Logo
news content
User
Kateqoriyalar

Analitika

Sahibkar MTN-də başına gətirilənləri danışır
General Şıxəliyevə 500 min $ verib, həbsdən çıxan iş adamı hakimə də 100 min $ verməli olub: “Hakim əsəbiləşdi ki, MTN-ə verməyə pul tapırsız, məhkəməyə gələndə ağlayırsız...”

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev bu strukturda nazir Eldar Mahmudovun əsas adamlarından biri sayılırdı. Vəzifədə olduğu dövrdə adı müxtəlif qalmaqallarda, sifarişli həbslərdə hallanan Şıxəliyev 2015-ci ildə MTN-dəki “təmizləmə”dən sonra Akif Çovdarov, Sübahir Qurbanov, Elçin Quliyev və başqa generallar kimi həbs olunmasa da, istintaqa cəlb edilmişdi. Çünki zərərçəkmiş kimi dindirilən şəxslər MTN-də başlarına gətirilənlərə görə həm də Şıxəliyevi ittiham edir, onlardan zorla alınmış pul və əmlakın bir hissəsinin ona çatdığını deyirdilər. Hətta general keçmiş həmkarlarının işi üzrə məhkəmədə şahid qismində dindiriləndən sonra yekun hökmdə onunla bağlı xüsusi qərar çıxarılmış və araşdırma aparılması üçün prokurorluğa göndərilmişdi.

Mövlam Şıxəliyev bu ilin aprelində həbs olundu və üç aydır ki, Bakı Hərbi Məhkəməsində mühakimə olunur. O, məhkəmə qarşısında tək deyil, rəhbərlik etdiyi Baş İdarənin tabeliyində olmuş idarələrin vəzifəli şəxsləri - İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisi Vüsal Ələkbərov və Sahib Ələkbərovla birlikdə mühakimə olunur. Onlar əlbir olub, müxtəlif adamları həbslə hədələməklə, yaxud da saxta ittihamla həbsdə saxlamaqla, onlardan 14 milyon 292 min manat rüşvət almaqda, 5 milyon 77 min manat pullarını, eləcə də əmlaklarını ələ keçirməkdə ittiham olunurlar.

Bu dörd nəfərdən yalnız general həbsdədir. Digərləri haqqında istintaq və məhkəmə dövrü üçün başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. Amma keçmiş MTN-çilərin hədələyib, saxta ittihamla həbs edərək pullarını əldə keçirdikləri zərərçəkmişlər o biri üç nəfərin də həbsini tələb edirlər. Bu işdə 32 nəfər zərərçəkmiş və artıq dünyasını dəyişmiş 4 zərərçəkənin isə hüquqi varisi iştirak edir.

Bakı Hərbi Məhkəməsində bu işə baxan hakimlər nədənsə, MTN-çilərin işində baş verənləri gizli saxlamağa çalışır. Jurnalistlərin məhkəmə prosesində iştirakına qadağa qoyulub. Buna baxmayaraq, orada baş verənlər haqda məlumat əldə etmək mümkün olur.

MTN işində 32 zərərçəkmişdən biri də kafel-metlax, santexnika və digər tikinti materiallarının pərakəndə satışıyla məşğul olan “Santemax” MMC-nin təsisçisi Əhməd Mirzəyevdir. O bildirib ki, gürcü tələbə yoldaşının Gürcüstandan göndərdiyi hədiyyə onu MTN-çilərin hədəfinə çevirib. Ə.Mirzəyevi saxta ittihamla həbs edib, 500 min dollar pulunu aldıqdan sonra buraxıblar, lakin yenə ondan əl çəkməyiblər.

İş adamı məhkəmədə danışıb ki, 2010-cu il martın əvvəllərində tələbə yoldaşı Lento ona hədiyyə kimi qranit balta göndərib. Onunla birlikdə qızıldan keçi fiquru da göndərib və xahiş edib ki, bunu Zaur adlı başqa bir tanışına çatdırsın: 

“Martın 17-18-i olardı, günorta Lentonun dediyi adam zəng elədi, dedi ki, hədiyyələri gətirib. Sürücüm Arif gedib o adamdan həm baltanı, həm də keçi fiqurunu götürüb gətirdi. Zaura zəng elədim, ona göndərilən hədiyyənin məndə olduğunu dedim. Söhbət əsnasında xahiş elədim ki, baltanı da göstərərəm, qiymətini təxmini deyər. Belə şeylərdən başı çıxırdı. Sürücü onları götürüb, Zaurun evinə apardı. Arif iki-üç saat sonra zəng elədi ki, orada olanda Zaurun evinə MTN-nin Antiterror Mərkəzinin əməkdaşları basqın edərək evdə axtarış aparıblar. Ondan baltanı da alıblar. Arifin zəngindən təxminən 2-3 saat sonra Zaura zəng elədim, kafedə görüşdük. Zaur dedi ki, görünür, baltanın qiymətini təyin etməyə gələn adam MTN-in adamı imiş. Ertəsi gün səhər özünü MTN-nin Antiterror Mərkəzinin əməkdaşı Mamay Qulubəyov kimi təqdim edən şəxs zəng eləyib, məni MTN-ə çağırdı...”

Zərərçəkmişin sözlərinə görə, həmin gün izahatını alıb buraxsalar da, bir neçə gün sonra yenidən MTN-ə çağrılıb, onu Baş İstintaq İdarəsinin rəisinin kabinetinə aparıblar: 

“Mövlam Şıxəliyev Təhsin Ağayevi çağırdı, izahatımı almağımı tapşırdı. Danışıqlarından başa düşdüm ki, kafel-metlax işi ilə məşğul olduğumu bilirlər. Sonra Təhsin Ağayev məni otağına apardı, orada dedi ki, nazirin göstərişidir, 500 min verməlisən, yoxsa çıxa bilməyəcəksən. Bildirdim ki, bu qədər pulum yoxdur. Haqqımda qaçaqmalçılıq və başqa maddələrlə cinayət işi başlayıb, məhkəmədən həbs qərarı aldılar”.

Əhməd Mirzəyev danışır ki, həbsdə olduğu müddətdə MTN-in istintaq təcridxanasında saxlanılıb. Vaxtaşırı Təhsin Ağayev onu kabinetinə gətirdir, xəbərdarlıq edirdi ki, 500 min dolları verməsə, onu azı 8 il həbs cəzası gözləyir. Sahibkar çıxılmaz durumda qalaraq qarşı tərəfin təklifi ilə razılaşıb. Qardaşlarına xəbər göndərib ki, şirkəti girov qoyub, bankdan pul götürsünlər, əmlaklarını satsınlar və pulu düzəldib, onu buraxdırsınlar.

Həmin vaxt Əhməd Mirzəyevin özü ilə yanaşı, sürücüsünü də həbs ediblər:

“Almaniyada yaşayan qardaşım “Azəriqazbank”ın rəhbəri Çingiz Əsədullayevlə əlaqə saxlayıb, mənə məxsus “Santemax” MMC-ni girov qoydu, 250 min dollar kredit götürdü. Üstünü də düzəldib, 375 min manat pul hazırladı. O vaxt dollar 78 qəpik idi, bu məbləğ 500 min dollara yaxın idi. Gətirib verdilər. Mənə dedilər ki, pul çatıb, buraxılacaqsan. Formal əsas yaratmaq üçün MTN-ə həkim çağırdılar. Mənə dedilər ki, həkimə başım ağrıdığını, ürəyimdə problem olduğunu deyim, özümü pis hiss etməyim görüntüsünü yaradım. Həkim səhhətimdə problemlər olması barədə rəy verdi və məni ev dustaqlığına buraxdılar. Sürücümü buraxmaq üçün əlavə 100 min dollar istədilər, artıq pulum heç yox idi. Ona görə Arifi buraxmadılar. Onu məndən sonra da 8 ay saxladılar, yayın istisində 8 ay əziyyət verdilər...”

Həm Əhməd Mirzəyev, həm də sürücüsünün işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hazırda bu məhkəmənin sədr müavini olan Əfqan Hacıyevin icraatına verilib. “Hakim Əfqan Hacıyevlə xidmeti kabinetində görüşdüm. Hakim dedi ki, sənə şərti iş veriləcək, gərək bunun üçün 100 min manat pul verəsən. Dedim ki, bu qədər pulum yoxdur. Hakim əsəbiləşdi. Başladı ki, “MTN-ə verməyə pul tapırsız, məhkəməyə gələndə ağlayırsız”. Hakimlə razılaşdıq ki, ona 100 min dollar verəcəm, mənimlə bərabər sürücü Arifin də barəsində şərti cəza çıxaracaq, onu da məhkəmə zalından azad edəcək. Əfqan Hacıyevə pulu verəndə dedim ki, bizə bəraət ver, günahımız yoxdur, bizi şərləyiblər. Dedi ki, sizə heç bir halda bəraət verə bilmərəm, iş MTN-dən gəlib. Formal məhkəmə keçdi, sürücümə də, mənə də şərti cəza verildi. Sürücünü də məhkəmə zalından buraxdılar” – deyə Ə.Mirzəyev bildirib. 

Zərərçəkmiş qeyd edib ki, xərcləri bundan sonra da bitməyib. 2011-ci ilin avqust-sentyabr aylarında Mövlam Şıxəliyev ona zəng edərək, villasında tikinti işləri aparıldığını deyib, lazım olan materialları istəyib: Həbsdən təzə çıxmışdım, MTN-nin “xofu” çəkilib getməmişdi, Mövlam Şixəliyevin bu tapşırığına “yox” deyə bilməzdim. 2011-2014-cü illərdə Mövlam Şixəliyevin sürücüsü Əlizamin dəfələrlə gəlib, 26 min manatlıq keramika, kafel-metlax materiallarını pulsuz götürüb apardı...”

Zərərçəkən şirkətdən Şıxəliyevin sürücüsünə materiallar verildiyini təsdiqləyən qaimələri də işi araşdıran istintaqçılara və məhkəməyə təqdim edib. Əhməd Mirzəyev deyir ki, bu da son deyil, general ona 25 min dollara kostyum da aldırıb: 

“Mövlam Şıxəliyevdən yenə zəng gəldi, bu dəfə dedi ki, ad günümdür, mənə “Stefano Ricci”dən kostyum al. Razılaşmaqdan başqa yolum yox idi. Dedi ki, kostyumu özüm gedib seçib götürəcəm, pulunu sən verərsən. 2-3 gün sonra mənə kostyum satılan mağazadan zəng elədilər, dedilər ki, kostyum alınıb, pul ödənişi üçün sizin nömrəni veriblər. Kostyumun qiymətini soruşdum, cavabında zəng edən satıcı “25 min dollar” dedi. Özümü itirdim ki, bu qiymətə kostyum olar?!”

Məhkəmə zamanı ifadənin bu yerində Mövlam Şıxəliyev yerindən qışqırıb ki, Əhməd Mirzəyev yalan danışır. O isə “haramın olsun” cavabını verib və beləliklə, tərəflər arasında mübahisə yaranıb. Hakim onları sakitləşdirib. “Mağazaya getdim, özümlə 20 min manat götürdüm. O vaxt 20 min manat 25 min dollar eləyirdi. Orada hətta şübhələndim ki, bəlkə də kostyum bəhanədir, məndən 25 min dolları almaq üçün bunu uydurublar. Amma istənilən halda, başqa çarəm yox idi. Pulu ödəyib, mağazadan çıxdım”, - deyə zərərçəkmiş söyləyib. O, ifadəsinin sonunda ondan alınan pulları geri tələb edib.

*

Xatırlatma: Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, bir sıra sahibkarlar da var.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi, o cümlədən 5 general cinayət məsuliyyətinə cəlb olunub. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb. Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

Gülər