Logo
news content
User
Kateqoriyalar

Analitika

Sərhəd savaşlarının “pərdəarxası” 

Müəllif: Seymur Həzi

Rusiya Dövlət  Dumasının üzvü Zatulin deyib ki, Qarabağ probleminin yeganə həlli Azərbaycanın onun müstəqilliyini tanımasından keçir. Bu fikrin bir təsadüf olduğuna inananlar da, Zatulinin bəyanatını ciddiyə almağın doğru olmadığını deyənlər də var. 

Əlbəttə, hər bir mövqe  özlüyündə yaşamaq haqqına sahibdir. Ancaq təbii seçmə üsulunun siyasətə, xüsusilə xarici siyasətə model proyeksiyası bizə əsas verir ki, Zatulinin dediklərini onun və həmfikirlərinin əvvəl dedikləri ilə yanaşı, tarixi-xronoloji aspektdə təhlil edək. Bir sözlə, onlar nə deyirdi və nə baş verdi? Biz Rusiyanın bölgə siyasətini proqnozlaşdırmaq üçün kimlərin fikirlərinə diqqət yetirməliyik?  Zatulinin bu mövqeyi hansı kompleks plan və provokasiyalarla bağlı ola, özü ilə nələr gətirə bilər?  Üstəlik, biz son günlər Ermənistan və Azərbaycan arasında mütəmadi sərhəd gərginliklərinə şahidlik edirik. Bir çox ekspert baş verənlərin Ermənistandakı seçkiqabağı gərginliyin nəticəsi olduğunu söyləsə də, biz buna səthi və mövsimi don biçə bilmərik. 

“Qarabağ xanlığı” nağılları 

Rusiyada Zatulin, Duqin, Jirinovski, Solovyov və sair bir qrup  siyasi propaqandaçı uzun zamandır tarixi Qarabağ xanlığının Rusiyanın tabeliyində olduğunu xatırladırdılar. Onlar bu münaqişədə Azərbaycan və Ermənistan tərəflərinə sanki rus torpaqları uğrunda savaşdıqları üçün ironiya ilə yanaşırdılar. Hətta mövzunun daha da kütləviləşməsi üçün texnoloqlar bu barədə lətifələr qoşurdular. Biz hazırda “uzqgörənlər”in Putinin siyasətinə dair verdikləri proqnozların reallıqda təsdiqi mərhələsini yaşamaqdayıq. Rusiya nəinki 2000-ə yaxın sülhməramlısı, hətta bütün dövlət qurumları ilə birlikdə Xankəndindədir. Kremlin orada bir dövlət təsis etdiyini görməmək üçün kor olmaq da azdır. Elə danışılanlar kifayət edir ki, prosesi tam təsəvvür etməyə imkan yaransın. 

Ermənistan və Azərbaycan arasında baş verən sərhəd qalmaqalına Rusiya XİN sözçüsü Mariya Zaxarovanın münasibətinə diqqət yetirək. O deyir ki, sərhəddə olanların Qarabağ münaqişəsinə birbaşa aidiyyəti yoxdur. Bununla da Kreml nəzarətə götürdüyü torpaqların Ermənistan və Azərbaycan arasındakı qarşıdurmanın predmeti olmaqdan çıxdığını bəyan edir.  

Seçki böhranı, yoxsa ? 

Əlbəttə, bəzi ekspertlər düşünürdülər ki, Azərbaycan tərəfi sərhədlərin delimitasiyası və demarkasiyası işində bir qədər təmkinli davranmalıdır. Söhbət ondan gedir ki, Azərbaycanın güc faktorundan istifadə etməsi Ermənistanda hazırkı seçki kampaniyanın gedişinə təsirsiz ötüşmür. Açıq bilmək lazımdır ki, bu seçkinin oyunçularından biri də Azərbaycandır. Məhz Azərbaycan tərəfinin Ermənistanı geri çəkilməyə məcbur etməsi siyasi baxımdan bizim üçün, hətta regionun təhlükəsizliyi üçün önəmli olan Paşinyanın seçilmək şanslarını azaldır. Belə vəziyyətdə isə Azərbaycanın yenidən revanşist qruplarla üz-üzə qalmaq riski yaranır. Sözsüz, bu risk qətiyyən məğlubiyyət demək deyil. Amma proses yeni müharibə ilə nəticələnə bilər. Bu baxımdan Azərbaycan tərəfi məsələnin həssaslığını nəzərə almalıdır. 

Başqa tərəfdən isə xidmət yerlərindəki “sülh” arxayınçılığı intizamlı və gərgin döyüş növbəsi ilə əvəz olunmalıdır. Bununla Azərbaycan həm də Ermənistan seçicisinə daha rahat mesaj vermiş olur ki, Köçəryana səs versəniz, gələcək sizin üçün asan olmayacaq. 

Digər tərəfdən, belə əsaslı tezislər də var ki, Ermənistan və Azərbaycan arasında artıq davamlı xarakter alan sərhəd qalmaqalı Rusiyanın gizli planı çərçivəsində baş verir. Məqsəd isə Qarabağ istiqamətində guya sabitliyə nail olunsa da, Ermənistan və Azərbaycan sərhədində bunun baş tutmamasının məhz milli münaqişədən qaynaqlandığını, oraya da yeni Rusiya qüvvələrinin gəlməsinin vacibliyini əsaslandırmaqdır. Əgər bunu rəsmi Bakı və İrəvan da görür və hiss edirsə, o zaman tamamilə yeni təhlil mövzusu yaranır. 

Hələlik isə biz tərəflərin necə anlaşacağına diqqət yetirək.