd edək ki, bu açıqlama rəsmi Bakının separatçıların "yubiley" tədbirləri kontekstində səsləndirilən bəyanatlara və sözügedən hadisəyə yeganə reaksiyasıdır. Azərbaycanın susqun reaksiyası tənqidlərə səbəb olsa da, əks fikirlər də var. Tənqidçilər bildirirlər ki, separatçı rejimin yubiley tədirləri Azərbaycanın "münaqişə bitib, ərazi bütövlüyümüz təmin olunub" mövqeyi ilə bir araya sığmır. Faktı inkiar etmək əvəzinə, separatçılara qarşı əvvəldən sərt xəbərdarlıq edilməli, ehtiyac olarsa, güc tətbiq edilməlidir. Əks mövqedə olanlar isə Ermənistan rəhbərliyinin hazırda tutduğu çəkingən mövqeyi Azərbaycanın təzyiqi ilə əlaqələndirirlər. Qeyd edək ki, Paşinyan özü və ətrafı Xankəndinə səfər etməyib, onun təbrik məktubunda da qondarma rejimin müstəqilliyi haqqında heç nə deyilmir. 

Belə rəylər də var ki, Azərbaycanın separatçıların hansısa addımlarına ciddi reaksiya verməsi elə onların faydasına olardı. Ona görə də ən yaxşı seçim onlara əhəmiyyət verməməkdir.

Turqut